TARİXİ QƏLƏBƏ, BÖYÜK QAYIDIŞ TƏHLİL

PREZİDENT İLHAM ƏLİYEV: “Siz köçkün deyilsiniz, siz qayıdırsınız”

Bəli, sözü imzası qədər qüvvətli olan lider, Ali Baş Komandan İlham Əliyev bu günə qədər verdiyi bütün vədləri yerinə yetirib. Çünki sözü imzası qədər qüvvətli olan Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi ilk gündən həyata keçirdiyi siyasət respublikamızın davamlı yüksəlişini, möhkəmlənməsini, qüdrətlənməsini təmin edib. Ən böyük qələbəmiz 30 illik bir mücadilənin Zəfərlə başa çatması oldu. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz ötən il sentyabrın 27-də təcavüzkar Ermənistanın işğalı altında saxladığı əzəli torpaqlarımızın azad olunması uğrunda müharibəyə başladı. Savaşın hər səhər-axşamı qələbəyə təşnə olanların gözləri yollarda, qulaqları səsdə oldu. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərinin, kənd və qəsəbələrin, adlı-adsız yüksəkliklərin azad olunması xəbəri köçkünlərimizin yanğılı ürəklərinə su sərpdi. Noyabrın 8-i isə Ali Baş Komandan İlham Əliyev yerə-göyə sığmayan sevincini arxalandığı, ürək qızdırdığı xalqı ilə bölüşərək, “Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, Zəfərimizin günüdür!”, – dedi və belə bir müjdəni xalqa çatdırmaqla bəlkə də həyatında ən xoşbəxt günlərindən birini yaşadığını söylədi: “Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, ulu öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”.

DUALARIMIZN ÇİN OLDUĞU MÜQƏDDƏS MƏQAM

Bəli, bu günlər Azərbaycan xalqı olaraq, sözün əsl mənasında, möcüzə dediyimiz tarixi anlara şahidlik edir, dualarımızın çin olduğu müqəddəs məqamlar yaşayırıq. Eynilə qalib sərkərdə İlham Əliyevin Ağdam məscidinə Məkkədən gətirdiyi müqəddəs Qurani-Kərimi bağışlayarkən torpaqlarımızın işğaldan azad olunmasından duyduğu xoşbəxtlik hissini dilə gətirdiyi kimi: "...Xoşbəxtəm ki, mən ailə üzvlərimlə bərabər müqəddəs Kəbənin içində dualar etmişəm. Hər bir insanın ürəyində nə varsa, mənim ürəyimdə də eyni duyğulardır. Etdiyim duaların arasında birinci duam torpaqlarımızın işğaldan azad edilməsi idi. Allahdan xahiş edirdim, mənə güc versin ki, biz torpaqları işğalçılardan azad edək, o xoşbəxtliyi bizə nəsib etsin, biz yenə də dədə-baba torpağımıza qayıdaq". Bəli, məhz xalqımızın hər bir şəxsinin, ən ali şəxsindən, ən sıravi üzvünə qədər saf və ülvi hisslərlə Vətənə bağlılığı idi ki, bizə şər üzərində qələbə çalmağa güc verdi, haqqı nahaqqa qurban verməmək üçün xalqımızı qüvvətli etdi. Mənfur düşməndən fərqli olaraq, Qarabağ, Zəngəzur bizim üçün sadəcə torpaq deyil, bu torpağın hər qarışı qəhrəman oğullarımızın qanları ilə suvarılaraq Vətənə çevirdiyi müqəddəs məkandır. Məhz buna görədir ki, igid oğullarımız 30 ildir dədə-baba yurdumuza göz dikərək maddi-mədəni abidələrimizi məhv edən, orada Azərbaycan xalqına məxsus bütün izləri silməyə çalışaraq zorla özünü Qarabağımıza, Zəngəzurumuza yamamaq istəyən düşməni cəmi 44 gün ərzində qarşısında diz çökdürdü. Dədə-baba torpağından didərgin düşən yüz minlərlə vətəndaşımızın Vətən həsrətinə son qoyuldu, möhtəşəm Böyük qayıdış başladı... Böyük Qayıdışın başlanğıcı - 2017-ci ildə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində qoyulmuşdu. 2016-cı ildə Azərbaycan Ordusunun Aprel zəfəri ilə azad olunan bu Vətən torpağımız doğma sakinlərinə sevinclə qucaq açan ilk yurdumuz olmuşdu. Həmin gün, illərdən sonra yenidən öz yurd-yuvalarına qayıdan soydaşlarımızın yanında olan Prezident İlham Əliyev Lələtəpədə və digər işğaldan azad edilən ərazilərdə dalğalanan Azərbaycan bayrağının, gün gələcək Şuşada dalğalanacağını da bütün dünyaya bəyan etmişdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Cəbrayılda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirmişdir: "Cəbrayılın azad olunması artıq beş il bundan əvvəl başlamışdı. Aprel döyüşləri nəticəsində Cocuq Mərcanlı kəndinə insanları qaytarmaq üçün imkanlar əldə edildi. Strateji yüksəkliklər işğalçılardan azad olunandan sonra Cocuq Mərcanlıya həyatın qayıtması artıq mümkün olmuşdur və bu, bizim önəmli qələbəmiz idi. Çünki bu, uzun fasilədən, atəşkəsdən sonra ilk böyük qələbəmiz idi".

Dövlət başçısı onu da bildirmişdir ki, o vaxt işğalçı Ermənistan bu qələbəni kiçiltmək istəmişdilər: «Hətta bəyan edirdilər ki, bu, o qədər də böyük əhəmiyyət daşıyan ərazilər deyil və sanki Ermənistan tərəfi qalib gəlmişdi. Mən hələ o vaxt deyirdim ki, biz gəlmişik, onların qazdıqları səngərlərdə yerləşmişik, necə ola bilər ki, Ermənistan burada qalib gəlib?! Biz o vaxt böyük ərazini, əlbəttə ki, o vaxt üçün böyük ərazini - bir neçə min hektarı azad etmişdik və təqribən 9-10 min hektar əraziyə nəzarəti əlimizə keçirmişdik. Təkcə bu istiqamətdə yox, eyni zamanda, Ağdərə istiqamətində çox önəmli strateji yüksəklikləri biz o vaxt götürdük ki, İkinci Qarabağ müharibəsində bu yüksəkliklərin çox böyük əhəmiyyəti olmuşdur. O vaxt biz haqlı olaraq Aprel döyüşlərindəki qələbəni Ordumuzun şanlı qələbəsi kimi qeyd edirdik və bizim qayıdışımızın da başlanğıcı məhz o vaxt olmuşdur....Yəni, bizim “Böyük Qayıdış”ımız Cəbrayıldan başlamışdır və İkinci Qarabağ müharibəsindəki birinci ciddi uğurumuz da məhz Cəbrayıl şəhəri ilə, Cəbrayıl rayonu ilə bağlıdır. Bu, ölkəmizin tarixində əbədi qalacaq bir hadisədir. Çünki İkinci Qarabağ müharibəsindəki Qələbəmiz tarixi qələbədir. Buna bənzər Qələbə xalqımızın çoxəsrlik tarixində olmamışdır. Bütün xalq bu Qələbəni əldə etmək üçün birləşdi, Ordumuzun arxasında durdu və Ordumuz Ali Baş Komandanın əmrlərini ləyaqətlə yerinə yetirdi. Bir daha demək istəyirəm ki, qəhrəmanlıq, fədakarlıq göstərərək, qan tökərək, şəhidlər verərək biz tarixi ədaləti bərpa etdik, düşməni öz torpağımızdan qovduq, düşmənə lazımi dərsi verdik. Düşmən bizim qabağımızda diz çökdü, ağ bayraq qaldırdı və bundan sonra Azərbaycan xalqı əbədi olaraq qalib xalq kimi yaşayacaq".

“SİZ KÖÇKÜN DEYİLSİNİZ, SİZ QAYIDIRSINIZ”

44 günlük Vətən müharibəsində qazandığımız parlaq zəfərin üzərindən heç bir gün keçməmiş, Müzəffər Ali Baş Komandan İlham Əliyev yurdlarından didərgin salınan yüz minlərlə insanın tezliklə doğma torpaqlarına qovuşacağının müjdəsini vermiş, demişdi: «Siz köçkün deyilsiniz, siz qayıdırsınız". Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşü zamanı bildirib ki, burada oturanlar, bizim minlərlə əsgər və zabitlərimiz sizi öz doğma dədə-baba torpaqlarınıza qaytarırlar: "Biz Azərbaycan dövləti isə əlimizdən gələni edəcəyik ki, sizi tezliklə qaytaraq. İlk növbədə, əlbəttə, təhlükəsizlik tədbirləri görülməlidir. Mənfur düşmən o bölgələrdə demək olar ki, hər yerə minalar döşəyib. İndi minalardan təmizləmə prosesi getməlidir. Biz indi beynəlxalq təşkilatları da cəlb edəcəyik. Çünki qısa müddət ərzində bunu etmək üçün bizdə daxili imkanlar məhduddur. İlk növbədə, təhlükəsizlik, ondan sonra infrastruktur, ondan sonra bütün başqa bərpa məsələləri öz həllini tapacaq. Eyni zamanda, bildiyiniz kimi, bu 44 gün ərzində düşmən öz məğlubiyyətinin acısını mülki vətəndaşlardan çıxarmaq istəyirdi". Dövlət başçısı onu da bildirdi ki, bizim vətəndaşlarımız tam əmin ola bilərlər ki, onların itirilmiş bütün mülkiyyəti bərpa ediləcək: «Mən söz verirəm ki, onlar üçün tikiləcək evlər, əvvəlki evlərdən daha yaxşı olacaq, daha keyfiyyətli olacaq, daha geniş olacaq. Biz bunu edəcəyik". Bəli, bu gün görülən işlər, Şərqi Zəngəzurda və Qarabağda böyük quruculuq və bərpa işləri aparılır. İşğaldan azad edilən torpaqlarımızda infrastruktur yenilənir, yollar çəkilir, beynəlxalq hava limanları tikilir. Eyni zamanda barbar ermənilərin illərlə divan tutduğu tarixi, mədəni, dini irsimiz bərpa olunur. Yeni şəhərlərin təməli qoyulur, "ağıllı kənd"lər salınır...

"AĞILLI KƏND" KONSEPSİYASI İLƏ QURULMUŞ MÖHTƏŞƏM MƏKAN

Budur, artıq ilk "ağıllı kənd"imiz Zəngilanın Ağalı kəndi yeni sakinlərinə qovuşur. Müasir şəhərsalma standartları tətbiq olunmaqla yenidən qurulan kənddə, bu il mayın 27-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə "ağıllı kənd" layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi keçirilib. Ağalı kəndinin mərkəzi meydanında otuz ilə yaxın müddətdə işğal altında qalan əzəli torpaqlarda sülhün əbədi gerçəkləşdirilməsini təcəssüm etdirən göyərçin abidə-fəvvarə kompleksi də elə dövlət başçısı İlham Əliyev tərəfindən işə salınıb. Ağalı kəndi bu gün nəinki Azərbaycanda, ümumiyyətlə, Cənubi Qafqazda ilk "ağıllı kənd" konsepsiyası ilə qurulmuş möhtəşəm məkandır.

"BİZ, BU TORPAQLARIN ƏBƏDİ SAHİBLƏRİ QAYITMIŞIQ"

Göründüyü kimi, dövlət başçısı İlham Əliyevin şəxsi diqqəti və nəzarəti altında müharibədən ötən qısa müddət ərzində böyük quruculuq meydanına çevrilən Qarabağ və Şərqi Zəngəzur artıq doğma sakinlərini qəbul etməyə başlayıb. Çox tezliklə, bütün keçmiş məcburi köçkünlər Azərbaycanın qələbə bayrağı ilə bəzədilmiş karvanlarla doğma yurdlarına dönəcəklər. Çünki bu torpqların əbədi və daimi sahibləri öz doğma – dədə, baba yurdlarına qayıdıb. Sonda fəxrlə deyə bilərik ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi və bilavasitə nəzarəti altında işğaldan azad olunmuş ərazilərdə «Böyük Qayıdış» üçün bütün zəruri tədbirlər həyata keçirilir, yaşayış evləri, sosial, yol-nəqliyyat, iqtisadi infrastruktur sürətlə bərpa edilir. Və bu gün hamı «Böyük Qayıdış»ı gözləyir, o günə çox az qalıb...

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...