İsmayıllı inkişafın yeni mərhələsində ANALİZ

Azərbaycan Prezidentinin bölgələrə hər bir səfəri regionların inkişafına, vətəndaşların rifahına, firavan həyatın təminatına yönəlib. Dövlət başçısının İsmayıllıya, eləcə də Ağsuya səfəri regionların inkişafına növbəti töhfədir. Bu gün ölkəmizin regionlarda böyük infrastruktur layihələri həyata keçirilir, müasir yollar çəkilir, sosial obyektlər inşa edilir. Heç bir layihə təxirə salınmır. Bu, onu deməyə əsas verir ki, Azərbaycan Prezidentinin siyasətinin mərkəzində vətəndaşların rahat həyat şəraiti və məmnunluğu dayanır. Bu səfərlər bölgələrin sosial-iqtisadi inkişafına təkandır. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İsmayıllıya səfəri çərçivəsində "Basqal Resort & Spa" otelinin açılışında iştirak ediblər. Dağlıq ərazidə yerləşən və səfalı meşələrlə əhatə olunan "Basqal Resort & Spa" oteli 179 otaq və lüks nömrələrdən, üçotaqlı 4 kottecdən və isidilən açıq hovuzlu 1 kottecdən ibarətdir. Bu gün Azərbaycanın bir çox region və ərazilərində yüksək səviyyəli, müasir tələblərə cavab verən otellər inşa edilərək istifadəyə verilib. Dünyada tanınmış və inkişaf etmiş böyük otel şəbəkələri artıq ölkəmizdə fəaliyyət göstərir və onların sayı durmadan artır. Müasir günümüzdə demək olar ki, ölkənin hər bölgəsində turistləri qarşılayacaq otellər vardır ki, bu da uğurlarımız sırasındadır. Vurğulamaq yerinə düşər ki, turizm sahəsi xidmət sektoru olmaqla bərabər, həm də iqtisadiyyatın əsas maliyyə mənbəyi kimi çıxış edir. Bu gün ölkəmizdə mövcud olan otellər sırasına daha biri də əlavə olundu. Əlbəttə ki, ölkəmizdə müasir tələblərə cavab verən otellərin inşası Azərbaycanın iqtisadi gücünün təcəssümüdür. Bu, dünyada pandemiyanın davam etməsinə, iqtisadi və maliyyə çətinliklərinə baxmayaraq, ölkəmizdə sosial-iqtisadi infrastruktur layihələrin icrasının davamlı olduğunu bir daha təsdiqləyir.

MÜASİRLİYİ VƏ GÖZƏLLİYİ İLƏ SEÇİLƏN "BASQAL RESORT & SPA" OTELİ

"Basqal Resort & Spa" otelində qonaqlar dünya mətbəxinin və milli mətbəximizin təamlarını təqdim edən müasir və möhtəşəm "SƏDƏF" restoranının yeməklərindən həzz alıb, dağlara və mənzərəli guşələrə açılan "MÜCRÜ LOBBY LOUNGE"da zərif və ənənəvi Azərbaycan çayından içərək dincələ biləcəklər.
Şübhəsiz ki, bu obyektin işə başlaması qeyri-neft sektorunun daha da inkişafına zəmin yaradacaq. Digər tərəfədən, regionlarda yaşayan insanlar iş yerləri ilə təmin ediləcəkdir. "Basqal Resort & Spa"nın 120 nəfərlik "Hələbi" və "Heyrati" konfrans zallarında biznes konfrans, seminar və tədbir keçirmək üçün hər cür şərait yaradılıb. Həmçinin açıq havada tədbirlərin keçirilməsi üçün burada geniş imkanlar mövcuddur. Bölgələrdə tikilən otellər də öz müasirliyi, gözəlliyi ilə seçilir. Belə ki, Azərbaycanın turizm mərkəzinə çevrilən Qəbələ şəhərində bir neçə beşulduzlu otel fəaliyyət göstərir. Təsadüfi deyil ki, Qəbələ həm yaz-yay, həm də qışturizmi üçün ideal bölgə hesab edilir. "Qafqaz Tufandag Mountain Resort Hotel", "Qafqaz Sport Hotel", "Qafqaz Karvansaray Hotel", "Qafqaz Gabala City Hotel" və s. öz müasirliyi, dizayni, rahatlığı baxımından diqqətəlayiqdir. Regionların sosial-iqtisadi inkişafı layihələri çərçivəsində istifadəyə verilən turizm obyektləri sırasında Gəncədə "VEGO" , Naftalanda "Chinar Hotel & SPA Naftalan", "Naftalan Hotel by Rixos", "Qarabağ SPA and Resort", Qusarda "Şahdağ", "Pik Palas", Qaxda "El Resort", Tovuzda "Ayan Palace" otellərini, Şəmkirdə "Excelsior Hotel Shamkir", Şəkidə "Green Hill İnn" mehmanxanalarını və Şəkidə "Shaki Palace" otelini qeyd etmək olar ki, onların da hər biri müasirliyi ilə diqqət çəkir. Təbii ki, Azərbaycanda olan otellər qeyri-neft sektorunun, eləcə də turizmin inkişafına töhfə verir.

ZƏNGİN TARİXƏ VƏ MƏDƏNİ İRSƏ SAHİB "BASQAL" DÖVLƏT TARİX-MƏDƏNİYYƏT QORUĞU

Son illər ölkəmizdə tarixi abidələrin bərpası və qorunması istiqamətində bir sıra layihələr icra olunub. Ölkə başçısının böyük diqqət və qayğısı sayəsində ölkəmizdə tarixi abidələrin tədqiqi, mühafizəsi və bərpası, mədəniyyət nümunələrinin beynəlxalq aləmdə təbliği istiqamətində böyük işlər görülür. Bütün bunlar isə Azərbaycanın qlobal dünyaya öz maddi və mənəvi mədəniyyəti ilə birgə inteqrasiyasını təmin edir. Xalqımızın yaratdığı mədəni irs nümunələrinin dünyada tanıdılması istiqamətində də uğurlara imza atılıb. İçərişəhər memarlıq kompleksi, Qobustan Dövlət Tarixi-Bədii Qoruğu UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib. Qobustandakı muzey isə 2013-cü ildə Avropanın ən yaxşı muzeyləri sırasında olub. İsmayıllı rayonu Basqal qəsəbəsinin ərazisi zəngin tarixi və mədəni irsə sahibdir. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi "Basqal" Dövlət Tarix-Mədəniyyət Qoruğu Basqal qəsəbəsinin qədim hissəsini əhatə edir. Qoruğun ərazisində orta əsrlərə aid Qalabaşı qalası, Qoşabulaq, Dəmirçibazar, Dərəməhəllə, Xarabiyan, Kələküçə, Qəlibgah, Çayqırağı kimi tarixi küçələr, Bazar meydanı yerləşir. Basqalın IX-XIX əsrlərə aid istehkamları, Şeyx Məhəmməd məscidi, Hacı Bədəl məscidi, su və kanalizasiya şəbəkələri, tarixi hamamları, sənətkar karxanaları, mülkləri tarix-mədəniyyət abidələri mədəni irsimizin qiymətli nümunələri sırasındadır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İsmayıllı rayonunda olarkən "Basqal" Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində aparılan və icrası nəzərdə tutulan tikinti-bərpa işləri ilə tanış olublar. Məlumat verilib ki, etnoqrafik və elmi-tarixi araşdırmalar nəticəsində Basqalın tarixi dərindən araşdırılaraq qoruğun elmi-inventar fondu hazırlanıb, əski əlifba ilə yazılmış dini, elmi və sosial həyatla bağlı minlərlə qiymətli əlyazma mətni aşkar edilərək fonda təhvil verilib. Basqal və ətraf ərazilərin tarixi və mədəni irsi ilə birbaşa bağlı olan qeyri-maddi mədəni irs nümunələri toplanıb, qədim divarüstü yazılar, daş qəbirlər, müxtəlif kitabələr dərindən tədqiq edilib və dövlət mühafizəsinə götürülüb. Basqalda yaşayan əhalinin son iki yüz il ərzində məşğuliyyəti, sənətkarlıq nümunələrinin tarixi təkamülü üzə çıxarılıb, elmi-publisistika və mədəni turizm sahələrində istifadə ediləcək çoxsaylı tarixi materiallar əldə olunub. Basqalın mədəni irsinin əsas elementi olan kəlağayı naxışları toplanıb, inventarlaşdırılıb və nəşr edilib.Həmçinin, qoruğun ərazisində başladılan təmir-bərpa, konservasiya və yenidənqurma işlərinin elmi-nəzəri bazasını formalaşdırmaq, gələcəkdə aparılacaq tikinti və bərpa işlərinin mədəni irsin və yerli memarlıq ənənələrinin tələblərinə uyğun şəkildə həyata keçirilməsini təmin etmək üçün müvafiq normaların müəyyənləşdirildiyi "Basqal Mədəni İrsi: Təmir-bərpa kitabı" elmi-praktiki dərslik ərsəyə gətirilib.Diqqətə çatdırılıb ki, Dövlət Turizm Agentliyi tərəfindən tarixən Basqalın mərkəzi hesab olunan orta əsrlər yol mədəniyyətinə xas olan pilləkənvari və daş döşəməli yolların, ənənəvi hasarların və qədim taxta qapı-darvazaların qorunub saxlanıldığı 8 tarixi məhəllənin birləşdiyi Bazar meydanının abadlaşdırılmasına xüsusi diqqət yetirilib.

BASQAL HAMAMI YERLİ ƏHƏMİYYƏTLİ MEMARLIQ ABİDƏSİ KİMİ

VII əsrə aid memarlıq abidəsi olan Basqal hamamı klassik Şərq memarlıq üslubunda inşa edilib. "Basqal" Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində yerləşən Basqal hamamı yerli əhəmiyyətli memarlıq abidəsi kimi (inv.4466) dövlət mühafizəsinə götürülüb. Məlumat verildi ki, qoruğun mühüm tarixi abidələrindən biri hesab olunan Basqal hamamı maddi-mədəniyyət nümunələrimizin qorunması məqsədilə dövlət nəzarətinə götürülüb, Bazar meydanında Hamam Muzeyi olaraq əsaslı şəkildə bərpa edilib. Muzeydə Azərbaycanda hamam mədəniyyətinin özəllikləri, inkişafı haqqında, eləcə də hamamla bağlı xalq adət və ənənələri, onun külxana adlanan döşəməaltı istilik sistemi haqqında maraqlı məlumatlar təqdim olunur. Aparılan tədqiqatlar nəticəsində 1854-cü ildə tikilən tarixi-memarlıq abidələrindən biri olan Hacı Bədəl məscidi, nəhəng gövdəsi və iri koğuşu ilə seçilən, dünyada əkilmə tarixi dəqiq bilinən yeganə ağac, 1563-cü ilə aid edilən və keçmişdə Basqal camaatı tərəfindən "Pir Çinar" adlandırılaraq müqəddəs hesab edilən çinar ağacı, XV əsrə aid olunan, 2020-ci ildə arxeoloji qazıntılar nəticəsində aşkara çıxarılıb tarixi üslubda yenidən təmir edilmiş "Pir çinar bulağı" və onlarla digər tarixi abidələr haqqında müfəssəl məlumatlar əldə edilib. Basqal qəsəbəsi nadir memarlığı, qədim ipəkçilik, dəmirçilik kimi xalq sənətkarlıq ənənələri və orta əsr şəhərsalma mədəniyyəti ilə Azərbaycanın mədəniyyət tarixində xüsusi əhəmiyyətə malikdir. Basqal tarixən Lahıc, Şəki, Qəbələ və Şamaxıdan gələn yolların kəsişməsində yerləşərək qovşaq funksiyasını, sosial-iqtisadi və ticarət mərkəzi rolunu oynayıb. Əlbəttə ki, tarixi abidələr daş yaddaşımıza çevrilib və hər bir xalqın kimliyini, keçdiyi tarixi yolu xatırladır. Bu abidələrin qorunması istiqamətində dövlətimiz tərəfindən ardıcıl tədbirlər həyata keçirilir.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə