Azərbaycan-Rusiya-İran görüşü nə ilə nəticələnəcək? - POLİTOLOQ AÇIQLADI

Azərbaycan-Rusiya-İran görüşü nə ilə nəticələnəcək? - POLİTOLOQ AÇIQLADI

"Görüşün vaxtı hələ açıqlanmasa da, gündəlikdə belə bir görüşün keçirilməsi nəzərdə tutulub. İlkin məlumatlara görə, keçiriləcək görüşdə əsas məsələ Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin müzakirəsi olacaq. Daha konkret desək, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi marşrutlarının şaxələndirilməsi, eləcə də tranzit və gömrük məsələləri ilə bağlı müzakirələr aparılacaq". Bu fikirlər SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov bildirib.

Politoloq məlumat üçün bildirib ki, "Şimal-Cənub" nəqliyyat dəhlizinin təməli 2000-ci il 12 sentyabr tarixində Rusiya, İran və Hindistan arasında imzalanmış hökumətlərarası Sazişin əsasında qoyulub: "Azərbaycan bu Sazişə 2005-ci ildə qoşulub. Ümumilikdə 13 ölkə sözügedən Sazişi ratifikasiya edib ki, bunlar da Azərbaycan, Belarus, Bolqarıstan, Ermənistan, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Oman, Rusiya, Tacikistan, Ukrayna və Türkiyə dövlətləridir.

Dəhlizin yaradılmasında məqsəd Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya gedən yüklərin çatdırılma müddətini azaltmaqdan ibarətdir. Proqnozlar göstərir ki, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə Şimal–Cənub beynəlxalq nəqliyyat dəhlizi Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaqdır. Şimal–Cənub beynəlxalq nəqliyyat dəhlizi Avropa–Cənubi Asiya–Yaxın Şərq arasında dəmir yolu daşımalarını, müvafiq olaraq dəmir yolunun istər yerli, istərsə də tranzit daşımalarından əldə etdiyi gəlirləri artırmağa imkan verəcəkdir.
“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 2015-ci il tarixli Sərəncamına uyğun olaraq artıq xeyli işlər də görülüb. Belə ki, Astaraçay üzərindəki körpüyə qədər 8,3 km yeni yol tikilib, Astaraçay üzərində dəmiryol körpüsü inşa olunub, Astaraçay üzərində dəmiryol körpüsündən İran İslam Respublikası ərazisində tikilmiş yük terminalına qədər 1,4 km yol çəkilib. Azərbaycan tərəfi Astarada (İran) 35 hektar ərazidə dəmir yolu stansiyasının tikintisi və yüklərin boşaldılması üçün terminalların inşasını davam edir.
Qeyd edim ki, Astara (Azərbaycan) - Astara (İran) dəmir yolu xətti Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin əsasını təşkil edir. Nəqliyyat dəhlizi yaxın vaxtlarda İran, Azərbaycan və Rusiyanın dəmir yolu şəbəkələrini birləşdirəcək. Astaraçay çayı üzərindən keçən körpü də Şimal-Cənub dəhlizinə birləşdiriləcək.
Şimal–Cənub nəqliyyat dəhlizi Avropa bazarı üçün də çox mühüm əhəmiyyət kəsb edəcəkdir və gələcəkdə köhnə qitə ilə Azərbaycan arasında siyasi və iqtisadi əlaqələrin daha da irəli getməsi üçün zəmin yaradacaqdır. Təbii ki layihənin ən önəmli məsələlərindən biri də gəlir məsələsidir. Məlumdur ki, Azərbaycan Respublikası Prezidentinin 21 oktyabr 2015-ci il tarixli fərmanı ilə Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası yaradılmışdır. Bu sahədə uğurlu fəaliyyətin nəticəsində qeyri-neft sektoru üzrə yükdaşımalarda 65% artım olub. Şimal–Cənub beynəlxalq nəqliyyat dəhlizi vasitəsiylə ölkəmizə daxil olan yüklərin təxminən 85% tranzit olaraq digər ölkələrə aparılır. Nəticə etibariylə ölkəmizdən nə qədər çox yük daşınırsa bu da ölkəmizin gəlirlərini artırır. Digər tərəfdən bu layihə ölkəmizin ixrac imkanlarını da artırır və xüsusən də qeyri-neft sektorunda ixrac imkanlarımızı genişləndirir.
Digər çox mühüm məqam budur ki, Rusiya və Türkiyə ölkəmizin ən çox qeyri-neft məhsulları ixrac etdiyi ölkələrdir. Lakin Azərbaycan bu layihələr nəticəsində yeni bazarlara çxış imkanları əldə etdi. Belə bir nəticəyə gəlmək olar ki, Şimal–Cənub nəqliyyat dəhlizi ölkəmiz üçün geosiyasi və geoiqtisadi baxımdan çox vacibdir. Azərbaycanın strateji əhəmiyyətinin artmasında bu layihənin xüsusi əhəmiyyəti var".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə