Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafında yeni mərhələ - TƏHLİL
PREZİDENT İLHAM ƏLİYEV: "Əminik ki, qardaş özbək xalqının ardıcıl inkişafı davam edəcək"
ÖZBƏKİSTAN PREZİDENTİ ŞAVKAT MİRZİYOYEV: "Azərbaycan bizim üçün yaxın dost və zamanın sınağından çıxmış etibarlı strateji tərəfdaşdır"
Bəli, bu gün 2020-ci ildə Vətən müharibəsində Azərbaycanın öz ərazilərini erməni işğalından azad etməsindən sonra ölkəmizin regionda və dünyada nüfuzu durmadan artır. Azərbaycan regionda söz sahibinə çevrilib və Cənubi Qafqazda vəziyyətə özü diktə edir. Təsadüfi deyil ki, bölgədə sülhün bərpası prosesində Azərbaycanın irəli sürdüyü təkliflər və təşəbbüslər istər region ölkələri, istərsə də dünyanın supergüc dövlətləri və beynəlxalq təşkilatları tərəfindən qəbul edilməkdədir. Bu isə Azərbaycanın müxtəlif ölkələrlə əlaqələrinə də müsbət təsirini göstərir.
AZƏRBAYCAN-ÖZBƏKİSTAN LİDERLƏRİNİN MÜTƏMADİ ƏLAQƏLƏRİ ZAMANIN SINAĞINDAN ÇIXAN DOST VƏ QARDAŞLIĞIN GÖSTƏRİCİSİDİR
Azərbaycan Prezidentinin Mətbuat Xidmətinə istinadən Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Telefon söhbəti əsnasında iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın gələcək inkişafı və strateji tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsi məsələləri müzakirə olunub. Bu ilin iyun ayında ali səviyyəli görüşlərin yekunlarına əsasən əldə olunmuş razılaşmaların reallaşmasında nəzərəçarpacaq tərəqqi məmnunluqla qeyd edilib.
Avqustun əvvəlində Hökumətlərarası Birgə Komissiyanın növbəti iclasının, Özbəkistan, Azərbaycan və Türkiyənin xarici işlər, ticarət və nəqliyyat nazirlərinin birinci görüşünün səmərəli olduğu vurğulanıb. Bildirilib ki, cari ildə qarşılıqlı əmtəə dövriyyəsi 70 faiz artıb, kənd təsərrüfatı, ipəkçilik və toxuculuq sənayesi, maşınqayırma, kimya və digər sahələrdə birgə kooperasiya layihələrinin həyata keçirilməsinə başlanılıb. Qeyd edilib ki, Özbəkistan-Azərbaycan investisiya fondunun tezliklə fəaliyyətə başlaması üzrə iş aparılır və mədəni-humanitar mübadilə genişlənir.
Dövlət başçıları praktiki qarşılıqlı fəaliyyətin daha da genişləndirilməsinə tərəfdar olduqlarını bildiriblər. Bu baxımdan cari ilin payızında Regionların Forumunu və iki ölkənin sənaye potensialı sərgisini keçirməyin vacibliyi qeyd edilib.
Özbəkistan və Azərbaycan prezidentlərinin ənənəvi açıq, səmimi və dostluq şəraitində keçən tlefon söhbəti zamanı regional gündəliyə dair fikir mübadiləsi də aparılıb. Qarşıdakı çoxtərəfli görüşlərin, o cümlədən Şanxay Əməkdaşlıq Təşkilatının və Türk Dövlətləri Təşkilatının Səmərqənddə baş tutacaq zirvə görüşlərinin qrafiki və gündəliyi nəzərdən keçirilib.
Göründüyü kimi, səmimi və dostluq şəraitində keçən telefon söhbəti bir daha Azərbaycan və Özbəkistan xalqlarını yaxın milli adət və ənənələr, ümumi dil qrupu, mədəniyyət və din birləşdirdiyini təsdiqləyir.
AZƏRBAYCAN-ÖZBƏKİSTAN ARASINDA İKİTƏRƏFLİ MÜNASİBƏTLƏRİN İNKİŞAFINDA DÖVLƏT BAŞÇILARININ QARŞILIQLI SƏFƏRLƏRİ...
Azərbaycanla Özbəkistan arasında ikitərəfli münasibətlərin inkişafında dövlət başçılarının qarşılıqlı səfərləri xüsusilə böyük əhəmiyyətə malikdir. Bu baxımdan, Özbəkistanın mərhum Prezidenti İslam Kərimovun 1996-cı il mayın 26-27-də Azərbaycana ilk rəsmi səfəri xüsusi qeyd olunmalıdır. Qarşılıqlı anlaşma və dostluq şəraitində keçən səfər zamanı iki ölkə arasında 18 sazişdən ibarət xüsusi sənədlər paketi, o cümlədən "Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında müqavilə" imzalanıb. 1996-cı il oktyabrın 21-22-də Azərbaycan Prezidenti Heydər Əliyev Türkdilli Dövlət Başçılarının IV Sammitində və görkəmli dövlət xadimi Əmir Teymurun 660 illik yubiley mərasimində iştirak etmək üçün Daşkənddə səfərdə olub. 1997-ci il iyunun 18-19-da ulu öndər Heydər Əliyevin Özbəkistana rəsmi səfərini isə münasibətlərin inkişafında yeni mərhələ kimi səciyyələndirmək olar. Həmin səfər zamanı Daşkənddə ölkələrimiz arasında 19 sənəd imzalanıb. Bu sənədlər içərisində “Azərbaycanla Özbəkistan arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi, dostluq və tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsi haqqında müqavilə” böyük əhəmiyyət kəsb edir. Bu sənədlər iki ölkə arasında uğurlu əməkdaşlıq üçün möhkəm fundamental hüquq-müqavilə bazası yaradıb.
2004-cü il martın 23-24-də Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistanda dövlət səfərində olub. Səfər zamanı “Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi haqqında Bəyannamə” imzalanıb. Strateji münasibətlərin əsasını qoyan həmin sənəddə bildirilir ki, tərəflər keçmiş Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinə və BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin və ATƏT-in qərarlarının yerinə yetirilməsinə qəti şəkildə dəstək verdiklərini ifadə edirlər.
Vurğulamaq lazımdır ki, rəsmi Daşkənd artıq tarixin arxivinə göndərilmiş Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini hər zaman dəstəkləyib. BMT Baş Assambleyasında 14 mart 2008-ci il tarixində səsverməyə çıxarılmış “Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət” adlı qətnaməyə Özbəkistan lehinə səs vermiş yeganə Mərkəzi Asiya ölkəsi olub. Azərbaycan Prezidentinin və Özbəkistan Prezidentinin 2010-cu il sentyabrın 27-də Daşkənd şəhərində imzalanmış Birgə Bəyannaməsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn ümumtanınmış prinsip və normalarına uyğun olaraq, ilk öncə Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığına riayət olunması və təmin edilməsi, habelə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və ATƏT-in qərarları əsasında tezliklə həll olunmasının zərurəti öz əksini tapmışdır. Özbəkistan tərəfi, Müstəqil Dövlətlər Birliyinin sədri kimi dostluq, mehriban qonşuluq və qarşılıqlı etimad münasibətlərinin möhkəmləndirilməsinin, MDB məkanındakı mübahisələrin beynəlxalq hüququn normalarına uyğun olaraq sülh yolu ilə həll olunmasının vacibliyini bir daha təsdiqləyir. 2021-ci il martın 31-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında keçirilmiş qeyri-formal Zirvə görüşündə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanı Qarabağın qaytarılması və tarixi ədalətin bərpa olunması münasibətilə təbrik edib. Həmin ilin noyabrında İstanbulda keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə isə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Özbəkistanın vəsaiti hesabına Füzulidə böyük məktəb inşa ediləcəyini bildirib. 3 hektar ərazidə 960 yerlik məktəb tikintisi üçün ərazi artıq müəyyənləşdirilmiş və ilkin işlərə başlanılıb. Bu, Azərbaycanla Özbəkistan arasında dostluğun, əsl qardaşlığın rəmzidir. Özbəkistan Prezidenti Füzulidə böyük məktəb inşa ediləcəyini bildirməklə işğaldan azad olunmuş Azərbaycan torpaqlarında bərpa və quruculuq prosesinə əməli dəstəyini ifadə edib. Aydındır ki, Azərbaycanın gücü də, imkanları da kifayətdir ki, bütün işləri özü reallaşdırsın, lakin Özbəkistan Prezidenti bu nəcib və mərd addımı ilə bir daha iradə nümayiş etdirərək Azərbaycan xalqının yanında olduğunu göstərdi.
Pandemiyadan sonra Azərbaycan Prezidentinin ilk rəsmi səfərini məhz Özbəkistana etməsi təkcə iki ölkə rəhbərinin niyyətlərinin sübutu deyil, həm də xalqlarımızın qardaşlıq, dostluq münasibətlərinin möhkəm təməlinin təsdiqidir və iki ölkə arasında münasibətlərin gələcək hərtərəfli inkişafının əsasını qoyur. Ölkələr arasında bütün mühüm sahələri əhatə edən 20-yə yaxın sənədin imzalanması, əlaqələrin inkişafını çox illər əvvəlcədən müəyyən edən birgə Bəyannamənin qəbul edilməsi bunu aydın nümayiş etdirir. Azərbaycanla Özbəkistan arasında Strateji tərəfdaşlığın və qarşılıqlı fəaliyyətin genişləndirilməsi haqqında siyasi Bəyannamə qlobal xarakter daşıyır, ikitərəfli münasibətləri keyfiyyətcə yeni səviyyəyə çatdırır və mahiyyət etibarilə gələcək fəaliyyətin yol xəritəsidir. Səfər zamanı imzalanmış sənədlər Azərbaycan ilə Özbəkistan arasında strateji tərəfdaşlığı keyfiyyətcə yeni mərhələyə yüksəldib.
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri ümummilli lider Heydər Əliyevin Özbəkistana səfərinin 25 illiyinə təsadüf edir. İki qardaş ölkə arasında əlaqələrin genişlənməsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin də müstəsna xidmətləri olub. Qədirbilən özbək xalqı da bunu heç zaman unutmur. Azərbaycan Prezidentinin Özbəkistana səfəri çərçivəsində Daşkəndin mərkəzində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş guşənin yaradılması Ulu Öndərin xatirəsinə dərin ehtiramın, bütün Azərbaycan xalqına həqiqi qardaşlıq münasibətinin ifadəsidir.
PREZİDENT İLHAM ƏLİYEV ÖZBƏKİSTANA SƏFƏRİNİ SIÇRAYIŞ XARAKTERLİ SƏFƏR ADLANDIRIB
"Mənim Özbəkistana səfərim çox əlamətdar hadisədən – Daşkəndin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsinin, onun adını daşıyan meydanın və gözəl parkın açılışından başlandı. Şavkat Miromonoviç, mən Sizə atamın xatirəsinə belə münasibətə görə Azərbaycan Prezidenti kimi, Heydər Əliyevin oğlu kimi öz adımdan və bütün Azərbaycan xalqı adından təşəkkürümü bildirirəm. Biz bunu çox yüksək dəyərləndiririk".
Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Daşkənddə mətbuata bəyanatında bildirib. Özbəkistanda Heydər Əliyevin xatirəsinin sevgi və hörmətlə yad edildiyini vurğulayan dövlətimizin başçısı deyib: “Mən atamın işinin davamçısı kimi, Azərbaycan Prezidenti kimi öz fəaliyyətimdə bizim ikitərəfli münasibətlərə daim xüsusi diqqət ayırıram. Bugünkü dövlət səfəri bunun əyani təsdiqidir”.
Bəli, Prezident İlham Əliyev Özbəkistana səfərini həqiqətən sıçrayış xarakterli səfər adlandıraraq qeyd edib ki, müzakirə olunan mövzuların həm mahiyyətinə, həm formasına, həm məzmununa, bizim gəldiyimiz qərarlara əsasən bu səfər və razılaşmalar münasibətlərimizin gələcək inkişafı üçün əsas olacaq.
Bir sözlə, Prezident İlham Əliyevin Özbəkistana səfəri, Prezident Şavkat Mirziyoyevlə görüş, imzalanan sənədlər və liderlərin səsləndirdiyi fikirlər iki ölkə münasibətlərində dərin əməkdaşlığa əsaslanan yeni mərhələnin əsasının qoyulduğunu deməyə əsas verir. Dövlət başçımızın dediyi kimi: "Biz dostlar kimi, qardaşlar kimi Sizin uğurlarınıza sevinirik. Əminik ki, qardaş özbək xalqının ardıcıl inkişafı davam edəcək".
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB