44 günlük Vətən müharibəsi: iradə və birliyimizin ZƏFƏRİ! TƏHLİL

Tarix boyu Azərbaycana qarşı işğalçılıq siyasətinin yeridərək torpaq iddiası ilə ölkəmizə əl uzadan ermənilərə Azərbaycan 44 günlük Vətən müharibəsində elə bir dərs ki, ermənilər tarix boyu bunu unutmayacaqlar və o əllər məhv edilib. "Vətən" deyib cəbhəyə yola düşən Azərbaycan əsgəri döyüşdə gücünü erməniyə göstərdi. Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Milli Ordumuzun şücaəti, igidliyi nəticəsində torpaqlarımız işğaldan azad olundu. Azərbaycan ordusu düşməni öz torpaqlarından qovdu. Cənab Prezidentin vurğuladığı kimi, "Otuz il ərzində Ermənistan rəhbərliyi "güclü ordusu" haqqında uydurmalar ortalığa atırdı, "yenilməz Ermənistan ordusu" barədə miflər yaradırdı. Haradadır bu "yenilməz Ermənistan ordusu?. …Bu, mif idi, bu, yalan idi. Bunu biz yerə vurduq". Əlbəttə ki, Azərbaycan ordusu yeni tarix yazdı. Azərbaycan bayrağı işğaldan azad olunan torpaqlarımıza sancıldı və bu, hər kəsin 30 ilə yaxın bir zamanda gözlədiyi möhtəşəm hadisə idi.
Bu günlərdə Azərbaycan Ordusu bölmələrinin keçirdiyi "Qisas" cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəklikləri nəzarətə götürməsi, ordumuzun gücünü bir daha ortaya qoymuş oldu. Əməliyyat çərçivəsində qeyri-qanuni erməni silahlı ünsürlərinin bir neçə döyüş mövqeyi dağıdıldı, keçmiş Ağdərə rayonunun Yuxarı Oratağ yaşayış məntəqəsindəki hərbi hissəyə havadan zərbə endirildi. Ordumuz Buzdux dağı və ətraf yüksəklikləri azad etməklə həm də hərbi-strateji əhəmiyyətli Ağdaban, Çayqovuşan, Vəngli, Narıştar kəndləri, habelə "Sərsəng" su anbarına viziual nəzarət etmək imkanı qazandı. "Qisas" cavab əməliyyatı bir daha erməniyə Azərbaycan Ordusunun gücünü göstərmiş oldu.

TARİXİ ƏDALƏTSİZLİK

Tarixdən bizə məlumdur ki, son iki yüz il ərzində regionda gedən mürəkkəb siyasi proseslər nəticəsində azərbaycanlılar öz əzəli yurdlarından zorla köçürülməyə, etnik təmizləmə və deportasiya siyasətinə məruz qalıblar. Ermənilərin "tarixi əzəli torpaqları"nı yaratmaq siyasəti mərhələ-mərhələ həyata keçirilib. Əvvəlcə onlar Azərbaycan torpaqlarında, yəni keçmiş İrəvan xanlığı ərazisində kiçik Ermənistan Respublikasını yaradıb, tədricən onun ərazisini böyüdüblər. Tarixdən bəllidir ki, İran və Rusiya arasında "Gülüstan", "Türkmənçay", Rusiya və Türkiyə arasında "Andrianopol" müqaviləsi imzalandıqdan sonra İran və Türkiyədən ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirilib. Torpaqları zəbt olunan azərbaycanlılar isə süni şəkildə qaçqın və məcburi köçkün vəziyyətinə salınıblar.
Tarixin yazılmış səhifələrindən bizə bəllidir ki, 1918-ci il mayın 28-də müstəqilliyini bəyan edən Azərbaycan yenə də erməni millətçilərinin torpaq iddiaları ilə üz-üzə gəlir. Vaxtilə Rusiyanın tərkibinə Azərbaycan xanlığı kimi daxil olmuş İrəvan xanlığının ərazisində erməni dövləti yaratmaq ideyası ortaya atılır. Həmin dövrdə Azərbaycan siyasətçiləri tarixi şəraitə uyğun olaraq bir sıra güzəştlərə getməyə məcbur olurlar. Ermənipərəst qüvvələrin və millətçilərin yürütdükləri məkrli siyasət nəticəsində 1923-cü ildə Azərbaycanın az sayda ermənilərin yaşadığı ərazisində Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılır.
Azərbaycanın tarixi mahalı olan Zəngəzur da erməni işğalçılıq siyasətinin qurbanına çevrilir. Zəngəzur mahalı Qafan, Gorus, Qarakilsə, Muğru, Zəngilan, Qubadlı və Laçını əhatə edirdi. XX əsrin əvvəllərində Zəngəzur mahalında 149 türk kəndi, 91 kürd kəndi və 81 erməni kəndi var idi. Qərbdən Zəngəzur, şərqdən Qarabağ dağları bu qədim mahalın sipərinə çevrilib. Çar Rusiyası dövründə Yelizavetpol quberniyasının tərkibində olub. 1905-1907 və 1914-1920-ci illərdə silahlı erməni dəstələrinin törətdiyi qırğınlar nəticəsində bu mahalda təxminən yarım milyon müsəlman həlak olmuşdur. Həmin illərdə Zəngəzurda 115 müsəlman kəndi yer üzündən silinmişdir. 4472 qadın və uşaq erməni silahlıları tərəfindən vəhşiliklə qətlə yetirilmişdir. Zəngəzurun Ermənistana verilməsi 1920-ci il noyabrın 30-da keçirilən Azərbaycan K/b/P MK Siyasi və Təşkilat bürolarının birgə iclasının qəbul etdiyi qərarı ilə həll olunmuşdu. Nəticədə Zəngəzur qəzasının 6.742 kv. verstlik ərazisindən 3.105 kv. versti Azərbaycan SSR tərkibində qalmış, 3.637 kv. verstlik hissəsi isə Ermənistana verilmişdi.
Tarixi proseslərin davamı olaraq. iyirminci əsrin sonunda 1988-ci ildən başlayaraq, Ermənistan silahlı qüvvələrinin ölkəmizə hərbi təcavüzü nəticəsində Zəngəzurda, Göyçədə, Dərələyəzdə, İrəvanda, Vedidə - indiki Ermənistan adlanan torpaqlarda yaşayan azərbaycanlılar dədə-baba yurdlarından qovuldular. Kütləvi terrora məruz qalan azərbaycanlıların son nümayəndələri məcburiyyət qarşısında qalıb Zəngəzuru tərk edəndən sonra, burada onlara məxsus yüzlərlə tarixi, maddi-mədəniyyət abidələri ermənilər tərəfindən dağıdılaraq məhv edilib.

"ZƏNGƏZUR TARİXİ, ƏZƏLİ AZƏRBAYCAN TORPAĞIDIR"

Bu gün Ermənistan Respublikasının ərazisində qalan Zəngəzur tarixi Azərbaycan torpağıdır. Tarixi mənbələrdə, müxtəlif səyyahların yazılarında göstərilib ki, Zəngəzur türklərin qədim yurd yeri olub. Zəngəzurdakı türk mənşəli toponimik adların çoxluğu da bu fikri təsdiqləyir. Xalqımıza qarşı həyata keçirilən tarixi ədalətsizlik öz qiymətini alacaq. Azərbaycan Prezidenti İlham Əliyevin çıxışlarının birində "Azərbaycanın əzəli torpağı olan Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana verilməsi böyük ədalətsizlik idi", - deyə bildirmişdir. Çünki Zəngəzur tarixi, əzəli Azərbaycan torpağıdır, - deyən Azərbaycan Prezidenti Cənab İlham Əliyev Zəngəzurun tarixi dövrdəki əhalisinin mütləq əksəriyyətinin azərbaycanlılar olduğunu qeyd etmişdir. Təbii ki, mənbələrdə göstərildiyi kimi, Zəngəzurun bütün yaşayış məntəqələrinin adları Azərbaycan adları olub. Tarixi ədalətsizliyin sağalmayan yara olduğunu qeyd edən Cənab İlham Əliyev "vaxt gələcək və biz azərbaycanlılar bütün tarixi torpaqlarımıza qayıdacağıq", - deyə əminliyini ifadə etmişdir. "Bizim dədə-baba torpağımızdır: bütün Zəngəzur - Şərqi və Qərbi Zəngəzur",- deyən Azərbaycan Prezidenti bildirib ki, əgər Şərqi Zəngəzur varsa, deməli, Qərbi Zəngəzur da var: "Bəli, Qərbi Zəngəzur bizim dədə-baba torpağımızdır. Demişəm ki, biz oraya qayıtmalıyıq".
Bizim əzəli torpaqlarımız olan İrəvan xanlığı, Zəngəzur mahalı, digər torpaqlar üzərində indi Ermənistan dövləti yaradılıb. Tarixi mənbələr də sübut edir ki, Ermənistanın yerləşdiyi ərazi qədim türk, Azərbaycan torpaqlarıdır və Azərbaycanın da tarixi həqiqəti bərpa etmək haqqıdır.
Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə zəfər yürüşünə başlaması və qırx dörd gün davam edən hərbi əməliyyatlar nəticəsində Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağı edərək qələbə qazanması tariximizə Zəfərlə yazıldı. Noyabrın 10-da Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş nazirinin birgə imzaladığı bəyanatla, 10 noyabr 2020-ci il tarixində Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olundu. Həmin sənəd əsasında Kəlbəcər, Ağdam və Laçın rayonları Azərbaycana qaytarıldı. Azərbaycan Prezidenti İlham Əliyev Laçın rayonunun işğaldan azad olunması münasibətilə Azərbaycan xalqına müraciətində bu xoş müjdəni çatdırarkən bildirmişdir: "Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir. Özü də bir güllə atmadan biz Laçın rayonunu qaytardıq. Düşməni buna məcbur etdik. Döyüş meydanında əldə edilmiş parlaq qələbə bu gözəl nəticəyə gətirib çıxardı ki, üç rayonumuz – Ağdam, Kəlbəcər və Laçın bizə qaytarıldı. Biz bu rayonları bir güllə atmadan, bir şəhid vermədən qaytarmışıq".

"DƏMİR YUMRUQ ONLARIN BELİNİ QIRDI, ONLARIN BAŞINI ƏZDİ"

Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən təsdiqlənən mükəmməl hərbi strategiya və taktika döyüş meydanında Azərbaycan Ordusunun "Dəmir yumruq" əməliyyatını sürətlə və az itki ilə həyata keçirməyə imkan verdi. Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, O, ata vəsiyyətini, Ümummilli Lider Heydər Əliyevin ən böyük arzusunu – Qarabağın mənfur düşmənlərdən, işğalçı ermənilərdən azad olunmasını gerçəkləşdirdi.
Əlbəttə ki, bu Zəfər hər bir azərbaycanlının başını uca edib, onları qürurlandırıb. Bu gün dünya ölkələrinə müxtəlif məqsədlərlə səfər edən insanlarımız Qalib xalqın nümayəndəsi olaraq fəxarət hissi keçirirlər.
Azərbaycanın əzəli, tarixi torpaqları bu gün işğaldan azad olunub. Hər bir ərazidə böyük abadlıq-quruculuq işlərinə başlanılıb. "Hər kəs gücümüzü gördü. Hər kəs qüdrətimizi gördü, iradəmizi gördü", - deyən Prezident bildirib ki, bu dəmir yumruq onların belini qırdı, onların başını əzdi: "Bu, birlik yumruğudur, bu, güc yumruğudur. Bundan sonra Azərbaycan yalnız inkişaf, tərəqqi yolu ilə gedəcək. Bundan sonra da biz ordu quruculuğu işində əməli addımlar atacağıq, ordumuzu daha da gücləndirəcəyik. Bütün göstərişlər verildi. İradəmiz də var, təcrübəmiz də var - əvəzolunmaz təcrübə. İndi bütün ölkələr bu Vətən müharibəsinin təcrübəsini öyrənirlər. Vəsaitimiz də var. Xalq-iqtidar birliyimiz də var. Biz göstərmişik ki, böyük xalqıq, qürurlu xalqıq. Düşməni yerə vurduq. Düşmənin belini qırdıq, məhv etdik. Bu, tarixi Qələbədir. Bu Qələbə Azərbaycan tarixində əbədi qalacaq, şanlı Qələbə kimi!"
Bu gün də Cənab Prezidentin dəfələrlə vurğuladığı kimi, "dəmir yumruq" yerindədir.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə