Gallup International təşkilatının iyul-avqust aylarında keçirdiyi sorğuların nəticələri Ermənistan cəmiyyətinin, bu ölkənin ictimai fikrinin nə yerdə, necə olduğunu ortaya qoydu. Sorğunun nəticələri göstərdi ki, ermənilər nə iqtidardan, nə də müxalifətdən razı deyillər, əksinə, narazıdırlar. Belə olan halda, ötən il Ermənistanda keçirilən seçkilərin nəticələri belə sual doğurur və ermənilərin səsləri belə təəccüblüdür. İndi erməni cəmiyyətinin artıq özünün belə özündən bezdiyi müşahidə edilir.
Hal-hazırda seçkilər keçirilsə, erməni cəmiyyətinin kimə necə səs verəcəyi dəqiq bəlli olmasa belə, istər Paşinyana, istərsə də onunla müxalifətdə olanlara çox az sayda səs veriləcəyi bir reallıqdır. Bu reallıq qeyd olunduğu kimi, Gallup International təşkilatının sorğusunun nəticələrindən ortaya çıxır. Artıq görünür ki, potensial seçicilərin hər iki siyasi qüvvəyə rəğbəti azalıb. Apreldə dərc olunmuş sorğulara əsasən, respondentlərin 20,4%-i hakimiyyətə səs verməyə hazır idi, indi isə bu rəqəm 16,1%-ə qədər azalıb. Keçirilən sorğuların nəticələrinə görə, respondentlərin 8,3 faizinin “Ermənistan” blokuna səs verəcəyi gözlənildiyi halda indi bu rəqəm, yuxarıda qeyd edildiyi kimi, azalaraq cəmi 5,1% təşkil edir.
Sorğulara görə, respondentlərin 32,8 faizi seçkilərdə səsvermədə iştirak etməyəcəyini bildirib. Onlardan 12,1% -i cavab verməkdən belə imtina edib, 15,6%-i cavab verməkdə çətinlik çəkib. Belə görünür ki, seçkilər yaxın gələcəkdə keçirilsəydi, sorğulara görə, yalnız yuxarıdakı iki qüvvənin parlamentə düşmək şansı var idi, qalan partiyalar baryeri qəti şəkildə aşa bilməz. Məsələn, üçüncü prezidentin rəhbərlik etdiyi “Mənim şərəfim var” bloku cəmi 2,7% səs toplayıb. Bu rəqəm ona olan etibarın demək olar ki, yox olduğunu təsdiqləyir. Ümumiyyətlə, erməni cəmiyyətinin bütün siyasi qüvvələrə etibarının qalmadığı günün reallığıdır və nəinki siyasi qüvvələrdən, bu cəmiyyətin özündən belə bezdiyi özünü dərhal, kəskin şəkildə büruzə verir.
İlk növbədə, hakimiyyətdən başlasaq görərik ki, vəziyyət hansı haldadır. Hakim elitaya ictimai inamın, etibarın və reytinqin aşağı düşməsi asanlıqla izah olunur.
Ermənistanda həyatın yaxşılaşdırılması ilə bağlı bütün vədlərə və hətta bu ölkədə guya sosial-iqtisadi fonun yaxşılaşdığı və ÜDM-in artdığı barədə bəyanatlara baxmayaraq, reallıqda hər şey ermənilər üçün sevindirici deyil. Əksinə, daha da acınacaqlı olaraq qalmaqdadır. Hətta Ermənistan vətəndaşları üçün bir qədər də vəziyyət çətinləşib. Ərzaq və gündəlik tələbat mallarının demək olar ki, hər gün bahalaşdığı da daha acınacaqlı vəziyyət yaradıb. Bu ölkədə ərzaq mallarını almaq belə vətəndaşlar üçün çətinləşib. Ona görə ki, əhalinin böyük təbəqəsi üçün əlçatmaz hala gələn işsizlik və inflyasiyanın artması kimi bir problemləri var. Vəziyyətin günü-gündən pisləşməsini hər bir Ermənistan vətəndaşı hiss etməkdədir. Maaşlar və pensiyalar guya ki, artırılır, amma qondarma artımları heç cür bahalaşma ilə ayaqlaşa bilmir.
Əgər bir ölkənin, ələlxüsus Ermənistan kimi səfalət içərisində olan bir ölkənin iqtisadiyyatı pis vəziyyətdədirsə, bu vəziyyət hələ günü-gündən də pisləşirsə, əhalisinin vəziyyətinin yaxşılaşacağı barədə hansısa fikir, proqnoz belə söyləmək yanlışlıqdır. Halbuki, bu ölkə haklimiyyəti bu acınacaqlı vəziyyətin fonunda utanmadan yaxşı vəziyyət olacağı barədə vədlər verirdi və bu vədlərin yalan olduğunu hər bir erməni yaxşı bilir. Məhz buna görə də Ermənistan cəmiyyəti heç bir siyasi qüvvəyə, heç kimə inanmır, etibar etmir. Ermənilər artıq tamam beziblər və özlərini aldanmış hesab edirlər.
Ermənistanda insanlar hər şeyə dözməkdən yorulublar. Hər dəfə verilən vədlər reallığı əks etdirmir. Hər bir hakimiyyət qüvvələri ancaq sözlə Ermənistan vətəndaşlarını doydurublar və əslində, bu ölkə vətəndaşlarının ehtiyacları qarşılanmayıb. Səfalət içərisində olan ermənilərin bundan sonra belə kimə isə etibar edəcəkləri inandırıcı deyil, çünki yetərincə aldadılıblar və bundan sonra da aldadılmayacaqlarına zərrə qədər ümidləri yoxdur. Təsadüfi deyil ki, ermənilər artıq çoxdandır ki, ölkələrini tərk edir, başqa bir ölkəyə köçərək dolanışıqlarını, yaşayışlarını təmin etmək üçün vətən dedikləri yerlərə bir də qayıtmaq istəmirlər. Əbəs yerə deyil ki, erməni əhalinin Ermənistanı tərk etməsi bu ölkədə həyəcan təbilinə səbəb olub. Müvafiq qurumlardan tutmuş, ayrı-ayrı politoloqlara, sosioloqlara qədər bu vəziyyətin gələcəkdə daha kritik olacağını hələ də proqnozlaşdırırlar.
Laçın köç də öz növbəsində ölkədə problemin üstünə problem gətirib. Laçından və ətrafından köç edən ermənilər İrəvana üz tutublar. Nəzərə almaq lazımdır ki, onlar da öz problemləri ilə Ermənistana köçüblər. Bu problemlər sırasında işsizlik, dolanışıq, minimum yaşayış normativlərinin ödənilməsi və sair daxildir, amma görək Ermənistan bunun öhdəsindən gəlmək iqtidarındadırmı? Xeyr, bunun öhdəsindən gəlmək Ermənistana görə deyil və buna inam heç kimdə də ola bilməz. Ona görə ki, köç edənlər öz gözləri ilə görürlər ki, onsuz da Ermənistanda yaşayanların özlərinin belə işsizlik, dolanışıq kimi sıxıntıları kifayət qədərdir. Üstəlik, bir də köç edənlərin Ermənistana doluşması vəziyyəti xeyli dərəcədə çətinləşdirib də. Bir sözlə, köç edənlərin Ermənistana doluşması bu ölkə vətəndaşlarının heç ürəyincə deyil və bundan çox narahatdırlar. Yəni ermənilər nəinki indiki hakimiyyətdən, müxalifətdən, hətta köç edənlərdən, özlərindən belə beziblər.
İşğalçılıq siyasəti yürüdən ölkənin hakimiyyəti müharibədən qorxur, başa düşür ki, daha böyük məhvolma təhlükəsi burunlarının ucundadır və əgər razılaşmalara əməl edilməsə daha acı həqiqət, reallıqla qarşılaşmalı olacaqlar. Bunun isə öhdəsindən gəlinəcək nə güc, qüvvə, nə də iqtisadi potensial var. Əksinə, Ermənistan gündən günə borclanmasını artırır, əvəzində bütün dövlətlər, beynəlxalq təşkilatlar arasında etibarını, olmayan nüfuzunu bir az da itirir. Bunu görən Ermənistan vətəndaşları necə bezməyə bilərlər? Ermənistan vətəndaşı ölkəsinin inkişafını müşahidə edə bilmirsə, gələcəyini görmürsə, yalnız minimum yaşayış normativlərini belə qarşılaya bilmirlərsə, niyə də ölkəni tərk etməməlidirlər?
Ermənistan müxalifəti də tamamilə nəzərdən düşüb. Müxalifəti, onun dediklərini hesaba alan demək olar ki, yoxdur. Bütün erməniləri məyus edən müharibənin nəticələrindən sarsılan və ilk aylardan da ümidsizliyə qapılan müxalifət ayağa qalxaraq indiki hakimiyyəti devirməyə cəhd etdi. Hətta hərbçilərin bir hissəsi andını dəyişərək müxalifətin tərəfinə keçdi. Ancaq nə hakimiyyətdən üz döndərən generallar, nə diaspora və nə də Rusiyanın dəstəyi Paşinyanın rəqiblərinə öz gücünü göstərə bilmədi. Ermənistan müxalifəti cəmiyyətin əksəriyyətini öz bayrağı altında toplaya bilmədi. Sözügedən sorğunun göstərdiyi də budur və sorğunun nəticələri təsdiq edir ki, müxalifəti getdikcə daha az vətəndaş dəstəkləyir. Bir sözlə, Ermənistan vətəndaşları müxalifətdən də bezib. Sarkisyanın bloku da ümumiyyətlə heç kim tərəfindən nəzərə alınmır. Köçəryan və onun Daşnaksütyundakı müttəfiqləri isə seçkilər keçirilsə 5%-lik baryeri belə keçə bilməzlər, yaxud keçsələr də bunu çətinliklə keçə bilərlər. Çünki Ermənistan vətəndaşları Köçəryanın hakimiyyətinin “cazibəsini” unutmayıblar. Təbii ki, onun bu illər ərzində dəyişdiyinə inanacaq dərəcədə də sadəlövh deyillər. Gallup International-ın son sorğusunun nəticələri göstərdiyi kimi, insanlar yavaş-yavaş aydın görməyə başlayırlar və bilirlər ki, o da öz xalqına xor baxır. Bu reallığı görmək üçün çox araşdırmaya belə ehtiyac yoxdur və adi gözlə görünür.
Görünən odur ki, müxalifət Paşinyanla mübarizədə məğlubiyyətini artıq qəbul da edir, etiraf da. Bu barədə Ermənistan fraksiyasının deputatı, Müqavimət hərəkatının koordinatoru İşxan Saqatelyan telekanallara müsahibələrində də bildirib. Saqatelyanın sözlərinə görə, Nikolun sülh proqramı müxalifətin təqdim etdiyi mübarizə proqramından daha çox insanı cəlb edib. Maraqlıdır, Saqatelyanın təəccüblənməsi üçün burada nə var? İnsanlar görmürlərmi ki, normal həyata uyğun mübarizə proqramı hazırlayıb cəmiyyətə təqdim etməyiblər? Görmürlərmi ki, müxalifətin də arzuladığı hakimiyyəti ələ keçirməkdir və bu arzuları ölkədə vətəndaş müharibəsinə səbəb olur? Elə buna görə də onların sözləri erməni cəmiyyətində maraq doğurmayan boş söhbətlər kimi qəbul edilir. Ümumiyyətlə, Ermənistanda həm iqtidar, həm də müxalifət “Gallup İnternational” sorğusunun nəticələrini diqqətlə təhlil etməlidir ki, ölkədə vəziyyəti görsünlər. Təhlil etsələr də, təbii ki, görəcəklər ki, ermənilər nəinki onlardan, hətta özlərindən də beziblər. Çünki özləri də seçimlərində yanılıblar və bu yanlışlıqları onları uçurumdan-uçuruma sürükləyib və bunun acısını dadmaqdadırlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB