“Dövlətə və xalqımıza ziyan vuracaq, gözdən salacaq ifadələrə yol vermək olmaz” AÇIQLAMA

“Dövlətə və xalqımıza ziyan vuracaq, gözdən salacaq ifadələrə yol vermək olmaz” AÇIQLAMA

“Son illər Azərbaycanın nüfuzu dünyada artmaqdadır. Xüsusilə, 44 günlük Vətən müharibəsi nəticəsində möhtəşəm qələbəmiz Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu xeyli artırıb”. Bunu “Səs” qəzetinə açıqlamasında Təkamül Partiyasının sədri Teyyub Qənioğlu deyib.

Onu sözlərinə görə, bu da təbii ki, bədxahlarımızı narahat edir: “Ümumiyyətlə, elə bir ölkə tapılmaz ki, orada çatışmazlıq olmasın. Təbii ki, müxalifətin də missiyalarından biri ölkədə mövcud olan çatışmazlıqları tənqid etmək, bir sözlə, burada bir nöqsan varsa, onu tənqid etməlidirlər. Yəni, Azərbaycan haqqında reallığı özündə əks etdirməyən fikirləri səsləndirmələri düzgün bir hal deyil. Azərbaycanı gözü götürməyən qüvvələr var. Həmin qüvvələrin də işi gücü, ancaq Azərbaycan dövlətini nüfuzdan salmaqdır. Həmin qüvvələrin də Azərbaycanda ruporları var. Sən azərbaycanlısan, hansısa səbəbdən və yaxud kimdənsə inciyib getmisən xaricə, bunu bildik. Yəni, sən kimdən incimisənsə və yaxud sənə kim haqsızlıq edibsə, onları göstər və tənqid et. Amma nəzərə almaq lazımdır ki, hər hansı bir tənqid dövlətin, millətin maraqlarına toxunursa, bundan qaçmaq lazımdır. Yaxşı olardı ki, onlar bu cür xoşagəlməz hərəkətlərindən əl çəksinlər. Belə bir atalar misalı var: “Pulunu kim verirsə, musiqini də o sifariş edir”. Demək olar ki, bu cür hərəkətlərə əl atan şəxslər xaricdən maliyyələşirlər və bu maliyyənin müqabilində də istədikləri tapşırıqları verirlər. Bir daha qeyd etmək istəyirəm ki, dövlətə və xalqımıza ziyan vuracaq, gözdən salacaq ifadələrə yol vermək olmaz. Çünki bu, düzgün deyil. Bir sözlə, dövlətin millətin maraqları daimidir və hər şeydən üstündür. Allah onlara ağıl versin, bu cür hərəkətlərindən əl çəksinlər”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə