"Ukrayna tərəfi yeni hücumlara başlaya bilər" - MÜNASİBƏT BİLDİRİLDİ

“Hazırda Ukraynada ləngidilmiş hər bir müharibə üçün xas olan əlamətlər özünü göstərməkdədir. Yəni, istər Ukrayna, istərsə də Rusiya tərəf olduqları yerdə möhkəmlənməyə çox diqqət edirlər. Bundan sonra kimin necə davranacağı isə artıq bu gün görsənməkdədir. Rusiya və Ukrayna möhkəmlənib addımlar atsalar da, perspektivdə kimin növbəti hücum addımı atacağını gələcək zaman göstərəcək”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib.

Onun sözlərinə görə, hazırki şəraitdə beynəlxalq dəstək, beynəlxalq güclərin etdiyi müdafiə və özünün nümayiş etdirdiyi hazırlıq dərəcəsi möhkəmləmə mövqeyində Ukrayna tərəfinin daha hazırlıqlı olmasına əsas verir: “Bu mərhələdən sonra Ukrayna tərəfinin yeni miqyaslı hücumlara keçəcəyi və özünün hesab etdiyi torpaqları azad etmək üçün daha qətiyyətli addımlar atacağı gözlənilir.

Dünyanın və beynəlxalq təşkilatların, xüsusilə də Avropa Birliyi, NATO və ABŞ-ın Ukraynada müharibəni bitirmək kimi ovqatı ortada görsənmir. Məlum səbəblərə görə müharibəni tez bitirməkdə Rusiya daha çox maraqlıdır. Amma daha çox obyektiv və Rusiyadan asılı olmayan səbəblərə görə müharibəni bitirmək onların əlində deyil”.

Aydın Quliyev sözlərinə belə davam edib: “Getdikcə həm daxili iqtisadi vəziyyət, həm də dünyada mövqelər baxımından Rusiyanın bu müharibəni gələcəkdə hücum müharibəsinə çevirmək imkanlarının məhdudluğu özünü göstərir. Ona görə də müəyyən bir müddətdən sonra Ukraynada vəziyyətin necə olacağını aydın və qəti inamla proqnoz etmək çətindir. Amma daha çox bu ona bənzəyir ki, Ukrayna tərəfi yeni hücumlara başlaya bilər.

Hazırda dünya dövlətləri Ukrayna və Rusiyanı barışdırmaq əvəzinə, müharibədən sonra müharibə ilə əlaqəli digər problemlərin həlli ilə məşğuldurlar. Dünya ölkələrini ən çox məşğul edən Ukraynanın ərzağının və ilk növbədə taxılın ixracı imkanlarının açılması, eləcə də Rusiya ərzağının dünya bazarlarına Qara dəniz limanları vasitəsilə ixcracına fasiləsiz şərait yaratmaq məsələsidir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə