Ərdoğanla Zelenski arasında olacaq görüşdən GÖZLƏNTİLƏR – TƏHLİL

BMT baş katibi Antoniu Quterreşin avqustun 18-də Lvovda Ukrayna Prezidenti Volodimir Zelenski və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla keçirəcəyi görüş bütün dünyanın diqqət mərkəzindədir. İstər Rusiyanın elan etdiyi və hələ də davam etdirdiyi müharibənin sonlandırılması, istər qlobal böhranın aradan qaldırılması, istərsə də beynəlxalq müstəvidə bir sıra məsələlərin müzakirəsi və həllində Türkiyənin imkanlarını bütün dünya başa düşür, görür, qəbul edir və bu baxımdan sözügedən görüşdən gözləntilər böyükdür.

Sözsüz ki, Ərdoğanla Zelenski arasında keçiriləcək görüşdə müzakirə ediləcək məsələlər dedikdə, ilk növbədə hələ də davam edən Rusiya-Ukrayna müharibəsinin ön planda olduğu düşünülür. Əvvəla ona görə ki, görüş məhz Ukrayna və Türkiyə prezidentləri arasında baş tutur və mövcud müharibənin fonunda ilk düşünülən də budur. Digər tərədən də görüşün məhz Lvovda keçirilməsi bunu deməyə əsas verir. Təbii ki, Rusiyanın elan etdiyi və hələ də dəvam edən müharibənin müzakirə mövzuları olacağını düşünməkdə hər kəs haqlıdır və bu məsələnin danışıqlar masasında olacağına zərrə qədər şübhə yoxdur.

Heç şübhəsiz ki, Zelenski son dövrlərdə Türkiyənin Rusiya ilə daha yaxşı münasibətlərdə olduğunu nəzərə alıb. Həmçinin, Ərdoğanın Putinlə münasibətləri də Zelenskinin diqqətindən yayına bilməz. Zelenski Türkiyə prezidentinin imkanlarına yaxşı bələddir. Ukrayna prezidenti Ərdoğanın imkanlarından, eləcə də söz sahibi olmasından, xüsusilə də, Putinin ona olan rəğbətindən, münasibətindən də yararlanmaq istəyir. Təbii ki, yararlanmaq dedikdə, müharibənin sonlandırılması nəzərdə tutulur. Bu isə hal-hazırda Ukrayna üçün ən vacib məqamdır və mövcud şəraitdə bu ölkə üçün ən aktual problem məhz savaşın başa çatdırılması, müharibənin sönlandırılmasıdır. Elə bu baxımdan da cəsarətlə deyə bilərik ki, Zelenskinin görüş zamanı masaya çıxaracağı məsələnin biri və hətta birincisi müharibə mövzusu, savaşın başa çatdırılması məsələləri olacaq.

Xatırladaq ki, Ərdoğan Putinlə son bir ayda düz iki dəfə görüşüb. Şübhəsiz ki, hər iki görüş zamanı müharibə mövzusu da müzakirə edilib, hansı ki, bunu Zelenski də belə düşünür. Deməli, Zelenski həm də Putinin nə düşündüyünü də bilmək istəyir və bu görüş zamanı Rusiya prezidentinin istəyinin, təklifinin ona deyiləcəyini də gözləyir. Elə Ərdoğanla masa arxasına keçməkdə Zelenskinin bir məqsədi də budur. Ukrayna prezidenti ümid edir ki, görüşləri zamanı Putinin müharibə barədə təkliflərini Ərdoğan birbaşa onun özünə çatdıracaq. Rusiya prezidentinin təkliflərinin isə Ukrayna prezidenti üçün çox maraqlı olduğunu təbii ki, hamı çox yaxşı bilir və bunun səbəbi də aydındır. Ən azından, Zelenski Rusiya tərəfinin nə kimi addımlar atmaq istədiyini bilmək istəyər və 18 avqust tarixində görüş keçirmək istəyi bu baxımdan da başa düşüləndir.

Zənnimizcə, Ərdoğanın Zelenski ilə görüşünün təşkili həm də onu deməyə əsas verir ki, Rusiya tərəfinin masaya qoymaq üçün ciddi mətləbləri var. Ələlxüsus iki ölkə prezidentlərinin görüşlərinin ardınca dərhal görüş keçirmək niyyəti düşünülməmiş ola bilməz. Doğrudur, Ərdoğanın Ukrayna prezidentini Putinin şərtlərinə razılaşacağını söyləmək olmaz, çünki Rusiya prezidentinin şərtləri Ukraynanın ərazi bütövlüyü və suverenliyi baxımından sərfəli hesab edilməyə bilər. Buna baxmayaraq, hələ hansı şərtlərin olacağını bilmədən fikir söyləmək də doğru olmaz. Hər bir halda, görüşün baş tutduğu zaman və nəticələr barədə məlumat verildiyində gözləntilərin nə olacağını daha dəqiq söyləmək olar.

Putinin nə düşündüyü, nə təklif etdiyi hələ bəlli deyil. Bu təkliflərlə, ələlxüsus Putinin mövqeyi ilə Ərdoğanın da razı olmasını qəti şəkildə demək olmaz. Ən azından, son bir ayda iki görüş keçirilməsi onu deməyə əsas verir ki, Rusiya və Türkiyə tərəfi hansısa ümumi razılığa gələ bilib. Bəlkə də keçirilən görüşlər zamanı iki ölkə prezidenti arasında hansısa uyğun, münasib sayılan bir variant müzakirə mövzusu olub. Yaxud ola bilsin Rusiya və Türkiyə prezidentləri keçirdükləri görüşlər zamanı ortaq məxrəcə gələ biliblər, ya da ortaq fikir yaranıb. Çox güman ki, Lvovdakı görüşdə həmin məqam barədə Zelenskiyə bildiriləcək.

Bildiyimiz kimi, qlobal böhran təkcə Ukraynanı, Rusiyanı və Türkiyəni yox, bütün dünyanı narahat edən məsələdir. Bu baxımdan, görüşdə məhz qlobal böhranın da müzakirəsi təəccüb doğura bilməz. Eyni zamanda, görüşün formatı belə qlobal böhranın aradan qaldırılmasında Türkiyənin rolunun nə dərəcədə çox olduğunu təsdiqləyən məqamdır. Ukrayna taxıl istehsalçısı kimi məhsulunu ixrac edə bilmir və belə bir vəziyyətdə istər humanitar dəhlizin açılması olsun, istərsə də taxıl böhranı ilə bağlı məsələlərin həlli yollarının müzakirə edilməsi olsun, bütün bunlar müzakirəsi gözlənilən məsələlərdir.

Zelenski yaxşı bilir ki, Ərdoğanın istər müharibəni sonlandırmaq, eləcə də taxıl böhranının həlli yollarının tapılması üçün humanitar dəhliz barədə razılıq əldə etmək imkanları, potensialı var. Əbəs yerə deyil ki, Zelenski bir növ Ərdoğanı ümid yeri olaraq qəbul edir. Hətta onu da demək olar ki, Zelenski Türkiyə liderinin imkanlarını, potensialını dəyərləndirir və ona inanır. Məhz bu inamın fonunda Ukrayna prezidentinin bu dəfə Türkiyə prezidentini ümid yeri olaraq görməsi də təkzib edilmir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...