Konyada islam dünyasının birlik və həmrəylik günləri yaşanılır TƏHLİL

Tarixin bütün dönəmlərində Avropa ölkələrinin xalqları islam mədəniyyətinə, incəsənətinə hörmətlə yanaşaraq, bu mədəniyyətlə mübadilənin həyata keçirilməsinə maraq göstərmişlər. Heç şübhəsiz ki, islam öz dəyərləri ilə Qərb dünyasını hər zaman üstələyib. Azərbaycan bu gün mədəni, milli dəyərlərimizi təşviq etmək üçün əlindən gələni edir. Belə ki, ölkəmiz islamı sülh, qardaşlıq və tolerantlıq dini kimi təqdim etmək məqsədilə dünyanın bir çox ölkələrində beynəlxalq konfranslar, sərgilər və s. keçirir. "İştirak etdiyimiz bütün beynəlxalq forum və təşkilatlarda müsəlman qardaşlarımızı dəstəkləməkdə davam edəcəyik, öz məqsədlərimizə nail olacağıq, müsəlman aləmində hamımız üçün çox zəruri olan daha güclü tərəfdaşlıq və birlik quracağıq"- deyə çıxışlarının birində vurğulayan Azərbaycan Prezidenti Cənab İlham Əliyev islamın sülh və qardaşlıq dini olduğundan dəyərlərimizi təşviq etmək və keçmişimizi, bu günümüzü və gələcəklə bağlı planlarımızı düzgün şəkildə çatdırmaq üçün daha fəal olmağın vacibliyini diqqətə çəkib. İslam həmrəyliyinin gücləndirilməsi məqsədi ilə Azərbaycan dövləti ardıcıl olaraq siyasət yürüdür. Bildiyimiz kimi, qədim şəhərimiz olan Naxçıvanşəhərinin və paytaxt Bakının İslam mədəniyyətinin paytaxtı seçilməsi ölkəmizin bu sahədə həyata keçirdiyi siyasətə verilən dəyər idi, birlik və həmrəyliyin nümayişi idi. Bildiyimiz kimi, Azərbaycan 2017-ci ildə "İslam Həmrəyliyi Oyunları"nı qəbul etdi, ölkəmizdə Cənab İlham Əliyevin Sərəncamı ilə "İslam Həmrəyliyi İli" elan olundu. Bu, islam ölkələrinin birliyinə verilən ən böyük töhfə oldu. Məlumdur ki, İslam Həmrəyliyi Oyunları İslam Həmrəyliyi İdman Federasiyası tərəfindən keçirilən çoxmillətli və çoxidmanlı tədbirdir. İlk Oyunlar 2005-ci ildə Səudiyyə Ərəbistanında keçirilmişdir. Sayca İkinci İslam Həmrəyliyi Oyunlarının ilkin olaraq 2009-cu ilin oktyabrında İranda keçirilməsi nəzərdə tutulsa da, daha sonra tədbir 2010-cu ilin aprel ayına təxirə salındı və sonradan ləğv olundu. Növbəti Oyunlar 2013-cü ildə İndoneziyada baş tutdu.

İDMAN ARENALARINDA AZƏRBAYCANIN DÖVLƏT HİMNİ 75 DƏFƏ SƏSLƏNDİ

İslam Həmrəyliyi İdman Federasiyasının səkkizinci seçilmiş Baş Assambleyası Səudiyyə Ərəbistanının Ciddə şəhərində dördüncü İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Azərbaycanda keçirilməsinə qərar vermişdir. Bakı 2017 IV İslam Həmrəyliyi Oyunları 12-22 may tarixlərində keçirildi. Bakı 2017 IV İslam Oyunları 4 əsas dəyər – "Birlik", "Sülh", "Hörmət", "Mükəmməllik" dəyərləri üzərində qurulan Oyunlar "Gücümüz həmrəylikdədir" devizi altında keçirildi. Rəsmi talismanlar – "İncə" və "Cəsur" Azərbaycanın milli sərvəti olan Qarabağ atlarının rəmzləridir."Bu gün müsəlman dünyasının əvvəlki dövrlərdə heç zaman olmadığı qədər daha çox birliyə və həmrəyliyə ehtiyacı var", - deyən Cənab Prezident bildirib ki, buna görə də 2017-ci ilin ölkəmizdə "İslam Həmrəyliyi İli" elan olunması bütün müsəlman aləminə və dünyaya xoşməramlı mesajdır. "İslam Həmrəyliyi İli"nin əsas məqsədləri müsəlman aləmində birliyi möhkəmləndirmək, İslamın sülh və mədəniyyət dini olduğunu bütün dünyaya göstərməkdir. Hesab edirəm ki, bu ilin mayında Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunları təkcə idman yarışı olmayacaq, eyni zamanda, bütün İslam dünyasının birlik, həmrəylik günləri olacaqdır". Bu, belə də oldu.
İdman oyunlarında 21 idman növü üzrə 54 dövlətin 3 000-dən çox idmançısı mübarizə apardı. Bakıya rekord sayda - 54 ölkəni təmsil edən 3 mindən çox idmançı, 2000-dək komanda rəsmisi və texniki nümayəndə gəldi. İslam Həmrəyliyi Oyunlarının tarixində bu qədər ölkənin və idmançının qatılması heç vaxt müşahidə olunmamışdı. Atletlər 269 dəst medal uğrunda mübarizə apardılar. "Bakı-2017"də iştirak edən ölkələr arasında Azərbaycan idmançıları xalqımızı parlaq qələbələri ilə sevindirərək 75 qızıl, 50 gümüş və 37 bürünc medalla (cəmi 162 medal) birinci oldular. İdman arenalarında Azərbaycanın dövlət himni 75 dəfə səsləndi, dövlət bayrağı 162 dəfə qaldırıldı. Millimizin aktivinə ən çox medal cüdoçularımız tərəfindən yazıldı. Onlar, ümumilikdə, 26 medal - 11 qızıl, 12 gümüş və 3 bürünc əldə etdilər.Türkiyə ikinci (195 medal), İran üçüncü (98 medal), Özbəkistan dördüncü (63 medal), Bəhreyn beşinci (21 medal) yerdə qərarlaşdı. Ümumilikdə yarışlarda 40 ölkənin idmançıları 1600 medal qazandılar.Bütün bunlar Prezident İlham Əliyevin idmanın inkişafına və yetişməkdə olan gənc nəslə göstərdiyi xüsusi diqqət və qayğısının real və əyani təcəssümüdür.
IV İslam Həmrəyliyi Oyunlarının proqramına daxil olan su səyahətinə aprelin 5-də Prezident İlham Əliyevin iştirakı ilə start verildi. Xəzərdən başlayan su səyahəti Azərbaycanın 15 regionunu əhatə etdi. Oyunların su səyahətinin, təntənəli açılış və bağlanış mərasimlərinin təşkilinə 31 ölkədən 5000-dən çox səhnə mütəxəssisi, texniki heyət və aktyorlar qrupu cəlb olundu.

BİRLİYİMİZİN, HƏMRƏYLİYİMİZİN VƏ İMKANLARIMIZIN NÜMAYİŞİ

"Bakı-2017"ni 50-dən artıq ölkədə 1 milyarddan çox tamaşaçı izlədi və yarışları 1000-dən çox media nümayəndəsi işıqlandırdı. "Biz dinimizin əsl simasını, mədəniyyətimizi, tarixi irsimizi, potensialımızı və bəşəriyyətin inkişafına verdiyimiz töhfəni nümayiş etdiririk" - deyən Cənab Prezident İlham Əliyev IV İslam Həmrəyliyi Oyunlarına Azərbaycanın ev sahibliyi etməsini birliyin nümayişi olduğunu vurğulamışdı: "Bu, təkcə idman tədbiri deyildi. Bu, bizim birliyimizin, həmrəyliyimizin və imkanlarımızın nümayişi idi. Ona görə də, biz bütün müsəlman ölkələri arasında həmrəyliyə öz töhfəmizi verməyə çalışırıq". "Bakı - 2015" ilk Avropa Oyunlarında olduğu kimi, sülh, əmin-amanlıq və sabitlik ölkəsi olan Azərbaycanda "IV İslam Həmrəyliyi Oyunları"ı da idman tarixinə yeni səhifə yazdı. Bildiymiz kimi, dörd ildən bir keçirilən beynəlxalq idman tədbiri İslam Həmrəylik Oyunlarında İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin idmançılar iştirak edir

KONYADA MÜZƏFFƏR XALQIN İDMANÇILARI QALİB XALQ OLARAQ AZƏRBAYCAN BAYRAĞINI DALĞALANDIRIRLAR

Bu gün isə Beşinci İslam Həmrəyliyi Oyunları Türkiyənin Konya şəhərində keçirilir. Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunlarında artıq Azərbaycan millisinin hesabında yeni qızıl və gümüş medallar qazanıb. İdman tariximizə yeni səhifələr yazılıb. Müzəffər xalqın idmançıları qalib xalq olaraq Azərbaycan bayrağını dalğalandırırlar. Qeyd edək ki, Azərbaycan təmsilçiləri İslamiadada 24 idman növündən 22-sində iştirak edir. Yarışda 56 ölkədən 4 mindən artıq idmançı medallar uğrunda mübarizə aparır. İdmançılar atıcılıq, atletika, basketbol (3x3), velosiped, gimnastika (idman, bədii, aerobika), futbol, qılıncoynatma, güləş, ağır atletika, həndbol, cüdo, karate, kikboksinq, stolüstü tennis, kamandan oxatma, taekvondo, voleybol, üzgüçülük və milli oxçuluq növlərində yarışırlar. Oyunlar vaxtı 483 dəst medal sahibini tapacaq.
Azərbaycan idman ölkəsi statusunu qoruyub saxlayır. İnanırıq ki, zəfər qazanmış ölkəmizi təmsil edən idmançılarımız yenə də yüksək imici qoruyub saxlayaraq, layiqli yerlərdən birinə sahib olacaqlar. Bu gün müsəlman aləminin gənc nəsilləri milli, ənənəvi dəyərlərimizə əsaslanaraq formalaşması əsas məsələlərdən biri olaraq qarşıda durur. Azərbaycan da öz növbəsində dəyərlərimizi təşviq etmək üçün əlindən gələni edir. Prezident İlham Əliyevə İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu İdarə Heyətinin qərarına əsasən, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun "Gənclərin hamisi" ilk Fəxri Nişanının verilməsi də elə ölkə başçısının bu təşkilatın gəncliyinin inkişafına yönəlmiş fəaliyyətə, eləcə də quruma üzv ölkələr arasında həmrəyliyin gücləndirilməsinə verdiyi daimi və müstəsna dəstəyə görə idi. Bu gün Azərbaycan islam ölkələrinin gənclərinin bir araya gəlməsində əhəmiyyətli rola malik bir məkandır və islami dəyərlərə böyük önəm verən ölkəmizdən yetişən nəslin əxs edəcəyi çox böyük məqamlar var. Azərbaycan öz əqidəsinə, milli dəyərlərinə sadiq bir dövlətdir. Bu baxımdan da təmsil olunduğu beynəlxalq forum və təşkilatlarda islam dünyasını, müsəlmanları dəstəkləyir, güclü tərəfdaşlıq əlaqələrini genişləndirir.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə