“Ermənistanın terrorçu əməllərinə, təxribatlarına son qoyulmasa...” - DEPUTAT ŞƏRH ETDİ
“Ermənistan terrorçu əməllərini, təxribatlarını hələ də davam etdirir. Laçın şəhərindən, Zabux və Sus kəndlərindən çıxmaları üçün burada qanunsuz məskunlaşan ermənilərə vaxt verilsə də, onlar xislətlərinə uyğun olaraq imkanları çatan qədər ziyan verməklə, evləri və meşələri yandırmaqla kimliklərini təsdiq edirlər". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Onun sözlərinə görə, 1992-ci ildə Ermənistan silahlıları terrorçu dəstələrlə birgə azərbaycanlıları öz isti ocaqlarından zorla qovanda onlara bir saat da vaxt vermədilər: "Amma biz avqust ayının əvvəlindən ermənilərə qanunsuz məskunlaşdıqları evləri tərk etmələri üçün vaxt vermişdik. Bu, Azərbaycanın humanistliyi, insanpərvərliyidir. Ermənilər isə bunu qarşılığını vandallıqla verirlər. Son iki gündə iki əsgərimizin Laçının işğaldan azad edilmiş ərazilərində minaya düşməsi də erməni terrorunun iç üzünü göstərir. Azərbaycan tərəfi dəfələrlə mina xəritələrinin verilməsi təşəbbüsü ilə çıxış edib. Müxtəlif görüşlərdə bu məsələni qaldırıb. Amma Ermənistan ən yaxşı halda qeyri-dəqiq xəritələr verib. Bununla da çoxsaylı insan ölümünə bais olub. Burada beynəlxalq təşkilatların da günahı az deyil. Ermənistana münasibətdə ritorikamızı dəyişməyə, bu ölkə ilə sülh şəraitində yaşamağa çağırış edən bu ölkələr və təşkilatlar eyni mövqeni rəsmi İrəvana qarşı göstərmirlər. Əgər dünya birliyi həqiqətən regionda sülhün bərqərar olmasını istəyirlərsə, ilk olaraq Ermənistanın təxribatçı əməllərərini dayandırmalıdırlar, İrəvanı buna məcbur etməlidirlər, onu silahlandırmamalıdırlar, separatçılığın çiçəklənməsinə göz yummamalıdırlar. Nə qədər ki, Ermənistan silahlanır, Qarabağdakı separatçıları dəstəkləyir bölgədə həyat normallaşa bilməyəcək”.
Arzu Qurbanlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB