“Qarabağ sakinləri doğma yurdlarında məskunlaşa biləcəklər” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qobustan rayonunda “Diri Baba” türbəsində turizm infrastrukturunun yaradılması ilə bağlı aparılan yenidənqurma işləri ilə tanış oldular. Cənab Prezidentin bölgələrə səfərləri müntəzəm xarakter daşıyır. Bu səfərlər həm yerlərdə vəziyyətlə tanış olmaq, həm də əlavə göstərişlərin verilməsi üçün çox əhəmiyyətlidir. Deyə bilərəm ki, ölkədə gedən bütün quruculuq işlərinə şəxsən cənab Prezident özü nəzarət edir. Elə bu səbəbdən də son illər ərzində bütün bölgələrdə quruculuq-abadlıq işləri daha geniş vüsət alıb”. Bu sözləri SİA-ya açıqlamasında deputat Müşfiq Cəfərov deyib.

Onun sözlərinə görə, Səfər çərçivəsində ölkə başçısı yaxın günlərdə baş tutan “Qisas” əməliyyatına da toxundu: “Prezidentin də qeyd etdiyi kimi bu əməliyyat kiçik bir xəbərdarlıq idi. Hər kəs gördü ki, şəhidimizin qanı yerdə qalmadı. Revanşist xülyasına düşən erməni terrorçuların bundan dərs çıxaracaqlarına əminəm. Bundan sonra Ermənistan hökuməti daha məsuliyyətli olmalı, sülh prosesini uzatmamalıdır”.

Deputat sözlərinə belə davam edib: “Mən düşünürəm ki, hər iki xalqı ən çox düşündürən məsələlərdən ən önəmlisi, bəlkə də elə birincisi Qarabağdakı ermənilərin statusu məsələsi idi. Bundan həm Azərbaycan cəmiyyəti, həm də Qarabağdakı ermənilər narahat idi ki, ölkə başçısı bu məsələyə bir dəfəlik son qoydu. Prezidentin Basqal səfərindəki açıqlaması bütün sualların bir növ cavabı oldu. Ölkə başçısının da qeyd etdiyi kimi Qarabağdakı erməni sakinləri də Azərbaycan vətəndaşı olacaq və bu onlar üçün əslində bir şansdır. İnteqrasiya, inkişaf etmək istəyirlərsə, bunu mütləq dəyərləndirməlidirlər.

Prezident İlham Əliyevin statusla bağlı söylədikləri təkcə Ermənistan üçün deyil, status xülyasına düşmüş himayədarları üçün də bir mesaj idi.

Hazırda Azərbaycanın tələbi ilə Laçın şəhərinin, Sus, Zabux kəndləri boşaldılır. Qarşı tərəf buna nə qədər mane olmağa çalışsa da, nail ola bilmədi, nəhayət ki doğma torpaqlarına qayıdışı səbirsizliklə gözləyən növbəti Qarabağ sakinləri öz yurdlarına qovuşacaqlar. Dövlətimizin başçısının uzaqgörən və qətiyyətli siyasəti nəticəsində tezliklə bütün Qarabağ sakinləri doğma yurdlarında məskunlaşa biləcəklər”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...