Biləsuvarda doğum günündə şəhidin xatirəsi anılıb FOTOLAR

Biləsuvar şəhərində Vətən müharibəsi şəhidi Astanlı İqbal İlqar oğlunun doğum günü qeyd olunub.Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyəti başçısı Faiq Qürbətov, Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, SHXÇDX-nın Biləsuvar rayon şöbəsinin rəisi Nağı Cəfərov, YAP Biləsuvar rayon təşkilatının bir qrup ərazi partiya təşkilat sədrləri, şəhid valideynləri və ictimaiyyət nümayəndələri II Qarabağ müharibəsində Vətənimizin müdafiəsi uğrunda öz canından keçən, şəhid Astanlı İqbal İlqar oğlunun doğum günü münasibəti ilə ailəsini ziyarət ediblər. Ziyarətçilər şəhidin ailə üzvləri ilə görüşərək ailənin qayğıları ilə maraqlanıblar. Şəhidimizin keçdiyi döyüş yolundan, göstərdiyi xidmətindən və şücaətindən bəhs edilib. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin sentyabrın 27-də başlanan və 44 gündə qələbə ilə başa çatan Vətən Müharibəsinin tarixi əhəmiyyətindən danışaraq, İqbalın və bütün şəhidlərimizin qanının yerdə qalmadığını diqqətə çatdırıblar. Şəhid ailələri və qazilərin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həlli, hər zaman Prezident İlham Əliyev tərəfindən diqqətdə saxlanıldığını vurğulayıblar. Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. Daha sonra ictimaiyyət nümayəndələri ilə birlikdə şəhid İqbal Astanlının məzarı ziyarət olunub, önünə gül dəstələri düzülüb və ruhuna dualar oxunub. Azərbaycan Ordusunun əsgəri olan şəhid Astanlı İqbal İlqar oğlu 10 avqust 1997-ci ildə Biləsuvar şəhərində anadan olub. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan Vətən müharibəsində iştirak edib, döyüşlərdə şücaət göstərib və Talış kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. 2020-ci ilin sentyabr ayının 29-da Biləsuvar şəhər qəbiristanlığında dəfn olunub. Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən şəhid Astanlı İqbal İlqar oğlu ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Allah rəhmət eləsin!

Rəfiqə

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...