Erməni təxribatları nə qədər davam edəcək? - DEPUTAT MÖVQE BİLDİRDİ

"10 noyabrda imzalanan üçtərəfli bəyanatla Azərbaycanla Ermənistan arasındakı münaqişə rəsmən bitmiş hesab olundu. Bu sənəd Ermənistan üçün kapitulyasiya aktıdır və Azərbaycanın diktə etdiyi bütün şərtləri qarşı tərəf qəbul edib. Çünki Ermənistan üçün alternativ yol qalmamışdı". Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Badamov deyib.

Onun sözlərinə görə, üçtərəfli bəyanatın imzalanmasından keçən müəyyən müddətdə erməni təxribatları baş vermədi: "Növbə üçtərəfli bəyanatın şərtlərinin icrası mərhələsinə çatanda ermənilər yenidən təxribatlara əl atır və öhdəsinə götürdüyü öhdəliklərini bu yolla icra etmədən uzatmağa çalışırlar. Ona görə də arada-bir anti-terror əməliyyatıları və Qisas əməliyyatını aparmağa məcbur qalırıq.

Azərbaycanın apardığı qısa anti-terror əməliyyatından sonra müəyyən məsələlər öz həllini tapmağa başlayır. Ona görə də anti-terror əməliyyatlarımızın aparılması qaçılmazdır. Məhz, "Dəmir Yumruğ"umuzu yenidən hiss edəndə ermənilərin ağılları başlarına bir az da olsa qayıtmağa başlayır".

Deputat sözlərinə belə davam edib: "Sual olunur ki, erməni təxribatları nə qədər davam edəcək?. Bu sualın yeganə cavabı Ermənistanla dövlət sərhədimizə tikanlı məftil çəkilənə qədər demək olar. Nə qədər ki, erməni separatçıları və sülhməramlılar Qarabağda qalacaq, təxribatlar da mütəmadi baş verəcək.

Hesab edirəm ki, erməni separatçıları üçün təxribatların senarisi kənardan yazılır. Yoxsa ermənidə təxribat keçirməyə nə hal, nə də can yoxdur. Ona görə də ilk növbədə ermənilərin silahlı tör-töküntülərindən Qarabağı təmizlənməli və orada yaşayan ermənilər vətəndaşlığımızı qəbul etməlidirlər. Artıq sosial şəbəkələrin erməni seqmentində bunu biruzə verən meyllər eşidilməkdədir.

Qarabağ iqtisadi rayonunda yaşayan sadə ermənilər bilirlər ki, Azərbaycan vətəndaşlığını qəbul edib bayrağımızın altında yaşamaqlarında başqa yolları da yoxdur. Bütün bunları nəzərə alaraq hesab edirəm ki, 10 noyabrda imzalanmış üçtərəfli bəyanatın bütün maddələrin icrası erməni təxribatların bitməsi hesab etmək olar. Çünki bu bəyanata əsasən ermənilərlə azərbaycanlılar arasında birgə yaşayış formalaşmalı və Ermənistanın Azərbaycana qarşı olan bütün iddialarından əlçəkərək ölkəmizin ərazi bütövlüyünü tanımalıdır. Hesab edirəm ki, bundan sonra Cənubi Qafqaza dayanıqlı sülh və əməkdaşlıq mühiti gələcək".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə