“Belə insanlar pula, mala, mülkə görə hər əmələ əl atarlar” AÇIQLAMA
“Nə qədər paradoksal səslənsə də, mən bunu təbii qəbul edirəm. Heç görümüsünüz meyvəsiz ağaca daş atsınlar? Azərbaycan bu gün dünyanın ən sürətlə inkişaf edən ölkələri sırasındadır”. Bunu Azadlıq Hərəkatçıları Birliyinin sədri Təhmasib Novruzov “Səs” qəzetinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, müstəqil ölkəmiz həm ölkə daxili, həm də beynəlxalq aləmdə ilbəil yeni-yeni nailiyyətlər əldə edir: “Heç şübhəsiz, bu nailiyyətlərimizdən sevinən dostlarımız olduğu kimi, bundan narahat olan düşmənlərimiz və ya özünü dost kimi təqdim edən niqablı “tərəfdaşlarımız” da var. İkincilər və üçüncülər bu inkişafı görür və həzm edə bilmir, mane olmaq üçün yollar axtarır. Ən optimal yol isə sapı özümüzdən olan baltalardan istifadə olunmasıdır. Beləcə dünyanın bütün anti-Azərbaycan qüvvələri, başda erməni lobbisi olmaqla içimizdəki haram süd əmmişlərdən yararlanırlar, pul, maliyyə hesabına onları qışqırdırlar. Azərbaycanda yaşayıb özünü siyasi müxalifət adlandıran bəzi üzdəniraq siyasət dəllallarına da puldan pay ayırıb deyirlər ki, onlara dəstək versinlər. Tək bircə fakt söyləyəcəm. Sevinc Osmanqızı deyilən bir bloger Amerikada oturub deyir ki, kaş bizim də Paşinyan kimi liderimiz olaydı! Nə qədər gülünc, eyni zamanda, nə qədər ikrah doğuran mövqedir, şərhə də ehtiyac yoxdur. Belə "vətən sevdalı"lar hələ də məğlub, kapitulyant düşmən lideri öz qalib, dünya siyasətində nüfuz qazanan liderindən üstün görə bilirsə, demək onda nə milli qan var, nə milli düşüncə. Milli qanı, milli düşüncəsi olmayan məxluqdan isə nə desən gözləmək olar. Belələri pula, mala, mülkə millətini də satar, ailəsinin namusunu da. Məncə, ölkə daxilindəki siyasilər, müxalifət ya iqtidar tərəfdarı olmasından asılı olmayaraq belələrinə qarşı vahid milli mövqe nümayiş etdirməlidirlər. Eyni zamanda, hesab edirəm ki, bizim hakimiyyət daxilindəki bəzi məmurlar da belələrindən istifadə etməyə çalışırlar. Fikrimcə, belə məmurlar tezliklə aşkara çıxarılmalı və onlara layiq olduqları yerləri göstərilməlidir. Bir sözlə, Azərbaycanın indiki qalibiyyətlərlə dolu inkişafına mane olmağa çalışan hər kəs, cəmiyyətdəki mövqeyindən asılı olmayaraq, erməni dəyirmanına su tökənlərdir ki, onların əlindən su qablarını almaq mühümdür”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB