"Azərbaycanın Tayvan məsələsində mövqeyini yüksək qiymətləndiririk" - Səfir

Çin Xalq Respublikasının (ÇXR) Azərbaycandakı səfiri Qo Min ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfərini şərh edib. Səfirin SİA-ya daxil olan bəyanatında deyilir ki, avqustun 2-də ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosi Çin tərəfinin qəti etirazlarına və sərt xəbərdarlıqlarına baxmayaraq Tayvana səfər edib. Bu, vahid Çin prinsipinin və üç Çin-ABŞ birgə kommünikesinin müddəalarının ciddi şəkildə pozulması, Çin-ABŞ münasibətlərinin siyasi təməlinə ciddi zərbə vurmaq, Çinin suverenliyi və ərazi bütövlüyünün kobud şəkildə pozulmasıdır ki, bu da Tayvan boğazı bölgəsində sülh və sabitliyə zərər verəcək, eyni zamanda tanınmamış Tayvanın "müstəqilliyinə" çağıran separatçı qüvvələrə çox səhv siqnal göndərir.

"Çin tərəfi qəti olaraq buna qarşı çıxır, qeyd edilən addımı pisləyir, sərt münasibətini ortaya qoyub və Amerika tərəfinə kəskin etirazını bildirib

Dünyada yalnız bir Çin var və Tayvan Çinin ayrılmaz hissəsidir. Çin Xalq Respublikası hökuməti BMT-nin 1971-ci il tarixli 2758 saylı qətnaməsində aydın şəkildə müəyyən edildiyi kimi, bütün Çini təmsil edən yeganə qanuni hökumətdir. 1949-cu ildə ÇXR-in yaranmasından indiyədək 181 ölkə onunla beynəlxalq birliyin universal konsensusunu və beynəlxalq münasibətlərin fundamental normasını təmsil edən “Vahid Çin” prinsipi əsasında diplomatik əlaqələr qurub", - xanım səfir deyib.

Diplomat əlavə edib ki, Tayvan məsələsi Çin-ABŞ münasibətlərində ən mühüm və həssas məsələdir: "Bu gün Tayvan boğazında vəziyyət getdikcə daha da gərginləşir və ciddi çağırışlar var. Əsas səbəb Taypey rejimi və Vaşinqtonun status-kvonu dəyişmək cəhdləridir. Tayvan səlahiyyətliləri Birləşmiş Ştatlara söykənərək qondarma müstəqillik əldə etmək fikrindədir, 1992-ci il konsensusu tanımaqdan imtina edirlər. Onlar “desinfikasiya” kursu götürüblər və “salami taktika”sı ilə separatçı planı reallaşdırmağa çalışırlar. Vaşinqton Tayvanı Çinə qarşı alət kimi istifadə edərək, "Vahid Çin" prinsipini davamlı olaraq təhrif edir və zəiflədir, Taypey rejimi ilə rəsmi əlaqələri aktivləşdirir və adadakı separatçı qüvvələrə dəstək verir. Belə bir avantüra böyük təhlükə yaradır. Anlamaq lazımdır ki, odla oynayanlar mütləq özlərini yandıracaqlar. Çin hökumətinin və xalqının Tayvan məsələsində mövqeyi dəyişməzdir. Dövlətin suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə qorumaq 1,4 milyarddan ibarət olan Çin xalqının sarsılmaz iradəsidir və Vətənin tamamilə birləşdirilməsi bütün çinlilərin ümumi arzusu və müqəddəs borcudur.

Tarixin cərəyanını tərsinə çevirmək mümkün olmadığı kimi, xalqın iradəsinə qarşı çıxmaq da qəbuledilməzdir. Heç bir ölkə, heç bir güc və heç kim Çin hökumətinin və xalqının milli suverenliyi və ərazi bütövlüyünü qorumaq, ölkəni birləşdirmək və Çin millətinin dirçəlişi üçün möhkəm əzmini, sarsılmaz iradəsini və qüdrətli qabiliyyətini qiymətləndirməyə bilməz. Pelosinin Çin Tayvanına səfəri ilə əlaqədar Pekin, şübhəsiz ki, dövlət suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün bütün lazımi tədbirləri görəcək və bundan irəli gələn bütün nəticələrə görə məsuliyyət tamamilə ABŞ-ın və Tayvanın "müstəqilliyinin" tərəfdarı olan separatçı qüvvələrin üzərində olacaq".

Səfir bu məsələdə Azərbaycanın da mövqeyinə toxunub: "Çin və Azərbaycan ənənəvi dostluq və əməkdaşlıq tərəfdaşlarıdır. Çin tərəfi Azərbaycanın vahid Çin prinsipinə möhkəm sadiq qalmasını və Tayvanı Çin ərazisinin ayrılmaz hissəsi kimi tanımasını yüksək qiymətləndirir. Çin tərəfi Azərbaycanla dostluğu yüksək dəyərləndirir və beynəlxalq münasibətlərin fundamental normasının qorunması, regionda və bütün dünyada sülh və sabitliyin təmin edilməsi üçün Azərbaycan tərəfi ilə birgə səylər göstərməyə hazırdır".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...