Bölgələrin inkişafında yeni mərhələ ŞƏRH

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə müasir yanaşmalar və milli iqtisadi prioritetlər əsasında mükəmməl islahatlar konsepsiyasının reallaşdırılması nəticəsində ölkəmiz son illərdə yüksək inkişaf templərinə görə dünyanın lider dövlətləri sırasında yer alıb. Dövlət başçısının həyata keçirdiyi sosial-iqtisadi siyasəti alternativsizdir və aparılan islahatlar cəmiyyətin bütün təbəqələrinin mənafelərini əks etdirir. Azərbaycan Prezidentinin bölgələrə hər bir səfəri regionların inkişafında, vətəndaşların rifahının, firavan həyatının təminatında mühüm əhəmiyyət daşıyır. Bu günlərdə Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Ağsu və İsmayıllı rayonlarına səfərləri bunun daha bir göstəricisidir. Bu gün ölkəmizin regionlarında böyük infrastruktur layihələri həyata keçirilir, müasir yollar çəkilir, sosial obyektlər inşa edilir, heç bir layihə təxirə salınmır. Bu onu deməyə əsas verir ki, Azərbaycan Prezidentinin siyasətinin mərkəzində vətəndaşların rahat həyat şəraiti və məmnunluğu dayanır. Bu səfərlər bölgələrin sosial-iqtisdai inkişafına müsbət təsirini göstərir. Regionlarda uzun illər ərzində insanları narahat edən problemlərin böyük hissəsi artıq aradan qaldırılıb. Rayonların sosial-iqtisadi inkişafına böyük töhfə verilib. Elektrik enerjisi ilə təchizat, qazlaşdırma, yol infrastrukturu, suvarma, içməli su layihələri, sosial infrastruktur layihələri icra olunub, hər rayonda müasir xəstəxana, tibb ocaqları, çoxlu sayda məktəblər inşa edilib. Bu Ağsu və İsmayıllı rayonlarından da yan ötməyib. Ölkə Prezidenti İlham Əliyevin 12 avqust tarixində İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına verdiyi müsahibəsində həyata keçirilən tədbirlərə diqqət çəkib, görüləcək işlərlə bağlı fikirlərini ifadə edib. Dövlət başçısı hər iki rayonda böyük infrastruktur layihələrin icra edildiyini, infrastruktur layihələrinin əsas hissəsinin başa çatdığını bildirərək istər qazlaşdırma, istər elektrik enerjisi, su təchizatı, yolların tikintisi ilə bağlı çox böyük layihələrin icra edildiyinini vurğulayıb: "Təkcə onu demək kifayətdir ki, dağlıq rayon olmasına baxmayaraq, İsmayıllı rayonunda qazlaşdırma 80 faizdən çoxdur, Ağsu rayonunda 100 faizə yaxındır. Bu iki rayonda son illərdə 10-dan çox elektrik yarımstansiyası inşa olunmuşdur və elektriklə təchizat tam təmin edilib. Yolların çəkilişi ilə bağlı - həm kənd yollarında, eyni zamanda, İsmayıllı-Muğanlı yolunun yeni hissəsində işlər icra edilir".

Sosial infrastrukturla bağlı böyük layihələr icra olunmasına gəlincə isə Ağsuda və İsmayıllıda 160 çarpayılıq xəstəxana tikildiyini, 100-ə yaxın məktəb inşa edildiyini, ya da əsaslı şəkildə təmir olunduğunu müsahibəsində qeyd edən Cənab Prezident iş yerlərinin yaradılması ilə bağlı böyük layihələrin icrasını da bildirib. Görülən işlər və səslənən fikirlər bu bölgənin gələcək inkişafı ilə bağlı çox güclü zəmin yaradıldığın göstərir və Prezidentin qeyd etdiyi kimi, "infrastruktur layihələri icra edilmədən inkişafdan söhbət gedə bilməz".

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci Xanım Mehriban Əliyevanın Qobustan rayonuna səfəri zamanı dövlətimizin başçısı və birinci xanımın burada yerləşən "Diri Baba" türbəsində turizm infrastrukturunun yaradılması ilə bağlı aparılan yenidənqurma işləri ilə tanış olmaları dini abidələrimizə dövlətimiz tərəfindən göstərilən qayğının və dini turizmin inkişafına ayrılan diqqətin bariz nümunəsidir. Dövlət başçısı bu tarixi abidənin bərpa edilməsi, konservasiya olunması və ətrafında turizm infrastrukturunun yaradılması ilə bağlı tapşırıq vermişdir. "Bu gün isə yolüstü "Diri Baba" türbəsində gedən işlərlə tanış oldum", - deyən Prezident qeyd edib ki, "Diri Baba" türbəsi öz nadirliyi ilə bütün Qafqaz bölgəsində seçilir: "Yaşı 500 ildən çox olan bu türbə əsrlər boyu Azərbaycan xalqı tərəfindən müqəddəs yer kimi tanınıb. Əlbəttə, bizim borcumuzdur ki, bu qədim tarixi abidəni yaşadaq, ona yeni həyat verək, bərpa edək və onun ətrafında mövcud olan şərait də müasir standartlara cavab verməlidir".

İsmayıllıda sosial obyekt olan "Basqal Resort & Spa" otelinin açılışı Azərbaycanın bir çox region və ərazilərində yüksək səviyyəli, müasir tələblərə cavab verən otellərin inşa edildiyinin təzahürüdür. Müasir günümüzdə demək olar ki, ölkənin hər bölgəsində turistləri qarşılayacaq otellər vardır ki, bu da qeyri-neft sahasəsində əldə etdiyimiz uğurlarımız sırasındadır. Vurğulamaq yerinə düşər ki, turizm sahəsi xidmət sektoru olmaqla bərabər, həm də iqtisadiyyatın əsas maliyyə mənbəyi kimi çıxış edir. Cənab Prezident müsahibəsində "Bu gün Basqal qəsəbəsinin girəcəyində yeni, 179 otaqlı müasir otelin açılışı oldu", - deyərək bunun, bölgənin turizm potensialını böyük dərəcədə genişləndirdiyini bildirib. Eyni zamanda yeni iş yerlərin açılmasında önəmlidir. "Təkcə Basqaldakı oteldə 300-ə yaxın iş yeri açılır və orada işləyənlər də yerli vətəndaşlardır", - deyən Prezident Ağsu rayonunda böyük aqroparkın fəaliyyətinin də bölgə iqtisadiyyatına töhfə verdiyini bildirib: "Orada da 200-ə yaxın iş yeri açılıb. Yəni, iş yerlərinin açılması prosesi Azərbaycanda daim aparılmalıdır. Çünki bizim əhalimiz artır, iş yerlərinə tələbat artır. Dövlət öz tərəfindən həm dediyim layihələrin icrası nəticəsində, eyni zamanda, özəl sektor üçün yaradılmış şərait nəticəsində yeni iş yerlərinin açılmasına böyük dəstək olur."

Göründüyü kimi, dünyada pandemiyanın davam etməsinə, iqtisadi və maliyyə çətinliklərinə baxmayaraq, ölkəmizdə dövlət başçısının rəhbərliyi ilə islahatlar, sosial-iqtisadi infrastruktur layihələri davamlı olaraq icra edilir.

Azər SÜLEYMANOV,

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə