“Müxalifətin məlum kəsiyi xaricdəki qüvvələrlə əməkdaşlıq edirlər” AÇIQLAMA

"Son vaxtlar ayrı-ayrı blogerlər tərəfindən müxalifətin məlum kəsiminin sifarişi ilə sosial şəbəkələrdə verilən və obyektiv gerçəkliklərdən çox uzaq olan yazılar ictimai rəyi çaşdırmaq, iqtidarın dövlət və ordu quruculuğu ilə bağlı siyasətinə kölgə salmaq, hər bir cəmiyyətə xas olan problemləri şişirdərək "stəkanda fırtına" yaratmaq istəyindən qaynaqlanır". Bunu "Səs" qəzetinə açıqlamasında MDHP sədrinin müavini, politoloq Elşən Manafov deyib.

Onun sözlərinə görə, əsas odur ki, "stəkandakı fırtına"nın olmasına öz havadarlarını inandıra bilsinlər: "Onlar isə həm ölkə daxilində, həm də onun sərhədlərindən kənarda bu fırtınanın böyüyərək səmum küləyinə dönəcəyini zənn edirlər. İqtidarın korrupsiya, kölgə iqtisadiyyatına qarşı apardığı mübarizə, dövlət başçısının etimadını doğrultmayan, öz vəzifə səlahiyyətlərindən sui-istifadə edən yüksək çinli məmurlarının işdən uzaqlaşdırılmaları, həbs edilmələri, dövlət idarəediciliyinin təkmilləşdirilməsi, qanunçuluğun, nizam-intizamın möhkəmləndirilməsi məqsədilə həyata keçirilən kadr siyasəti, dövlət və xalq əmlakını talayan, mənimsəyən məmur zümrəsini müqavimət göstərməyə, adekvat addımlar atmağa sövq edir. Müqavimət eyni zamanda, iqtidarın siyasətinin "yanlışlıqları" ilə bağlı təsəvvürlərin informasiya məkanına çıxarılması zərurəti doğurduğundan, ictimai rəyə müəyyən təsir imkanları olan sosial şəbəkələrdə verilən feyk yazılar dövlətçiliyə qarşı aparılan informasiya siyasətinin tərkib hissəsidir. Dövlətimizin ərazi bütövlüyünün bərpası istiqamətində aparılan siyasət və əldə edilən hər bir yeni uğur isə "beşinci kalon"u hərəkətə keçməyə sövq edən xarici faktorlar sırasına aid edilə bilər".

E.Manafov onu da bildirdi ki, burada Ermənistan, onun xüsusi xidmət orqanları, iqtidarın bölgədə təhlükəsizliyin və əməkdaşlığın bərqərar olmasına, möhkəmləndirilməsinə yönəldilmiş siyasətindən məmnun olmayan, ona əngəllər törətmək istəyən qüvvələrin bu yazılarla əlaqədar olması da istisna deyil: "Maraqlıdır ki, bu yazılarda cəmiyyətimiz üçün həssas olan şəhid ailələrinin, qazilərin problemlərindən məharətlə istifadə olunur və bu zaman dövlətin bu problemlərin həlli istiqamətində apardığı siyasət tamamilə fərqli rakurslardan, xüsusilə cəmiyyətimizdə qıcıq və narazılıq yaradacaq mövqelərdən işıqlandırılır. Bir sözlə, bu, dövlətçiliyə qarşı düşünülmüş informasiya müharibəsinin tərkib hissəsidir ki, burada da korporativ maraqlar üst-üstə düşdüyündən əks siyasi elita, onun siyasi sistemdə ötürücü qayışı rolunda çıxış edən müxalifətin məlum kəsiyi, habelə xaricdəki qüvvələr əməkdaşlıq edirlər".

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...