Müsəlman ölkələrindən birlik nümunəsi - TƏHLİL

Prezident İlham Əliyev: "Biz artıq müzəffər xalqın nümayəndələri, qalib ölkənin nümayəndələri kimi bu Oyunlarda iştirak edəcəyik"

Azərbaycan idmançılarının qazandığı çoxsaylı medallar, ölkəmizin bütün dünyada idman ölkəsi kimi tanınmasında əvəzolunmaz amildir. Mötəbər arenalarda bayrağımızın dalğalanmasında və bu nailiyyətlərin təməlində məhz dövlətin uğurlu idman siyasəti dayanır. Beynəlxalq meydanda yüksək zirvələr fəth etmiş, Olimpiya oyunlarında, dünya və Avropa çempionatlarında xalqımızı qələbə və medallarla sevindirən idmançılarımız bu gün də Müzəffər xalqın idmançıları kimi qələbələrinin sayı artmaqdadır. Bu gün Azərbaycan idmançıları Koniyada keçirilən V İslam Həmrəyliyi Oyunlarında ölkəmizi təmsil edirlər. Bu Oyunların məhz Türkiyənin Konya şəhərində keçirilməsi təsadüfi deyil. Qədim tarixi olan Konya şəhəri İslam sivilizasiyasının mühüm mərkəzlərindən kiri kimi sayılır.

"BİZİM QƏLƏBƏLƏRİMİZ HƏM OLİMPİYA OYUNLARINDA, HƏM DƏ DÜNYA, AVROPA ÇEMPİONATLARINDA ARTIQ ADİ HALA ÇEVRİLİB"

Avqustun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva V İslam Həmrəyliyi Oyunlarında ölkəmizi təmsil edən idmançılarla görüşü zamanı dövlət başçısı çıxışında bildirdiyi kimi, "Bizim idmançılar artıq bütün beynəlxalq yarışlarda öz gücünü təsdiqləmişlər. Azərbaycan bu gün dünyada güclü idman ölkəsi kimi tanınır və bizim qələbələrimiz həm Olimpiya Oyunlarında, həm də dünya, Avropa çempionatlarında artıq adi hala çevrilib. Azərbaycan azarkeşləri də bir növ buna öyrəşiblər. Əminəm ki, idmançılarımız bu dəfə də gözəl nəticə göstərəcəklər. Artıq birinci qızıl medalımız var". Cənab Prezident bu gözəl nəticənin digər idmançılar üçün də gözəl bir stimul olacağını bildirib.
V İslam Həmrəyliyi Oyunlarında 56 ölkədən atletlər idmanın 24 növü üzrə 483 dəst medal uğrunda mübarizə aparır. Azərbaycanı İslamiadada 281 idmançı təmsil edir. Onlar ağır atletika, atıcılıq, atletika, basketbol 3x3 (qadınlar və kişilər), cüdo, futbol, güləş, gimnastika, aerobika, bədii gimnastika, həndbol (qadınlar və kişilər), karate, kikboksinq, qılıncoynatma, oxatma, para-oxatma, para-atletika, para-üzgüçülük, stolüstü tennis, taekvondo, velosiped, voleybol (qadınlar və kişilər) və üzgüçülük yarışlarında güclərini sınayırlar.
Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan idmançıları 162 medalla (75 qızıl, 50 gümüş və 37 bürünc) birinci oldular. Türkiyə ikinci (195 medal), İran üçüncü (98 medal), Özbəkistan dördüncü (63 medal), Bəhreyn (21 medal) isə beşinci yerdə qərarlaşdı. Növbəti Oyunların Konyada keçirilməsinin bizim üçün əlavə imkanlar yaradacağını bildirən dövlət başçısı qeyd edib ki, bu Oyunlar həm idman bayramı, həm də İslam həmrəyliyi bayramı kimi yadda qalacaq: "Beş il bundan əvvəl Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunlarında bizim komandamız çox gözəl nəticə göstərmişdir, komanda hesabında birinci olmuşdur. Eyni zamanda, Bakıdakı Oyunlar İslam həmrəyliyinin güclənməsinə təkan vermişdir. Çünki müsəlman ölkələrinin idmançıları bir müddət bir-biri ilə sıx təmasda olmuşlar. Əminəm ki, burada da siz yeni dostlar tapacaqsınız. Çünki bu Oyunlar həm idman yarışıdır, həm də ki, müsəlman ölkələri arasındakı birliyi, həmrəyliyi, dostluğu möhkəmləndirən amildir".

"İLK DƏFƏ OLARAQ AZƏRBAYCAN İDMANÇILARI İSLAM HƏMRƏYLİYİ OYUNLARINDA QALİB ÖLKƏNİ TƏMSİL EDƏCƏKLƏR"

Bu gün dövlət tərəfindən idmanın kütləviliyi təmin edilərək ölkədə sağlam nəsl formalaşdırılıb. Bu, sağlam gələcək deməkdir. Gənclik və idman bir-birini tamamlayan məfhumlardır və gənclərimiz təkcə idman sahəsində deyil, bütün sferalarda aktivliyi ilə seçilir. Ölkənin ictimai-siyasi, sosial-iqtisadi həyatında fəal iştirak edirlər.
Müasir dövrümüzdə vətənpərvər ruhda böyüyən Azərbaycan gəncləri 44 günlük Vətən müharibəsində Azərbaycan Prezidenti, Ali Baş Komandanın rəhbərliyi ilə möhtəşəm qələbəniin qazanılmasında böyük şücaət göstərdilər. Artıq Azərbaycan idmançıları mötəbər yarışlarda Qalib xalqın idmançısı kimi təmsil olunurlar. "İlk dəfə olaraq Azərbaycan idmançıları İslam Həmrəyliyi Oyunlarında qalib ölkəni təmsil edəcəklər", - deyən Azərbaycan Prezidenti bunun hamımız üçün böyük qürurverici hadisə olduğunu bildirib: "Çünki biz artıq müzəffər xalqın nümayəndələri, qalib ölkənin nümayəndələri kimi bu Oyunlarda iştirak edəcəyik. Döyüş meydanlarında əldə edilmiş Qələbə idman yarışlarında da özünü əks etdirəcək… Əminəm ki, hər zaman olduğu kimi, Azərbaycanın idman bayrağı, idman şöhrətimiz yüksəklərdə olacaq və siz Vətənə qələbələr, müvəffəqiyyətlər, uğurlarla qayıdacaqsınız".

Əlbəttə ki, Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi qayğı və diqqəti nəticəsində Azərbaycan Respublikası bu gün öz tarixinin çox şərəfli, böyük irəliləyişlər, inkişaf və tərəqqi dövrünü yaşamaqdadır. Azərbaycan idmanı bundan sonra da sürətlə inkişaf edəcək və mötəbər arenalarda bayrağımız əbədi dalğalanacaqdır.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...