Prezident İlham Əliyev Ermənistanın bəhanələrinə, “ekspertlərin” uydurmalarına birdəfəlik son qoydu AÇIQLAMA

“Sirr deyil ki, Vətən müharibəsindəki ağır məğlubiyyətdən sonra Ermənistan 10 noyabr bəyanatı ilə üzərinə götürdüyü öhdəliklərin bəzilərini yerinə yetirməmək üçün müxtəlif bəhanələr uydurur, zamanı uzadır, hətta təxribatlara belə yol verirdi. Biz bunu Laçın yolunun çəkilişində, Laçın şəhəri, Zabux, Sus kəndləri məsələsində, erməni terrorçularının ərazilərdən çıxarılmasında və başqa məsələlərdə gördük. Eyni zamanda, müxtəlif “ekspertlər”, radikal müxalifət də bu hadisələrdən dolayı qondarma iddialar irəli sürür, əsassız fikirlər səsləndirir, mülahizələrini real problem kimi ictimai rəyə sırıyırdılar. Lakin bir neçə saat ərzində davam edən “Qisas” əməliyyatı və Prezident İlham Əliyevin İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına verdiyi müsahibəsində səsləndirdiyi qəti fikirlər Ermənistanın banələrinə, “ekspertlərin” mülahizələrinə birdəfəlik son qoydu”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

Ramil Vəlibəyov bildirib ki, erməni terrorçularının təxribatı nəticəsində şəhid olmuş Azərbaycan hərbçisinin qanı düşmənlərə baha başa gəlib və “Qisas” əməliyyatı bir daha Ermənistana Azərbaycanı heç kimin bəyanatı, açıqlaması, telefon zəngi dayandıra bilməyəcəyini isbatlayıb: “Azərbaycan dəfələrlə Ermənistana xəbərdarlıq edib ki, odla oynamasınlar, yeni reallıqları qəbul etsinlər və hərbi təxribatlara əl atmasınlar. Amma görünür ki, havadarlarına arxalanan Ermənistan bu xəbərdarlıqlardan nəticə çıxarmayıb. Ona görə də, “Qisas” əməliyyatı Ermənistan üçün növbəti fiasko oldu. Bu əməliyyat həm də Ermənistana növbəti, bəlkə də sonuncu mesaj oldu ki, əgər yenə də təxribat törədilərsə, cavab daha da ağır olacaq”.

“Cərəyan edən hadisələr bir daha sübut edir ki, Azərbaycan üzərinə götürdüyü bütün öhdəliklərinə sadiqdir, lakin Ermənistan fitnəkarlıqla, zaman uzatmaqla məşğuldur” – deyən Ramil Vəlibəyov əlavə edib ki, 10 noyabr 2020-ci ildə Ermənistan tərəfindən imzalanmış kapitulyasiya aktında təsbit edildiyi kimi erməni silahlı birləşmələri Qarabağı birdəfəlik tərk etməlidir: “Eyni zamanda, Laçın şəhərindən, Zabux və Sus kəndlərindən qanunsuz məskunlaşmış insanlar çıxarılmalıdır. Həmçinin, hər kəsə aydın olmalıdır ki, Qarabağda yaşayan ermənilərin nə statusu, nə müstəqilliyi olacaq, nə də hansısa xüsusi imtiyazı olacaq. Qarabağda yaşayan ermənilərin hüquqları da, təhlükəsizliyi də Azərbaycan dövləti tərəfindən təmin ediləcək. Ümumilikdə, Prezident İlham Əliyevin İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına verdiyi müsahibəsi bir daha danışıqların əsas istiqamətləri, ölkəmizin qəti mövqeyi barədə dolğun fikir formalaşdırdı. Artıq Ermənistanın manipulyasiya və spekulyasiya üçün yolu yoxdur, yalnız Azərbaycanın şərtlərini qəbul etməlidir”.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...