Zəfərimizin tarixi təntənəsidir "Şuşa İli" - TƏHLİL

Zəfərimizin tarixi təntənəsidir "Şuşa İli" - TƏHLİL

PREZİDENT İLHAM ƏLİYEV: "Şuşanın bərpasını sürətləndirmək məqsədilə Mən yeni ili "Şuşa İli" elan edirəm"

Bəli, 8 ay öncə Prezident İlham Əliyev 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində 2022-ci ili “Şuşa İli” elan etdi. 5 yanvar 2022-ci ildə isə Prezidentin 2022-ci ilin “Şuşa İli” elan olunması haqqında Sərəncamı ilə bu qərar hüquqi qüvvəyə mindi.

Dövlət başçısı xalqa müraciətində bildirdi: “Biz 2022-ci ildə Şuşa şəhərinin 270 illiyini qeyd edəcəyik. Pənahəli xan 1752-ci ildə Şuşanın təməlini qoyub və biz yeni ildə bu yubileyi böyük təntənə ilə qeyd edəcəyik. Bu şanlı tarixi nəzərə alaraq və Şuşanın bərpasının sürətləndirmək məqsədilə mən yeni ili “Şuşa İli” elan edirəm”. Bu qərar dünyanın hansı nöqtəsində yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının qəlbini fərəh, böyük qürur və iftixar hissi ilə doldurdu. Prezidentin 7 may 2021-ci il tarixli sərəncamı ilə zəngin və şanlı tarixi keçmişə malik Şuşa şəhəri mədəniyyət paytaxtı elan edildi. Bunun ardınca, 2022-ci ilin Şuşa İli elan edilməsi həm tarixi, həm də mədəni baxımdan mühüm əhəmiyyət kəsb edən qədim şəhərimizə verilən ən böyük dəyərin göstəricisidir.

“ƏZİZ ŞUŞA, BİZ SƏNİ DİRÇƏLDƏCƏYİK!”

Prezident İlham Əliyevin noyabrın 8-də xalqımızı Şuşanın işğaldan azad edilməsi münasibətilə təbrik edərkən dediyi “Əziz Şuşa, biz səni dirçəldəcəyik!” sözlərinin gerçəkləşəcəyi heç kimdə şübhə doğurmur. Dövlətimizin başçısının qətiyyəti, prinsipiallığı, verdiyi vədə hər zaman sadiq olmağı bu əminliyi yaradır. "Mən Prezident kimi, Ali Baş Komandan kimi hər zaman Azərbaycanın maraqlarının keşiyində duracağam, ölkəmizin hərtərəfli inkişafı, hərbi gücünün artırılması, vətəndaşların daha yaxşı yaşaması üçün əlimdən gələni əsirgəməyəcəyəm»,-deyən dövlət başçımız bu günə qədər verdiyi bütün vədləri yerinə yetirib. Dövlət başçısının Qarabağla bağlı vədlərini də yerinə yetirməsinin şahidi olduq. Prezident İlham Əliyev hər zaman çıxışlarında bildirib ki, “Mənim sözüm imzam qədər qüvvətlidir”.

19 il öncə deyilənlər, bu gün öz müsbət nəticəsini verib. Ulu Öndər Heydər Əliyevin "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm", - vəsiyyətini reallaşdıran Prezident İlham Əliyev "Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm", - deyərək son 19 illik Prezidentlik fəaliyyətinin nəticəsidir ki, son 30 il ərzində həsrətində olduğumuz - Qarabağ Azərbaycandır! - şüarlı haqq və şərəf işimiz olan, Azərbaycan Respublikamızın suverenliyi və ərazi bütövlüyümüzə və nəhayət, Qələbə Zəfərimizə nail olduq! "Şuşasız Qarabağ, Qarabağsız Şuşa yoxdur" deyən Ulu Öndər Heydər Əliyevin bu arzusunu da bu gün Prezident İlham Əliyev "Şuşasız işimiz yarımçıq qalar" deyərək reallaşdırdı: "Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!". Azərbaycan Prezidenti İlham Əliyev son 18 ildə öz vədini yerinə yetirdi və bu gün də xalqı qarşısında bir daha sözü ilə əməli bir olan Liderdir! Bəli, bu, həqiqətən də belədir. "Əsl siyasət konkret, real iş görməkdən ibarətdir", deyən dövlət başçısının ötən illərdə qəbul etdiyi fundamental qərarlar, imzaladığı sərəncamlar Cənab Prezidentin daim xalqın mənafeyindən çıxış etdiyini, habelə, verdiyi vədlərin sırf əməli fəaliyyətə, praqmatizmə söykəndiyini, gerçəkliyə adekvat olduğunu göstərmişdir. Bütün bu görülən işlərlə yanaşı, üç aeroportun tikilməsi və növbəti ardıcıl olaraq görülən işlər bir daha onu göstərir ki, Qalib liderimizin sözü ilə əməli üst-üstə düşür. Çünki dövlət başçımızın dediyi bu vədlər də artıq reallığa çevrilməkdədir. Bu gün Azərbaycan xalqı da Qalib Liderimiz Prezident İlham Əliyevin son 19 il prezidentlik fəaliyyəti dövründə bir daha gördü ki, Azərbaycan Prezidenti daima xalqı ilə birlikdədir, onların yanındadır, bütün görülən işləri də xalqına aydın şəkildə çatdırır. Dövlət başçımızın dediyi kimi: "Mən bu ardıcıllıq haqqında Azərbaycan xalqına dəfələrlə demişəm ki, biz hansı işləri görəcəyik, insanlar da bilsinlər".

Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşada bu gün şəhərin əsl tarixi simasının bərpası yönündə nəhəng layihələr gerçəkləşdirilir. Qısa müddətdə Şuşanın Baş planının hazırlanması, qüdrətli şair Molla Pənah Vaqifin büstünün və muzey-məqbərə kompleksinin öz ilkin görkəminə qaytarılması, Bülbülün ev-muzeyinin və Üzeyir Hacıbəylinin heykəlinin açılışları, habelə buradakı tarixi, dini və memarlıq abidələrinin bərpası prosesi ölkəmizin mədəniyyət paytaxtındakı kompleks işlərin tərkib hissəsidir. Cıdır düzündə “Xarıbülbül” musiqi festivalının və Vaqifin möhtəşəm məqbərəsi önündə Vaqif Poeziya Günlərinin təşkili ənənəsinin bərpası da göstərir ki, Şuşa sürətlə dirçələrək əvvəlki dolğun mədəni həyatına qovuşmaq yolundadır. Və görülən işlər bir daha göstərir ki, Şuşa Qarabağın incisi kimi dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməkdədir.

Bəli, bu gün bütün bərpa işləri planlı şəkildə və yüksək səviyyədə görülür. 2021-ci ilin ilk ayından başlayaraq işğaldan azad olunmuş torpaqlara Qalib Liderinin Qələbə yürüşü hər bir azərbaycanlıya böyük qürur və fəxarət hissi yaşadır. Təbii ki, bu Qələbə zəfərdən sonra işğaldan azad olunan rayonlarına səfər Qalib Komandanın öz sevincini, görüləcək işlərlə bağlı məlumatları xalqı ilə paylaşması məqsədi daşıyır. Ən əsası isə, işğalçı ölkə ilə bərabər, bütün dünya da şahidi oldu ki, torpaqların əsl sahibləri qayıdıb...

Və mənfur düşmən unutmamalıdır ki, necə ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev illərlə işğal siyasətinə son qoymaq üçün qətiyyət, iradə və prinsipiallıq nümayiş etdirdisə, diplomatik siyasəti və sistematik addımları Qarabağı qısa zaman kəsiyində dirçəldəcək, ərazilərimiz minalardan təmizləniləcək və insanların öz el-obalarına geri dönəcəklər. Çünki Qarabağ Azərbaycanındır! Qarabağ Azərbaycandır! Qarabağ cənnət məkanıdır və 2022-ci ilin “Şuşa İli” elan edilməsi, onun Azərbaycan xalqının tarixi şəhəri olmasını dünyaya sübut etməkdədir!

Bu, Azərbaycan həqiqətləridir. Qısa bir zamanda görülən işlər, reallaşan işlər torpağa məhəbbətdən qaynaqlanır. Ermənilər tərəfindən gülləbaran edilmiş Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün büstləri artıq öz isti nəfəsli torpağındadır. Üzeyir Hacıbəylinin abidəsi yenidən qoyuldu. Bülbülün evinin açılışı oldu. "Qarabağ" hoteli əsaslı təmirdən sonra istifadəyə verildi. Görülən işlərin davamı olaraq yeni yaşayış kompleksinin təməli də qoyulub. Cənab Prezidentin vurğuladığı kimi, "Bu kompleks tədbirlər onu göstərir ki, Şuşanın dirçəldilməsi sürətlə gedir və şuşalılar Şuşaya qayıdırlar. Həm qrup-qrup öz doğma şəhərinə gəlib ziyarət edirlər, eyni zamanda, burada artıq açılmış obyektlərdə şuşalılar işlə təmin edilir. Beləliklə, biz Şuşanı yenidən dirçəldəcəyik".

Bütövlükdə, qalib və qüdrətli Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni hədəflərə doğru əmin addımlarla irəliləyir. “Şuşa ili” isə ölkəmiz üçün siyasi, iqtisadi, ictimai və mədəni sahələrdə, eləcə də diplomatiya müstəvisində mühüm – yeni və daha möhtəşəm uğurlar vəd edir.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə