Şəhid ailələri və qazilərə qayğı dövlət siyasətinin prioritetidir - TƏHLİL

PREZİDENT İLHAM ƏLİYEV: “Bütün şəhid ailələri, Qarabağ qaziləri bilməlidirlər ki, biz daim onların yanındayıq”

Bu gün hər bir dövlət və cəmiyyət üçün hərbi əməliyyatlarda iştirak edən şəxslərin müharibələrdən sonra mövcud durumu, şəhid və qazi ailələrinin sosial-psixoloji vəziyyəti önəmlidir. Bu kimi çağırışların öhdəsindən, məhz sözün əsl mənasında, bütün parametrlərinə görə sosial dövlət kriteriyalarına cavab verən və siyasətində əsas amil vətəndaş olan dövlətlər gəlir.

Bu gün Vətən müharibəsindəki qələbədən sonra Azərbaycan bütün dünyaya öz gücünü göstərərək 30 ildir ki, düşmən tapdağında olan tarixi torpaqlarını işğaldan azad etdi. Bu qalibiyyət Azərbaycan dövlətinin, xalqının nə qədər məğrur olduğunu bir daha sübut etdi. Ermənilərin sülh və insanlıq əleyhinə törətdiyi cinayətlər də bir daha dünyanın gözü önünə gətirildi. 44 günlük Vətən müharibəsində Azərbaycan dövlətinin, xalqının bir yumruq kimi birləşməsi dünya ölkələri və xalqlarına örnək oldu. Xalqımız sübut etdi ki, azərbaycançılıq ideyası, dövlətçilik bizim üçün hər şeydən üstündür. Şəhidlərimizin, qazilərimizin canı və qanı bahasına geri qaytardığımız torpaqlarda bu gün çiçəklənmə dönəmidir. Hər kəs anlayır ki, biz bu gün həmin torpaqlara ayaq basa bilirksə, bunu şəhid və qazilərimizə borcluyuq.

Azərbaycan son 30 ildə olduğu kimi, Vətən müharibəsindən sonra da ölkəmizin müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə və müharibə iştirakçısı olmuş şəxslərə diqqət və qayğı ölkəmizdə yüksək səviyyədədir. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın müvafiq göstərişlərinə əsasən, dövlət qurumları bu kateqoriyadan olan insanların problemləri ilə yaxından maraqlanır, problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir.Prezident İlham Əliyev tərəfindən bu istiqamətdə imzalanan Fərman və Sərəncamlar, Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə və müharibə əlillərinə mərhəməti, qayğısı çoxsaylı ailələrə böyük sevinc bəxş etməklə yanaşı, təqdirəlayiq hal kimi qiymətləndirilir. Bu gün şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına göstərilən hərtərəfli qayğı nümunəvi xarakter daşıyır. Şəhid ailələrinin, müharibə əlillərinin, veteranlarının sosial ehtiyaclarının dövlət tərəfindən ödənilməsi, həmçinin Vətən uğrunda öz canından keçmiş şəhidlərin və Qarabağ müharibəsi əlillərinin övladlarının təhsil haqqından azad edilməsi, eyni zamanda, bu insanların mənzil və avtomobillərlə təmin olunması da ölkə ictimaiyyəti tərəfindən yüksək minnətdarlıqla qarşılanır.

HƏRBÇİLƏRİN SOSİAL MÜDAFİƏSİ MƏSƏLƏLƏRİ DƏ AZƏRBAYCANDA YÜKSƏK SƏVİYYƏDƏ TƏMİN EDİLİR

İyulun 15-də Prezident İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə dövlətimizin toxunduğu mühüm məsələlərdən biri də hərbçilərin sosial müdafiəsi və müharibədə qəhrəmanlıq göstərmiş hərbçilərin sosial problemlərinin daim diqqət mərkəzində saxlanıldığını, ümumiyyətlə, hərbçilərin sosial müdafiəsi məsələləri ölkəmizdə yüksək səviyyədə təmin edildiyinini bildiridi: "Hərbçilərin sosial müdafiəsi məsələləri də Azərbaycanda yüksək səviyyədə təmin edilir. Hərbçilərin həm xidmət şəraiti, həm mənzil şəraiti haqqında bir çox məlumatlar var. Azərbaycanda bu sahədə görülən işlər deyə bilərəm ki, dünyada nadir hallarda təkrarlanır”.

Dövlətimizin başçısıçıxışı zamanı vurğuladı ki, indi qüsursuz xidmət edən hərbçilərə dövlət tərəfindən mənzillər verilir: "Bizim bütün hərbi şəhərciklərimiz əsaslı şəkildə təmir edilir, onun haradasa 90 faizi yenidən qurulub. O cümlədən azad edilmiş torpaqlarda nə qədər böyük işlər görülüb - hərbi şəhərciklər, bazalar, hərbi təyinatlı yollar, infrastruktur - biz bunu o ağır iqlim şəraitində edirik. Əlbəttə ki, müharibədə qəhrəmanlıq göstərmiş hərbçilərin sosial problemləri daim diqqət mərkəzindədir və müvafiq göstərişlər verilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu müddət ərzində, müharibədən sonrakı dövr ərzində böyük işlər görüb, bunu hamı bilməlidir”.

Prezident qeyd edib ki, müharibədə əlil olmuş bütün hərbçilər artıq ən müasir protezlərlə təmin olunublar. “Dördüncü nəsil protezlər - o protezlər ki, insan rahat yaşaya bilər, gəzə bilər, hətta futbol oynaya bilər, qaça bilər. Biz bunu edirik. Bu, çox bahalı texnikadır və o texnologiya elədir ki, vaxtaşırı dəyişdirilməlidir. Biz bunu edirik və edəcəyik. Çünki öz sağlamlığını itirmiş hərbçilər dövlət tərəfindən daim qayğı ilə əhatə olunmalıdır. Dövlət bunu edir və yerlərdə məmurlar da bunu heç vaxt unutmamalıdır”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

NÖVBƏDƏ OLAN BÜTÜN ŞƏHİD AİLƏLƏRİ YAXIN GƏLƏCƏKDƏ EVLƏRLƏ TƏMİN EDİLƏCƏK

“Müharibədən sonra bir çox şəhid ailələrinə və müharibə əlillərinə dövlət tərəfindən mənzillər verildi və hesab edirəm ki, bu il Bakı şəhərində bu məsələ artıq tam həll olunacaq. Keçən il 3 min mənzil və fərdi ev verilmişdir, bu il 1500 mənzil və ev verilir”.

Bu barədə Prezident İlham Əliyev bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədəki nitqində bildirib.“Bütövlükdə, Birinci və İkinci Qarabağ müharibələrinin şəhid ailələrinə və müharibə əlillərinə 12 min 500 mənzil verilib. Ermənistanda nə qədər verilib? Sıfır! Bir koma da verilməyib, bir daxma da verilməyib. Yəni, əlbəttə, biz Ermənistanla özümüzü heç cür müqayisə etmək istəmirik. Amma bu, reallıqdır. İndi dünyada o qədər müharibələr olub - bizim bölgəmizdə, bizim coğrafiyaya yaxın olan yerlərdə, başqa yerlərdə. Hansı ölkə bunu edir? Mənə desinlər, mən eşitməmişəm. Ona görə etmirik ki, bununla öyünək, ona görə edirik ki, bunu mənəvi borc bilirik, edirik və edəcəyik. Bütün şəhid ailələri, hansılar ki, hələ növbədədir, yaxın gələcəkdə evlərlə təmin ediləcək”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Reabilitasiya mərkəzləri yaradıldığını və ən müasir texnologiyalarla təchiz edildiyini diqqətə çatdıran Prezident deyib: “Minlərlə xidmət göstərilir, müharibə əlilləri üçün, veteranlar üçün, şəhid ailələri üçün məşğulluq marafonları keçirilir. Ümumiyyətlə, bu kateqoriyadan olan insanları fəal işə cəlb etmək üçün böyük işlər görülür. Bu, bəlkə də unudulur, bəlkə də bunu daha çox göstərmək lazımdır və qiymətləndirmək lazımdır, özü də bizim qarşımızda bu boyda işlər ola-ola”.

Bəli, bu gün dövlət başçımızın söylədiyi kimi: "Bu həssas kateqoriyadan olan insanlara müəyyən dərəcədə təsəlli vermək və onların dərdinə şərik olmaq üçün biz bu addımı atırıq. Əlbəttə, bu, böyük vəsait tələb edir. İndi hər kəs bilir ki, bir mənzilin qiyməti neçəyə başa gəlir və bu, büdcə üçün böyük bir yükdür. Amma biz bu yükün altına girmişik və sona qədər bu işi aparacağıq, bu kateqoriyadan olan ta axırıncı insan mənzillə, avtomobillə təmin olunana qədər bu məsələ ilə məşğul olacağıq".

Dövlət başçısı, eyni zamanda, şəhid ailələrinin sosial təminatı ilə də bağlı fikirlərini bildirib: “Eyni zamanda, şəhid ailələrinin sosial təminatı da yaxşılaşır. Onlara nəzərdə tutulmuş müavinətlərin məbləği müntəzəm olaraq artırılır. Biz daim onları diqqət mərkəzində saxlayacağıq”.

Belə olan halda bu uğurları görə bilməyən, gələcək nəsillərə pis nümunələr qoymaq istəyən satqınlar cəzalandırılmalıdır. Çünki bəzi şəxslərin özlərini qazi kimi təqdim etməsi, imtiyazlar əldə etmək məqsədilə dövlət orqanlarını şantaj etməsi, müxtəlif səhnələr quraraq dövlət orqanlarını qınaq hədəfinə çevirmək cəhdləri yolverilməzdir, həm də qazi adına ləkə gətirənlər müharibədə döyüşənləri, şəhid ailələrini narahat edir. Ona görə də hamılıqla, belə qazi kölgəsi altında araqarışdıranlara qarşı dövlət də, cəmiyyət bir olmalı, öz sözünü deməlidir.

Çünki bu gün sözünə sadiq, sözü imzası qədər dəyərli və keçərli olan Prezident İlham Əliyev vədlərini yerinə yetirir və yetirəcək. Daha güclü Azərbaycan naminə! Dövlətimizin başçısının vurğuladığı kimi, "biz verdiyimiz bütün vədlərə həmişə sadiq olmuşuq, əməl etmişik. Azərbaycan xalqına nə vəd vermişiksə, bütün sahələrdə onu yerinə yetirmişik, o cümlədən iqtisadi və sosial sahədə. Əminəm ki, biz bundan sonra da həmişə öz sözümüzə sadiq olacağıq, istədiyimizə nail olacağıq. Arzularımız da odur ki, ölkəmiz güclənsin, xalqımız daha yaxşı yaşasın!".

RƏFİQƏ HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə