Azərbaycan-Türkiyə birliyi regional və beynəlxalq təhlükəsizliyin təminatçısıdır - DEPUTAT ŞƏRH ETDİ

"Azərbaycan və Türkiyənin münasibətləri müttəfiq və ya dost ölkə anlayışlarından daha böyükdür. Biz iki qardaş ölkəyik. Ulu öndərimiz Heydər Əliyevin dediyi «Bir millət, iki dövlət» fikri həqiqətən də reallıqdır. Vətən müharibəsi dostluğumuzun və qardaşlığımızın növbəti sınağı oldu. Vətən müharibəsindən sonra da bu münasibətlər daha da yaxşı inkişaf edir. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, həm xalqımız, həm də bütün dünya bunu İkinci Qarabağ müharibəsi zamanı gördü. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilk gündən dünyaya «Azərbaycan tək deyil, Türkiyə onun yanındadır» mesajını çatdırdı. 44 günlük Vətən müharibəsinin hər günü Azərbaycan-Türkiyə birliyinin, qardaşlığının dünyaya təqdimatı oldu. Çünki bu sevinci Azərbaycan necə yaşadısa, qardaş Türkiyə də eyni şəkildə yaşadı. Türkiyə Vətən müharibəsində olduğu kimi, postmünaqişə dövründə də Qarabağda və Şərqi Zəngəzurda bərpa-quruculuq işlərinə öz dəstəyini verir".
Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov bildirib.
Onun sözlərinə görə, Rəcəb Tayyib Ərdoğan Qarabağımıza ilk səfər edən, həmçinin ilk xarici uçuşu həyata keçirən dövlət başçısıdır: "Füzuli Beynəlxalq Hava Limanının açılışından sonra Zəngilana səfər edən iki dost qardaş ölkənin Prezidentləri Ağalı kəndində "ağıllı kənd" layihəsi çərçivəsində görülən işlərlə tanış oldular, eyni zamanda, "Dost Aqropark"ın təməlini qoydular. "Dost Aqropark" Azərbaycan və Türkiyənin birgə həyata keçirəcəyi investisiya layihəsidir. O da məlumdur ki, Füzuli Beynəlxalq Hava Limanı da Azərbaycan və Türkiyə mütəxəssislərinin birgə səyləri nəticəsində tikilib istifadəyə verilib. Dövlət başçısı İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizdə bərpa-qurculuq işləri başlanan zaman dost ölkələrin bu işlərə cəlb ediləcəyini bildirmişdi. Rəcəb Tayyib Ərdoğanın 10 dekabr 2020-ci ildə Zəfər paradında səsləndirdiyi "Türkiyə və Azərbaycan olaraq bundan sonrakı hədəfimiz bu torpaqları daha abad, daha inkişaf etmiş, uşaqlarımızın daha yaxşı yaşayacağı bir yerə çevirmək üçün mübarizə aparmaqdır. Türkiyə və Azərbaycan kürək-kürəyə verdikcə Allahın izni ilə çətinliklərin öhdəsindən gəlməyə, uğurdan-uğura çatmağa davam edəcəkdir. Allah köməyimiz olsun!" fikirləri də postmünaqişə dövründə iki müttəfiq, qardaş ölkənin görəcəyi işlərin anonsu kimi dəyərləndirildi".
K.Bayramov diqqətə çatdırıb ki, Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarının təntənəli açılış mərasimi keçirildi. Avqustun 9-da Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Türkiyəyə işgüzar səfər çərçivəsində Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarının təntənəli açılış mərasimində iştirak etdilər. Açılış mərasimindən öncə dövlət başçısı İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü keçirildi. Görüşdə Türkiyə Prezidenti dəvəti qəbul edib, tədbirdə iştirak etdiyinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. Dövlətimizin başçısı, eyni zamanda, İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə təşkili ilə bağlı təbriklərini çatdırdı. Söhbət zamanı ölkələrimiz arasında dostluq, qardaşlıq və müttəfiqlik əlaqələrinin bütün sahələrdə uğurla inkişaf etdiyi məmnunluqla vurğulandı. Rəcəb Tayyib Ərdoğan Qarabağdakı son hadisələrlə əlaqədar bir daha Türkiyənin dəstəyini ifadə edərək şəhidlərlə bağlı başsağlığı verdi".
Deputat onu da əlavə edib ki, görüşdə bölgədə postmünaqişə dövrü ilə bağlı fikir mübadiləsi aparıldı, eyni zamanda, iqtisadi, enerji, nəqliyyat və hərbi sahələrdə əməkdaşlıq məsələləri müzakirə olundu: "Azərbaycan-Türkiyə birliyi regional və beynəlxalq təhlükəsizliyin təminatçısıdır. Bu qardaşlıq və müttəfiqlik siyasi, iqtisadi, sosial, mədəni və başqa sahələrdə uğurla inkişaf etdirilir".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə