Təbiət ilə harmoniyada olan bir gələcək yaradaq TƏHLİL

Müasir dünyamızı narahat edən məsələlər sırasında ətraf mühitin, planetimizin qorunması yer alır. Beynəlxalq ictimaiyyət, siyasi və elmi dairələr ətraf mühitlə bağlı problemlərin həllində maraqlıdırlar. Dünyada yaşayan insanlar ekoloji problemlərə xüsusi önəm verərək planetimizə görə məsuliyyət daşıyırlar. Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri, Ətraf Mühitin Mühafizəsi Fəaliyyəti üzrə Beynəlxalq Dialoq kampaniyasının təsisçisi Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələr sırasında planetimiz üçün əhəmiyyətli olan amillər də diqqətdə saxlanılır. Leyla Əliyeva çıxışlarının birində bildirib ki, dünyanın müxtəlif hissələrində iqlim dəyişikliyi, karbon qazı tullantılarının artması, atmosferə atılan istixana qazlarının artımı, okean dəyişkənlikləri, quraqlıqlar və digər humanitar problemlərdən əmələ gələn ekoloji problemlərə gənc nəsil laqeyd qala bilməz. Heydər Əliyev Fondunun vitse-prezidentinin təşəbbüsü ilə yerli və beynəlxalq tərəfdaşlarla birgə mütəmadi olaraq Azərbaycan və regionun su bioresurslarının qorunub saxlanılması, artırılması və mühafizəsi məqsədilə Xəzər sahillərində, Kür və digər çaylarda təmizlik aksiyaları təşkil edilir. IDEA İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən sahilyanı təmizlik aksiyaları dəniz sahillərində təmizliyə riayət olunmasını təbliğ etmək, sahilyanı ərazilərin məişət tullantıları ilə zibillənməsinin qarşısını almaq və bütün gəncləri dəniz ətraf mühitinin mühafizəsi uğrunda mübarizəyə cəlb etmək idi. "Sahillər təmiz qalsın" şüarı altında keçirilən təmizlik aksiyası böyük əhəmiyyətə malikdir.

ŞƏHƏR EKOLOGİYASININ SÜTUNU OLAN YAŞILLIQLAR BƏRPA OLUNUR

Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Bizim həyət" layihəsi çərçivəsində tədbirlər davamlı olaraq reallaşır. Yaşıllıqların şəhər ətrafındakı insanların sosial həyatı və sağlamlığı üçün faydasını nəzər alaraq, İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə 2017-ci ildən Bakının abadlaşdırmaya ehtiyacı olan həyətləri, parkları və meydançaların bərpasına, yaxşılaşdırılmasına yönəlmiş "Bizim həyət" layihəsi həyata keçirilir. Layihə başlayandan etibarən vətəndaşların müraciətləri nəzərə alınaraq tədbirlər həyata keçirilir. İnsanların abad yerdə, açıq havada vaxt keçirməsinə şərait yaratmağa öz töhfəsini verir. Layihə çərçivəsində daha bir tədbir reallaşıb. Paytaxtımızın bir çox yerlərində abadlaşan həyətlər insanların rahatlığının və istirahətinin təminatından mühüm əhəmiyyətə malikdir. Nərimanov, Yasamal, Binəqədi kimi rayonlarının bəzi yerlərində "Bizim həyət" layihəsi çərçivəsində həyətlər abadlaşıb. Bu günlərdə daha bir həyət sakinlərin ixtiyarına verilib. Belə ki, paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Şamil Kamilov küçəsi 5, 7, 9 və 11 ünvanlarında 850 nəfər sakinin yaşadığı çoxmərtəbəli binaları əhatə edir. Abadlaşdırılan həyətdə əlil və sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması, gənclərin asudə vaxtlarını səmərəli keçirmələri və onlarda sistematik idmanla məşğulolma refleksinin yaradılması məqsədilə ərazidə süni örtüklü minifutbol stadionu, şahmat meydançası, müxtəlif idman qurğuları, uşaq meydançaları salınıb. Eyni zamanda, ərazidə 4 söhbətgah, çoxsaylı oturacaqlar, tullantılar üçün qutular, quş yuvaları və pişik evləri quraşdırılıb.
Həyətin ərazisindəki yaşıllıqların bərpa olunması ətraf mühitin təmizlənməsinə müsbət təsirini göstərir. 280 ədəd müxtəlifcinsli ağac və minlərlə kol əkilib, 3 min kvadratmetr ərazidə yaşıllıq zolağı salınıb ki, bu da sakinlərin burada istirahətinin təminində mühüm rola malikdir. Əlbəttə ki, "Bizim həyət" layihəsinin əsas məqsədi ölkə ərazisində həyətlərin ekoloji cəhətdən təmiz və abad edilməsi, şəhər ekologiyasının sütununu təşkil edən yaşıllıqların bərpasıdır. Sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılması üçün görülən işləri insanlar məmnunluqla qarşılayırlar. Əlbəttə ki, görülən işlər ətraf mühitin təmizlənməsinə, ekoloji təmizliyə xidmət edir. Leyla Əliyeva fəaliyyətində ətraf mühitin mühafizəsinə, planetimizin üzləşdiyi ekoloji təhlükənin aradan qaldırılmasına davamlı olaraq töhfələr verir. İDEA-nın reallaşdırdığı layihələr sırasında "Daha yaşıl bir Azərbaycan üçün bizə kömək et!" devizi ilə ağacəkmə aksiyası çərçivəsində çoxlu sayda Eldar şamı, Kiparis, Şərq çinarı və digər ağaclar əkilib.

"BİZ BİR DÜNYA, BİR GƏLƏCƏK NAMİNƏ ÖHDƏMİZƏ DÜŞƏN MƏSULİYYƏTİ ÖZ ÜZƏRİMİZƏ GÖTÜRÜRÜK"

Leyla Əliyeva nəinki Azərbaycan gənclərini, eləcə də bütün dünya gənclərini ekoloji problemlərin həllində həmrəyliyə çağırır: "Bütün dünyada gənclər ətraf mühit problemlərinin aradan qaldırılması yollarını axtarırlar. Həyatımızı təmin edən təbiət ilə harmoniyada olan bir gələcək yaratmaq imkanı öz əlimizdədir. Biz beynəlxalq səviyyədə fəaliyyət göstəririk, çünki ətraf mühit heç bir sərhəd tanımır. Biz hamımız bu işdə birik, qarşıda duran çətin məsələlərin öhdəsindən gəlmək və əla fürsətlər əldə edə bilmək üçün birlikdə çalışmalıyıq. Biz dialoq qurmağa önəm veririk, çünki öyrənməli çox şey var və sağlam dialoq üzərində qurulan əlaqələr həmrəyliyin əsasını təşkil edir. Biz hər şeydən daha çox ətraf mühitin qayğısına qalırıq. Biz fəaliyyətimizdə qətiyyətliyik. Hər kəsi birgə fəaliyyətə çağırırıq, gənclərin bu sahədə praktik addımları bəşəriyyətin ekoloji problemlərinin həllini təmin edə bilər. Biz bir dünya, bir gələcək naminə öhdəmizə düşən məsuliyyəti öz üzərimizə götürürük!"

"MƏNİM DƏNİZLƏRİM, MƏNİM OKEANLARIM"

Leyla Əliyevanın təşəbbüsü ilə dənizkənarı ərazilərdə mövcud özəl istirahət mərkəzləri və pullu çimərliklərə alternativ olaraq ictimai çimərliklərin yaradılmasına başlanıldı. İlk olaraq belə çimərlik Şıx çimərlik ərazisində dəniz kənarında 6 hektar sahədə yaradıldı. Əvvəllər baxımsız vəziyyətdə olan ərazi təmizlənərək abadlaşdırılıb, vətəndaşların istirahəti üçün bütün şərait yaradılıb. Dəniz kənarına uzanan yola asfalt çəkilib, 3500 kvadratmetr ərazidə avtomobil dayanacağı yaradılaraq asfaltlaşdırılıb. Burada 60 kölgəlik, 6 yerdə soyunub-geyinmə kabinaları, 2 yerdə duş, 2 yerdə 2 kabinalı sanitariya qovşağı, istirahətə gələn vətəndaşların nahar etmələri üçün 2 söhbətgah quraşdırılıb, futbol və voleybol meydançaları yaradılıb. Vətəndaşların istirahətlərinin təşkili üçün çimərlik ərazisinə kifayət qədər oturacaq və qamaklar qoyulub, ərazi boyunca zibil konteynerləri quraşdırılıb
Görülən işlər bura istirahət üçün üz tutan insanlar tərəfində böyük məmnunluqla qarşılanır. Buzovna və Görədil qəsəbələrində də növbəti çimərliklər yaradılaraq vətəndaşların istifadəsinə verildi. Əvvəllər baxımsız vəziyyətdə olan ərazilər təmizlənərək abadlaşdırılıb, burada tələbata uyğun sayda kölgəlik, soyunub-geyinmə kabinələri, duş, sanitariya qovşaqları, istirahətə gələn vətəndaşların nahar etmələri üçün söhbətgahlar quraşdırılıb, futbol və voleybol meydançaları yaradılıb, dəniz kənarına uzanan yola asfalt çəkilmiş, avtomobil dayanacağı yaradılıb və asfaltlaşdırılıb.Yaradılan ictimai çimərliklərə giriş və digər xidmətlərdən istifadə pulsuzdur. Ərazinin təmizliyini lazımi səviyyədə saxlanılması üçün burada xidmət personalı fəaliyyət göstərir. Əlbəttə ki, paytaxt sakinləri və eləcə də şəhərimizin çoxsaylı qonaqlarının istək və arzuları, onların IDEA İctimai Birliyinə müraciətləri nəzərə alınaraq birliyin təsisçisi Leyla Əliyevanın təşəbbüsü ilə paytaxtın dənizkənarı ərazilərində mövcud özəl istirahət mərkəzləri və ictimai çimərliklər yaradıldı.
Bu yaxınlarda Cenevrədə keçirilən "Mənim dənizlərim, mənim okeanlarım" sərgisinin açılışında iştirak edən Leyla Əliyeva bildirib ki, bəşəriyyət çaylara, dənizlərə və okeanlara ciddi zərbə vurur. Qeyd edək ki, sərgi Heydər Əliyev Fondunun və IDEA İctimai Birliyinin təşəbbüsü, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə şəhərindəki bölməsi və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi yanında daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilmişdi. Dünyanın 70 faizindən çox ərazisini tutan su ehtiyatları, dəniz və okeanların ekoloji sisteminin getdikcə daha çox mənfi təsirlərə məruz qaldığı bir zamanda keçirilən sərgidə öz əsərləri ilə iştirak edən rəssamlar, eləcə də sərginin kuratorları bu cür mühüm mövzunu incəsənət vasitəsilə ictimailəşdiriblər.

"BİZİ, İLK NÖVBƏDƏ, XOŞBƏXT EDƏN ELƏ TƏBİƏTİN ÖZÜDÜR"

Heydər Əliyev Fondunun vitse-prezidenti "Bu sərgi incəsənət vasitəsilə diqqəti bəzi qlobal məsələlərə yönəltmək üçün fürsətdir", - deyərək bildirib ki, IDEA-da biz ətraf mühitin qorunmasının vacibliyi mesajını çatdırmaq üçün həmişə incəsənət və bədii yaradıcılıqdan bəhrələnirik: "Təşkilatımız 2011-ci ildə təbiətimizi və biomüxtəlifliyimizi qorumaq missiyası ilə yaradılmışdır. Biz insanları təhsilə, incəsənətə, musiqiyə, maarifləndirməyə və ən əsası təbiətdə daha çox zaman keçirməyə təşviq etmək istəyirik". IDEA, həmçinin çirklənmə ilə mübarizəyə, heyvanların və dənizlərdə həssas ekosistemin qorunmasına diqqət yetirir. Çünki su bəşəriyyətin varlığı üçün vacibdir, su həyatdır. Qeyd edib ki, son 50 ildə dəniz canlılarının 50 faizinin məhv olduğunu etiraf etmək çox çətindir: "Təbiəti incitsək, bununla biz, ilk növbədə, özümüzə zərər vermiş olarıq. Lakin mən həqiqətən inanıram ki, yoxa çıxan parçaları müsbət düşüncə ilə geri qaytara bilərik. Düşünürəm ki, insanlar nə qədər xoşbəxt olsalar, təbiətə daha çox qayğı göstərərlər. Bizi, ilk növbədə, xoşbəxt edən elə təbiətin özüdür".

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə