Ermənilər üçün təhlükəli ssenari POLİTOLOQ AÇIQLADI

Ermənilər üçün təhlükəli ssenari POLİTOLOQ AÇIQLADI

"Ermənistan, Azərbaycan və Rusiya liderlərinin növbəti üçtərəfli görüşünün keçirməsi ilə bağlı fikirlər hələ may ayının 22-də Brüsseldə Şarl Mişelin təşəbbüsü ilə Ermənistan və Azərbaycan liderlərinin görüşünün keçirilməsindən sonra gündəmə gəldi". Bu sözləri SİA-ya açıqlamasında politoloq Anar Əliyev deyib.

Politoloq Anar Əliyevin sözlərinə görə, qısa müddət ərzində Rusiya vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında görüşün keçirilməsi təşkil ediləcək: "Görüşdə Brüssel görüşündən fərqli olaraq daha irəli addımların atılması, xüsusilə də Ermənistan tərəfindən 10 noyabr bəyanatının tələblərinin yerinə yetirilməsi ilə bağlı bir sıra ciddi öhdəliklərin götürülməsi planlaşdırılır. Xatırlayırıqsa, Azərbaycan Pezidenti İlham Əliyev də bir neçə dəfə Ermənistan tərəfinin 10 noyabr bəyanatının tələbindən irəli gələrək qanunsuz erməni silahlı birləşmələrinin Azərbaycan ərazisindən çıxarılması ilə bağlı öhdəlik götürülməsi haqqında fikir bildirmişdi. Bu razılaşmaya əsasən, Ermənistan tezliklə Azərbaycanın Qarabağ bölgəsində silahlı birləşmələrini çıxarmalı və 10 noyabr bəyanatının 4-cü bəndi tam olaraq icra edilməli idi. Amma ötən müddət ərzində Ermənistan bu öhdəliyi də yerinə yetirmədi. Avqust ayının əvvəllərində Azərbaycana qarşı erməni silahlı birləşmələri tərəfindən qanunsuz törədilən təxribatlar nəticəsində bir Azərbaycan əsgəri şəhid edildi. Bunun cavabı olaraq "Qisas" hərbi əməliyyatı həyata keçirildi. "Qisas" hərbi əməliyyatından sonra Ermənistan və Azərbaycan liderləri arasında görüşün keçirilməsi ilə bağlı proses sual altında qaldı.
Azərbaycan Prezidentinin də dəfələrlə bəyan etdiyi kimi, Ermənistan tərəfi üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir və görüş xatirinə görüşməyə ehtiyac yoxdur. Bu günə qədər Ermənistan üzərinə qoyulan öhdəlikləri yerinə yetirərsə, Cənubi Qafqazda sülh prosesinin təmin edilməsi ilə bağlı ciddi irəliləyiş əldə olunardı. Gözlənilən görüş bir qədər uzanmış oldu. Ötən ilin dekabrından başlayaraq həm aprelin əvvəllərində, həm də may ayında Brüsseldə Avropa İttifaqının prezidenti Şarl Mişelin təşəbbüsü ilə keçirilən Üçtərəfli görüşlərdən sonra Rusiyanın təşəbbüsü ilə yeni görüşün keçirilməsi və görüş zamanı daha ciddi praktiki nəticələrin olması gözlənilən idi. Tbilisidə xarici işlər nazirləri səviyyəsində ilk dəfə təkbətək görüş keçirildi. Bu, tərəflər arasında sülh müqaviləsinin imzalanması istiqamətində irəliliyə doğru çox ciddi bir addım idi. Eyni zamanda, Rusiyada iyun ayı ərzində Moskvada baş nazirlərin müavinləri səviyyəsində işçi qrupun növbəti iclasının keçirilməsi və bu iclas zamanı liderlərin görüşü üçün gündəliyin müəyyən edilməsi Ermənistan və Azərbaycan arasında əlaqələrin inkişaf etdirilməsi və münasibətlərin tənzimlənməsinə doğru ümidlər doğururdu. Ermənistan tərəfinin qısa müddət ərzində 10 noyabr bəyanatının tələbindən irəli gələrək Laçın dəhlizinə alternativ olaraq çəkilən yola sülhməramlı qüvvələrin dislokasiya edilməsi və paralel şəkildə Laçın şəhəri Sus və Zabux kəndlərindən ermənilərin çıxmaları və həmin ərazilərin Azərbaycan silahlı qüvvələrinin nəzarətinə keçməsi Ermənistan və Azərbaycan liderləri arasında növbəti görüşü müəyyən qədər aktuallaşdırmış oldu. Yaxın vaxtlarda Rusiyanın təşəbbüsü ilə Ermənistan və Azərbaycan liderləri arasında növbəti görüşdə müəyyən irəliləyişlərin əldə olunması ilə nəticələnəcək. Rusiya və Ukrayna müharibəsi fonunda Rusiyaya qarşı ciddi bloka çevrilən kollektiv qərb artıq bir çox ərazilərdən eləcə də Cənubi Qafqazdan Rusiyanın çıxarılmasına və proseslərdə aparıcı rolun əlindən alınmasına çalışır. Bu hadisələrin gedişatı fonunda Rusiya tərəfinin təşəbbüsü yenidən ələ keçirib proseslərə nəzarət etmə imkanlarını qoruyub saxlamasını nümayiş etdirmək zərurəti yaranıb. Belə görüşün keçirilməsi Ermənistan və Azərbaycan arasında münasibətlərin tənzimlənməsinə, xüsusən, sərhədlərin delimitasiyası ilə məşğul olacaq işçi komissiyanın fəaliyyətinin aktivləşdirilməsi, eyni zamanda, nəqliyyat kommunikasiya əlaqələrinin açılması, xüsusən, Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsi ilə bağlı real addımların atılması məsələsinin müzakirə edilməsi, sülh müqaviləsinin imzalanması ilə bağlı işçi komissiyasının fəaliyyətinin daha da genişləndirilməsilə bağlı addımların atılması ilə bağlı müzakirələr və yekun qərar qəbul edilə bilər. Rusiyanın təşəbbüsü ilə liderlər arasındakı görüş ciddi real nəticələrlə yadda qalacaq. Xüsusən, Azərbaycanın həyata keçirdiyi düşməni sülhə və öhdəlikləri yerinə yetirməyə məcburetmə əməliyyatlarından sonra Ermənistan üçün proseslərə yenidən reallıqlar prizmasından baxmaq zərurəti formalaşıb. Məhz bu zərurət Ermənistanın proseslərə daha adekvat reaksiya verməsi Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq , Cənubi Qafqazda sülhün davamlılığın təmin olunmasına xidmət edəcəyi addımlardan kənara çıxmamağı diktə edir. Ermənistan rəhbərliyi də bunu açıq-aydın dərk edib. Əks təqdirdə, ermənilər üçün təhlükəli ssenariyə gətirib çıxara bilər".

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə