Basqal ölkəmizin qədim kəndlərindən biridir ŞƏRH

Avqustun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva İsmayıllı rayonunda "Basqal" Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində aparılan və icrası nəzərdə tutulan tikinti-bərpa işləri ilə tanış olublar. Məlumat üçün qeyd edək ki, əsrarəngiz təbiəti, qədim tarix və mədəniyyəti, yüksək qonaqpərvərliyi ilə seçilən Basqal qəsəbəsi xalq sənətkarlığını qoruyub saxlayan və bu günə qədər yaşadan sənətkarlıq mərkəzlərindəndir. Basqal Azərbaycanda mövcud olan o yaşayış məntəqələrindəndir ki, orta əsr şəhər mədəniyyəti elementlərini bu günə qədər də özündə qoruyub saxlamışdır. Basqal vahid memarlıq prinsipləri əsasında salınmışdır. Bu prinsipə əsas memarlıq plan quruluşuna daxil olan baş küçə özündə hər birinin özünəməxsus tarixi və xüsusiyyətləri olan neçə-neçə ictimai, dini, mədəni-məişət, sənətkarlıq, ticarət və yaşayış binalarını, məhəllə, kürəbənd, bulaq və digər obyektləri birləşdirirdi. 2500-3000 illik tarixi olan qəsəbənin adı Basqal toponimi çoxmənalı sözdür. Təmiz türk sözü olduğu və "qala qur", "qala ucalt", "baş qala" mənasını ifadə edir. Basqal qəsəbəsi hal hazırda yenidən qurulur və onun tarixi keçmişi bərpa edilir.

Səfər zamanı ölkə başçısına bildirildi ki, Şeyx Məhəmməd məscidinin içərisində, Bazar meydanında, Qalabaşı ərazisində aparılan fundamental arxeoloji tədqiqatlar nəticəsində tarixi Basqal qalasının divarlarının yeri aşkar edilib, XVII əsrə aid edilən tarixi hamamın ətrafında Azərbaycanın ən qədim kanalizasiya sistemlərindən biri hesab olunan kürəbənd sisteminin işləmə prinsipi aşkara çıxarılıb. Şeyx Məhəmməd məscidinin dəqiq yaşı tam şəkildə təyin edilərək, mədəni qatları haqqında ilk dəfə tədqiqat işləri aparılıb, çoxsaylı maddi-mədəniyyət nümunələri tapılaraq tədqiq edilib və qoruğun muzey fonduna təhvil verilib.

Qeyd edildi ki, etnoqrafik və elmi-tarixi araşdırmalar nəticəsində Basqalın tarixi dərindən araşdırılaraq qoruğun elmi-inventar fondu hazırlanıb, əski əlifba ilə yazılmış dini, elmi və sosial həyatla bağlı minlərlə qiymətli əlyazma mətni aşkar edilərək, fonda təhvil verilib. Basqal və ətraf ərazilərin tarixi və mədəni irsi ilə birbaşa bağlı olan qeyri-maddi mədəni irs nümunələri toplanıb, qədim divarüstü yazılar, daş qəbirlər, müxtəlif kitabələr dərindən tədqiq edilib və dövlət mühafizəsinə götürülüb. Basqalın mədəni irsinin əsas elementi olan kəlağayı naxışları toplanıb, inventarlaşdırılıb və nəşr edilib. Qeyd edək ki, hal hazırda da Basqalda kəlağayı sənəti yaşadılır və qorunub saxlanılır. Aparılan tədqiqatlar nəticəsində 1854-cü ildə tikilən tarixi-memarlıq abidələrindən biri olan Hacı Bədəl məscidi, nəhəng gövdəsi və iri koğuşu ilə seçilən, dünyada əkilmə tarixi dəqiq bilinən yeganə ağac, 1563-cü ilə aid edilən və keçmişdə Basqal camaatı tərəfindən "Pir Çinar" adlandırılaraq müqəddəs hesab edilən çinar ağacı, XV əsrə aid olunan, 2020-ci ildə arxeoloji qazıntılar nəticəsində aşkara çıxarılıb tarixi üslubda yenidən təmir edilmiş "Pir çinar bulağı" və onlarla digər tarixi abidələr haqqında müfəssəl məlumatlar əldə edilib. Qeyd edək ki, İsmayıllı rayonunun Basqal qəsəbəsi Bakıdan 160 kilometr məsafədə, dəniz səviyyəsindən 965 metr yüksəklikdə 240 hektarlıq ərazidə yerləşir. Bu ərazinin 50 hektarı 1989-cu ildə yaradılan "Basqal" Dövlət Tarix-Mədəniyyət Qoruğuna aiddir. Statistik məlumatlara görə, hazırda qəsəbədə rəsmi olaraq 1480 nəfər qeydiyyatdadır. Onlardan təxminən 600 nəfəri qoruq ərazisində yaşayır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva səfər zamanı İsmayıllı rayonunda "Basqal Resort & Spa" otelinin açılışında iştirak ediblər. Qeyd edək ki, bu istirahət mərkəzində rayonumuzun xeyli sayda gəncləri üçün yeni iş yerləri açılmışdır. Artıq "Basqal Resort & Spa" təbiətin qoynunda istirahət və əyləncə dolu yeni məkandır. İşğaldan azad edilmiş torpaqlarımızla eyni vaxtda ölkəmizin demək olar ki, bütün ərazisində yenidənqurma, abadlıq, tikinti quraşdırma prosesləri davam edir.

Müzəffər Ali Baş Komandanımızın uğurlu siyasəti nəticəsində işğaldan azad edilmiş və möhtəşəm tikinti meydanına çevrilən torpaqlarımız sanki yenidən cənnətə çevrilir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsi zamanı erməni qanunsuz silahlı birləşmələrinin son günlər Laçın rayonunda törətdiyi təxribatlara qarşı keçirilən "Qisas" əməliyyatının qısamüddətli, amma çox təsirli cəza tədbiri olduğunu bildirdi. Qeyd etdi ki, "Qisas" əməliyyatından sonra Ermənistan yüzlərlə hərbçisini Qarabağ bölgəsindən çıxarıb. Prezident bir daha erməni tərəfinə xəbərdarlıq etdi ki, yenidən oxşar təxribatlar olacağı halda, cavabımız da eyni olacaq.Prezident İlham Əliyev milli ideya ətrafında xalqı birləşdirib. Azərbaycançılıq məfkurəsi Azərbaycanda tam bərqərar olub. Artıq hər bir vətəndaşımız qalib xalqın nümayəndəsi olmaqla qürur duyur, Sizə vətənimizin bundan sonrakı inkişafı yolunda da uğurlar arzu edirik.

ZAUR MURADOV,

YAP İsmayıllı rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə