Vətəndaşların rifah və məmnunluğuna xidmət edən sosial islahatlar TƏHLİL
PREZİDENT İLHAM ƏLİYEV: “Sosial siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”
Ölkə əhalisinin rifahının və məmnunluğunun təminatı, həyat səviyyəsinin yüksəldilməsi, həssas qruplara diqqət və qayğının artırılması Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin ana xəttini təşkil edir. Atılan mühüm addımlar, xüsusilə son illərdə həyata keçirilən ardıcıl inqilabi sosial islahatlar bu istiqamətdə mühüm uğurların əldə olunmasına, sosial müdafiə və aktiv məşğulluq proqramlarının ildən-ilə genişləndirilməsinə imkan verib. Həyat səviyyəsinin yüksəldilməsində xüsusi rol oynayan sosial ödənişlərin artırılması sosial islahatların əsas istiqamətlərindən biridir. Prezident İlham Əliyev son 19 ildə Ulu Öndər Heydər Əliyevin siyasi kursuna istinad etməklə, bu dahi şəxsiyyətin ideyalarını siyasi, sosial-iqtisadi sahələrdə layiqincə reallaşdırıb, respublikamızın gələcək uğurlarına əsaslı təminat yaradıb. Azərbaycanda ötən müddətdə iqtisadiyyat dinamik inkişaf edib, mühüm qlobal enerji və kommunikasiya layihələri reallaşdırılıb, sosial problemlərin həlli - işsizliyin aradan qaldırılması, yoxsulluğun azaldılması, infrastrukturun bütün sahələrdə yeniləşdirilməsi istiqamətlərində önəmli addımlar atılıb, vətəndaşların firavan, azad yaşayışı, insan hüquq və azadlıqlarının təmini, habelə demokratikləşmə yolunda önəmli tədbirlər həyata keçirilib.
SOSİAL SİYASƏT HƏMİŞƏ PRİORİTET OLUB VƏ OLACAQ
Azərbaycan sosial dövlətdir və ən vacib məqamlardan biri də Azərbaycan vətəndaşlarının sosial rifahının yaxşılaşdırılmasıdır ki, Prezident İlham Əliyev bu sahəni də daim xüsusi diqqətdə saxlayır. Azərbaycan dövlətinin sosial siyasəti, əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində atılan addımlar, şəhid ailələri, müharibə veteranları və iştirakçılarına dövlətin diqqət və qayğısı göz önündədir.Sözsüz ki, bütün bu işlər Azərbaycanın güclü iqtisadi imkanları hesabına həyata keçirlir. Prezident İlham Əliyevin müəyyən etdiyi mükəmməl strategiyanın nətciəsidir ki, 2022-ci ilin birinci yarısında Azərbaycan yüksək istiqadi inkişaf göstəriciləri əldə edib. Baxmayaraq ki, hazırda dünyada sürətli iqtisadi tənəzzül baş verir, amma bu mənfi iqtisadi şoklar Azərbaycan iqtisadiyyatına ciddi təsir etmir. Çünki iqtisadiyyatımız dayanıqlıdır və möhkəm təməllər üzərində qurulub. Prezident İlham Əliyev bütün bunlarla bağlı deyib: "Sosial siyasət həmişə prioritet olub və olacaq. Bütün atılan addımlar bir daha onu göstərir ki, Azərbaycan sosial dövlətdir. Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Azərbaycan vətəndaşının maraqları bizim üçün hər şeydən üstündür. Azərbaycanda iqtisadi islahatların həyata keçirilməsi insanların daha da yaxşı yaşamaları məqsədi daşıyır". Bir sözlə, Azərbaycan Prezidenti İlham Əliyevin sosial siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipi dayanır və bu amil ölkəmizdə dayanıqlı iqtisadi inkişafın nəticələrinin, əldə olunan iqtisadi dividendlərin, ilk növbədə, əhalinin güzəranının yüksəldilməsinə yönəldilməsi, sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətində ardıcıl olaraq mühüm addımların atılmasında real ifadəsini tapır. Məhz bunun nəticəsidir ki, Azərbaycan hazırda güclü iqtisadiyyata, güclü orduya, dünya birliyində güclü mövqeyə sahib olmaqla yanaşı, güclü sosial siyasətə malik bir ölkə kimi tanınır. Əhalinin rifah halının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi məsələsi hər ilin dövlət büdcəsində də qarşıya prioritet vəzifə kimi qoyulub. Hazırda ölkəmizin əsas inkişaf prioritetlərindən biri vətəndaşların rifahının yaxşılaşdırılması, həyat şəraitinin yüksək standartlara uyğunlaşdırılmasıdır. Bu baxımdan, Prezidentimizin yeni sosial paket olaraq təqdim olunan sərəncamları, minimum pensiyanın, eləcə də minimum əməkhaqlarının artırılması təşəbbüsü mühüm addımlardandır. Məhz bu uğurlu daxili siyasətin nəticəsində ölkəmiz güclü iqtisadiyyata, qüdrətli orduya, dünya arenasında sayılıb-seçilən mövqeyə sahibdir. Bununla yanaşı, Azərbaycan həm də, güclü, vətəndaş mərkəzli sosial siyasətə malikdir. Belə ki, dövlətimizin başçısının fərman və sərəncamları ilə 2022-ci ilin əvvəlindən Azərbaycanda sosial ödənişlərin artımını nəzərdə tutan növbəti islahat paketi həyata keçirilib, 3,4 milyon nəfəri əhatə edən bu paket üçün illik əlavə 2,1 milyard manat ayrılıb. Ümumilikdə son 3 ildə ölkəmizdə 4 milyon insanı əhatə edən 3 sosial islahat paketi həyata keçirilib və bu islahatlar üçün əlavə olaraq illik 6 milyard manat vəsait ayrılması təmin edilib. Son 4 ildə ölkəmizdə əmək müqavilələrinin sayı 30 faiz, əməkhaqqı fondu 2,2 dəfə artıb. 2022-ci ilin 1 may tarixinə isə əmək müqavilələrinin sayında ilin əvvəlinə nisbətən 7 min artım qeydə alınıb.
ŞƏHİD AİLƏLƏRİNƏ, MÜHARİBƏ ƏLİLLƏRİNƏ VƏ DİGƏR HƏSSAS QRUPLARA BÖYÜK QAYĞININ DAVAMI
Dörd il əvvəl ölkəmizdə keçirilən seçkilərdə İlham Əliyevin ölkə seçicilərinin mütləq əksəriyyətinin səsini qazanaraq Prezident seçilməsi onun rəhbərliyi ilə 2003-2018-ci illərdə ölkənin nail olduğu dinamik inkişaf kursunun, o cümlədən sosial sahədə qazanılmış mühüm nailiyyətlərin uğurla davam etdirilməsinə şərait yaratdı. Və 2018-ci ilin aprelində ölkə Prezidenti seçildikdən sonra imzaladığı ilk - 19 aprel 2018-ci il tarixli fərmanın məhz şəhid ailələri ilə bağlı olması və həmin ailələrə növbəti ciddi dəstək tədbirini nəzərdə tutması da bunu sübuta yetirir. Həmin fərmanla, həmçinin 2019-cu ilin yanvar ayında imzalanan digər fərmanla yeni mühüm sosial müdafiə proqramı icra edildi - 1997-ci il avqustun 2-dək ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş hərbi qulluqçuların, daxili işlər orqanları əməkdaşlarının - 12 min şəhidin 18 mindən çox vərəsəsi 11 min manat məbləğində birdəfəlik ödəmə ilə təmin olundu.
Həmçinin, dövlət başçısının 23 dekabr 2021-ci il tarixli fərmanı isə 1997-ci il avqustun 2-dək olan xidmət dövründə ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar, hərbi xidmət vəzifələrini yerinə yetirərkən və ya hərbi xidmət dövründə xəsarət alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçular və daxili işlər orqanları əməkdaşlarının, onlardan vəfat etmiş şəxslərin vərəsələrinin də birdəfəlik ödəmə (I dərəcə əlilliyə görə 8800 manat, II dərəcə əlilliyə görə 6600 manat, III dərəcə əlilliyə görə 4400 manat) ilə təminatını nəzərdə tutur və bu prosesə də yaxın vaxtlarda başlanacaq. Eyni zamanda, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun şanlı tarixi Zəfər əldə etdiyi, torpaqlarımızın Ermənistanın 30 ilə yaxın davam etmiş işğalından azad edildiyi 44 günlük Vətən müharibəsində iştirak edən şəxslərə "Müharibə veteranı" adı verilərək onlara Prezidentin aylıq təqaüdü təyin edildi ki, bu da daha bir sosial dəstək proqramı kimi ictimaiyyət tərəfindən rəğbətlə qarşılandı.Həmçinin, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü olaraq və fondun mühüm sosial layihələrindən biri kimi Abşeron rayonunda çoxmənzilli yaşayış binaları inşa etdirilərək dövlət uşaq müəssisələri məzunlarının istifadəsinə verilib. Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin "Məzun evi" sosial xidmət müəssisəsi kimi fəaliyyət göstərən həmin yaşayış binalarında 365 məzun mənzillə təmin olunub. Bununla yanaşı, müxtəlif ərazilərdəki yeni yaşayış komplekslərində də bu kateqoriyalardan olan şəxslərin mənzillə təminatı davam etdirilir. Dövlət başçısının tapşırığı ilə müharibə əlillərinin avtomobillə təminatı da uğurla davam edir. Son 4 ildə də 1450-dək, ümumilikdə isə ötən dövrdə 7400 müharibə əlili minik avtomobili ilə təmin edilib.
4 İLDƏ MİNİMUM ƏMƏKHAQQI 2,3 DƏFƏ, ORTA AYLIQ ƏMƏKHAQQI 40 FAİZƏ YAXIN ARTIB
Prezident İlham Əliyevin sosial-iqtisadi siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipinin dayanmasının təsdiq edən faktlar və rəqəmlər: 2003-2018-ci illərdə ümumi daxili məhsulun 3,2 dəfə yüksəldiyi ölkəmizdə əhalinin nominal gəlirləri 8,6 dəfə, minimum əməkhaqqı 12,9 dəfə, əməkhaqları təxminən 7 dəfə, pensiyalar 10 dəfədən çox artmışdı. 2018-ci ildən sonrakı köklü sosial islahatlar bu istiqamətdə inqilabi irəliləyişlərə nail olunması ilə nəticələnib. 2019-cu ildə sosial ödənişlər orta hesabla 100 faiz, bəzi sahələrdə daha çox artıb. Pandemiyanın məşğulluğa və rifaha mənfi təsirlərinin qarşısının alınması üçün genişmiqyaslı dəstək proqramları icra olunub. 2022-ci ilin əvvəlindən isə 3,4 milyon şəxsi əhatə edən əməkhaqqı, pensiya və digər sosial ödənişlər artırıldı və bunun üçün illik əlavə olaraq 2,1 milyard manat ayrıldı.Beləliklə, yalnız son 4 ildə minimum əməkhaqqı 2,3 dəfə, orta aylıq əməkhaqqı 40 faizə yaxın artıb. Minimum pensiyada 2,2 dəfə, müavinət və təqaüdlərdə orta hesabla 2,5-3 dəfə, bəzi istiqamətlərdə 3 dəfədən çox artım baş verib.Bir sözlə, dövlət başçımızın dediyi kimi: "Bizim siyasətimiz sosialyönümlü siyasətdir. Çalışırıq bütün əlavə gəlirlərimizi sosial sahəyə yönəldək ki, vətəndaşların rifah halı daha da yaxşılaşsın, işsizliklə bağlı problemlər daha da yüksək səviyyədə həll olunsun və ölkəmizin dinamik inkişafı təmin edilsin. Əlbəttə buna nail olmaq üçün, ilk növbədə, iqtisadi inkişaf olmalıdır və biz bu məsələ ilə bağlı ciddi məşğuluq".
Beləliklə də, əminliklə demək olar ki, Prezident İlham Əliyevin apardığı sosial siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır.
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB