Böyük Qayıdışın addım səsləri TƏHLİL

Prezident İlham Əliyev: "Biz Laçına qayıtmalıyıq, Zabuxa, Susa qayıtmalıyıq"

44 günlük Vətən müharibəsində qazandığımız Zəfər ölkəmizin həyatında yeni bir dövrün başlanğıcı oldu. Bu Zəfər regionda sülhün və təhlükəsizliyin təminatında əhəmiyyətli rol oynayaraq yeni reallıqlar yaratmış oldu. Azərbaycan dəfələrlə bəyan edib ki, müharibədən sonra regionda yeni vəziyyət yaranıb və Ermənistan da yeni yaranmış vəziyyətdə əməkdaşlıqdan faydalana bilər. Buna baxmayaraq, Ermənistan öz çirkin əməllərini davam etdirir. Mövcud böhrandan xilas olmaq əvəzinə növbəti təxribatlara əl atır. Bildiyimiz kimi, Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin avqustun 3-də səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini intensiv atəşə tutması vəziyyəti qəsdən gərginləşdirmək cəhdi kimi qiymətini almış oldu. Ermənistan yenə də öz ampluasında çıxış edir. Bu kimi təxribatlar törətməklə Azərbaycanı da cavab tədbirləri görməyə təhrik etməyə cəhd göstərir. Ermənistan tərəfinin növbəti dəfə silahlı təxribata əl atması nəticəsində bir hərbçimiz şəhid oldu. Prezident İlham Əliyevin avqustun 12-də Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində bildirdiyi kimi, biz dərhal "Qisas" əməliyyatı keçirərək şəhidimizin qanını aldıq və qarşı tərəfi ciddi cəzalandırdıq. Bir neçə saat ərzində davam edən "Qisas" əməliyyatının cəza tədbiri olduğunu deyən dövlət başçısı vurğulayıb ki, Azərbaycan şəhidinin qanı düşmənlərə baha başa gəldi və onlar bunu unutmamalıdır: "Buna oxşar təxribat törədilərsə, cavab da eyni olacaq. Heç kim bizə mane ola bilməz, heç kim bizi durdura bilməz. Biz öz torpağımızda istənilən əməliyyatı istənilən zaman apara bilərik. Sadəcə olaraq, "Qisas" əməliyyatının çox təsirli, ancaq qısamüddətli olması onu göstərir ki, bizim gücümüz də yerindədir, eyni zamanda, biz yeni müharibə istəmirik".

"BİZ İSTƏYİRİK Kİ, ERMƏNİ SİLAHLI BİRLƏŞMƏLƏRİ QARABAĞI BİRDƏFƏLİK TƏRK ETSİN"

44 günlük Vətən müharibəsində Azərbaycan 30 ilə yaxın işğal altında olan torpaqları düşmən tapdığından azad etdi və Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən təsdiqlənən mükəmməl hərbi strategiya və taktika döyüş meydanında Azərbaycan Ordusunun "Dəmir yumruq" əməliyyatını sürətlə həyata keçirməyə imkan verdi. Azərbaycan Ermənistanın belini qırmaqla öz torpaqlarını düşmən tapdağından azad etdi. XXI əsrin müharibəsini aparan Azərbaycanın hərbi gücü, qüdrəti 44 günlük müharibə zamanında özünü göstərdi. Xatırladaq ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı Zəfər 30 ilə yaxın doğma yurdun həsrətini çəkən keçmiş məcburi köçkün həmvətənlərimizin işğaldan azad edilmiş ərazilərdəki doğma yurd yerlərinə qayıtmasına imkan yaratmış oldu. Köçkünlük həyatı yaşadıqları dövrdə onlar daim dövlətimizin diqqət və qayğısı ilə əhatə olundular. Bu sahədə Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və Prezident İlham Əliyevin davam etdirdiyi strateji xətt məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılmasına, sosial müdafiəsinin, məşğulluğunun təmin olunmasına istiqamətləndi və ardıcıllıqla həyata keçirilir. Belə bir zamanda ermənilərin yenidən təxribata əl atmalrı yenidən nizamı, sülhü pozmuş olur. "Biz müharibədə Zəfər çalmışıq. Biz öz ərazi bütövlüyümüzü bərpa etmişik. Nə üçün bizim övladlarımız müharibədən sonra ölməlidir? Nə üçün ermənilər tərəfindən öldürülməlidir?" – deyən Prezident bir daha xatırladıb ki, biz buna imkan verə bilmərik: "Bir daha demək istəyirəm, əgər yenə də, buna oxşar təxribat təkrarlanarsa, cavab daha da sərt olacaq, daha da peşman olacaqlar, daha da gur səslə imdad diləyəcəklər. Amma yenə də deyirəm, bizim niyyətimiz yeni müharibə başlamaq deyil. Kifayətdir. Biz istədiyimizə nail olmuşuq. Biz istəyirik ki, erməni silahlı birləşmələri Qarabağı birdəfəlik tərk etsin. Bu, Ermənistanın öhdəliyidir, 10 noyabr 2020-ci ildə Ermənistan tərəfindən imzalanmış kapitulyasiya aktında təsbit edilib və biz buna nail olacağıq və nail oluruq".

"AZƏRBAYCANIN DÖVLƏT MÜSTƏQİLLİYİ MÖHKƏMDİR, ƏSASLIDIR VƏ XALQIMIZIN XOŞBƏXTLİYİ ÜÇÜN ƏSAS AMİLDİR"

Qısa bir zamanda reallaşan infrastruktur layihələr, abadlıq və quruculuq işləri Azərbaycanın iqtisadi gücünü bir daha ortaya qoymuş oldu. Müharibədən çıxmış bir dövlət qısa zamanda Böyük Qayıdışın tətənəsini yaşadı. Ağalı kəndinə əhalinin köçürülməsi Böyük Qayıdışın ilk sorağıdır. İşğala qədər bu inzibati ərazi 3 kəndi birləşdirib. Həmin dövrdə Birinci Ağalıda 40 ailə (154 nəfər), İkinci Ağalıda 60 ailə (245 nəfər), Üçüncü Ağalıda isə 161 ailə (675 nəfər) yaşayıb. Hazırda bu kəndlərdən olan ailələrin ümumi sayı 352-dir (1504 nəfər). Bu gün ağalılar öz doğma torpaqlarında yaşayırlar. Ağalı kəndində "Azərpoçt" MMC-nin rayon şöbəsi, "ASAN xidmət" mərkəzi, DOST mərkəzi, Kiçik və Orta Biznesin İnkişafı Mərkəzi fəaliyyət göstərəcək ki, kənd sakinlərinin dövlət xidmətlərinə rahat çıxışını təmin edir. Ağalı kənd meydanında "Kapital Bank"ın Zəngilan filialı, kənd təsərrüfatı təyinatlı laboratoriyalar, baytarlıq və bitki mühafizə idarələri və digər ictimai iaşə obyektləri fəaliyyət göstərəcək ki, bu da əhalinin işlə təminatında mühüm rola malikdir. Ağalı kəndində müasir şəhərsalma standartları tətbiq olunub. Küçələrin "ağıllı" işıqlandırılması, isti və soyuğadavamlı ekoloji evlərin inşası, məişət tullantılarının idarə olunması, günəş panellərinin quraşdırılması kimi amillər bu konsepsiyanın tərkib hissələridir. "Ağıllı kənd"də müasirlik təkcə qurulan infrastrukturla məhdudlaşmır, burada təhsilə yeni yanaşmanın tətbiqi də mühüm rol oynayır. 360 şagird yerlik ikimərtəbəli məktəb binası və birmərtəbəli 60 yerlik uşaq bağçası onların ixtiyarındadır. Ağalı kəndində 200 evdən ibarət gözəl kənd salınıb. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində bildirdiyi kimi, Ağalı kəndinin yenidən qurulması və belə müasir vəziyyətə gətirilməsi müstəqilliyimizin möhkəmlənməsindən asılı idi: "Bu gün hər bir Azərbaycan vətəndaşı və əminəm, hər bir insan ümumiyyətlə görür ki, bu gün Azərbaycanın dövlət müstəqilliyi möhkəmdir, əsaslıdır və xalqımızın xoşbəxtliyi üçün əsas amildir".

Bu gün Şuşada, Füzulidə, Ağdamda və digər ərazilərimizdə görülən işlər Böyük Qayıdışımızı daha da yaxınlaşdırır. Zəngilan rayonunun Ağalı kəndində də sürətlə görülən işlər bu şəhərin sakinlərini tezliklə qoynuna alacağından xəbər verirdi. Qısa bir zamanda abadlıq-quruculuq işlərinə başlanıldı. Cənab Prezidentin bildirdiyi kimi, biz azad edilmiş bütün torpaqları bərpa edəcəyik və Zəngilan rayonu bu sahədə birinci rayondur ki, artıq keçmiş məcburi köçkünlər yaxın gələcəkdə oraya qayıdacaqlar. Belə də oldu. Yenidən qurulan Ağalı kəndi müasir tələblərə uyğun olaraq qurularaq sakinlərini qoynuna aldı. Bu gün işğaldan azad olunan ərazilərimizdə böyük abadlıq quruculuq işləri davam etdirilir. Tikiləcək yeni evlər, ictimai binalar, sosial obyektlər tezliklə işğaldan azad olunan ərazilərimizi müasir şəhərə çevirəcək. Azərbaycan daha bir modelini ortaya qoyacaqdır. İlham Əliyevin bildirdiyi kimi: "Biz Laçına qayıtmalıyıq, Zabuxa, Susa qayıtmalıyıq. Mən Dövlət qaçqınkoma göstəriş verdim, Laçın şəhərinin, Sus, Zabux kəndlərinin camaatı ilə əlaqə saxlasınlar və biz onları yaxın zamanlarda öz doğma yerlərinə qaytaracağıq."

BEYNƏLXALQ HUMANİTAR HÜQUQA ZİDD ƏMƏL

Əlbəttə ki, Azərbaycanın humanist yanaşmasına cavab olaraq Ermənistanın cinayətkar əməlləri günahsız insanların həyatlarına təhlükə yaratmaqda davam edir. Kütləvi insan tələfatına səbəb ola biləcək minaların xəritəsi tam olaraq hələ də Azərbaycana verilməyib. Bir faktı qeyd edək ki, ötən il iyun ayında Kəlbəcər rayonunda tank əleyhinə minanın partlaması nəticəsində iki jurnalist və bir məmur həlak oldu. 2020-ci ildə Kəlbəcər rayonunun boşaldılması üçün ermənilərə verilmiş müddət ərzində ehtimal olunur ki, orada minalar basdırmışdılar. Ermənistan tərəfindən mülki əhalinin yaşayış yerlərinin yaxınlığında minalar basdırılması və Azərbaycan tərəfinin çoxsaylı çağırışlarına baxmayaraq, dəqiq mina xəritələrinin təqdim edilməməsi beynəlxalq humanitar hüquqa zidd olmaqla, insanların bir çox fundamental hüquqlarının pozulmasına gətirib çıxarır. Bununla bağlı Azərbaycan tərəfimizdən dəfələrlə beynəlxalq təşkilatlara müraciətlər edilsə də, nəticə əldə olunmayıb. Bu gün Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl, Zəngilan kimi ərazilərimizdə aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə, tank əleyhinə yüzlərlə partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilir. Bu gün baş verən olaylar bir daha təsdiqləyir ki, Ermənistan üzərinə götürdüyü öhdəliklərə əməl etmir. Onlar təxribat törətməklə qarşıdurma yaratmağa çalışsalar da, dəmir yumruq yenidən öz sözünü deyəcək, gücünü göstərəcəkdir. Törədilən təxribatlar bizi əzəli doğma torpaqlarımıza daha da yaxınlaşdırır. Necə ki, "Qisas" cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürüldü.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə