"Ermənistan bunu artıq həzm etməlidir" - DEPUTAT İZAH ETDİ

"Ermənistan bunu artıq həzm etməlidir" - DEPUTAT İZAH ETDİ

"İkinci Vətən müharibəsindən sonra Azərbaycan özünün sərhəd bütövlüyünü təmin edib. Yalnız 10 noyabr kapitulyasiya aktının şərtlərinə müvafiq olaraq Qarabağ iqtisadi rayonun bir qismi hələlik müvəqqəti yerləşdirilmiş sülhməramlıların nəzarətindədir". Bu sözləri SİA-ya açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.

Onun sözlərinə görə, hazırda kapitulyasiya aktının şərtlərinə müvafiq yeni yolun salınması ilə sülhməramlıların dislokasiyasında dəyişiklik aparılır: "Artıq Laçın dəhlizindəki sülhməramlılar postları, kazarmaları sökərək yeni istiqamətə köçürməkdədirlər. Eyni zamanda da ay sonunadək Laçın, Suz və Zabux hərbi cinayətin birgə iştirakçıları olan qanunsuz miqrantlardan təmizlənir, daha doğrusu onların çıxması üçün imkan və şans yaradılıb. Vəziyyətlə bağlı da mütəmadi olaraq dövlət orqanları məlumatlar yayır. Orada proseslərin başqa məcrada inkişafı üçün şərait yoxdur. Başqa məcra yalnız silahlı məcburetmə, yaxud cəza tədbiri ola bilər ki, döyüş şəraitinə nəzarət edən qalib ölkə ilə yenidən üz-üzə gəlmək İrəvan üçün məhv deməkdir.

Cənab İlham Əliyevin bir Ali Baş Komandan kimi böyüklüyü ondadır ki, yalnız işğala və təcavüzə son qoymaqla kifayətlənmədi, həm də əsgərimizi təcavüzkarın mövcud ola biləcəyi hər istiqamətdə strateji nəzarəti həyata keçirə biləcək mövqelərə yerləşdirdi. Bu proses həm İkinci Vətən müharibəsində, həm sonrakı dövrlərdə, həm Fərruxda, həm də bu ilin avqust ayının əvvəllərində Qisas cəza tədbirinin yekunları olaraq davam etdi. Nəticədə Laçın özü də daxil olmaqla, bütövlükdə Qarabağ və Şərqi Zəngəzurda, o cümlədən, sərhədlərimiz boyunca, Qərbi Zəngəzur və Göyçədə əməliyyat şəraitinə tam olaraq Azərbaycan Ordusu nəzarət edir. Bunu Ermənistan rəhbərliyi və ordu qalıqlarının komandanlığı gözəl bilir. İndi də yaxşı olar ki, bütövlükdə Ermənistan ictimaiyyəti və xüsusən revanşistlər bu vəziyyəti artıq həzm etsin, əks halda növbəti cəza tədbiri zəruri olacaq".

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə