“Qaragüruhçuların nəsibi daim fiasko olacaq” – Aydın Hüseynov

“Qaragüruhçuların nəsibi daim fiasko olacaq” – Aydın Hüseynov

“Azərbaycanda inkişaf tempi, dinamikası artdıqca, cəmiyyətdə saflaşma, xarici ideoloji təsirlərə qarşı reaksiya mükəmməl gücə çevrildikcə xarici və daxili əlehdarlarımızın müxtəlif platformalar üzərindən ölkəmizə hücumları da artır. Əlbəttə, bunların hansı ideoloji mərkəzlərdən göstəriş aldıqları və konkret məqsədləri hər kəsə bəllidir. Məqsəd Azərbaycanı yolundan sapındırmaq, inkişaf tempini zəiflətmək, ərazi bütövlüyünü bərpa etmək yolunda əlavə əngəllər yaratmaqdır. 44 günlük müharibə zamanı da, qazanılan halal qələbəmizdən sonra işğaldan azad edilmiş əzəli torpaqlarımızda apardığımız quruculuq işlərinin gedişində də və erməni təxribatlarına verdiyimiz reaksiya anında da eyni qüvvələrin anti-Azərbaycan reaksiyalarını, bədnam çıxışlarını gördük”. Bu barədə SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Millət vəkili bildirib ki, hakimiyyətə gəlmənin perspektivsiz olduğunu görən müxalifətin bəzi radikal düşərgə mənsubları xarici dairələrlə birləşib Azərbaycanın əlehinə təbliğat aparırlar: “Atalar məsəlidir, deyir yel qayadan nə aparar? Bəli, onların yalanları daha keçərli deyil, əgər əvvəllər kimlərsə onlara dəstək verirdisə, bu gün daxili elektoratları demək olar ki tükənib. İndi xaricdən Azərbaycana qarşı qarayaxma kampaniyası aparırlar. Hətta müharibənin gedişi zamanı düşmənlərimizlə həmrəylik nümayiş etdirirdilər, qələbəmizi təhrif edir, ermənilərə qalib gəlmənin mümkünsüz olduğu barədə çirkin təbliğat aparırdılar. Bu gün Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası və qarşıda sülh müqaviləsinin imzalanması prosesinə hazırlıq gedir. Özlərini müxalifət adlandıranlar Ermənistanla tam olaraq üst-üstə düşəm mövqe nümayiş etdirir, baş verən hər neqativ hadisədə rəsmi Bakını günahkar çıxarır, cəmiyyətin həssas qruplarını ayağa qaldırmaqla onları dövlətimizə qarşı qoymağa çalışırlar. Bu da Erməni dəyirmanına birbaşa su tökməyə bənzəyir. Müxalifətin radikal qanadı hakimiyyətin gördüyü mükəmməl, milli maraqlarımıza tam olaraq cavab verən addımlarını görməzdən gəlir və ölkəmizdən kənar qüvvələrlə həmrəylik nümayiş etdirirlər. Almaniya, Fransa və Hollandiyada bəzi dairələrin qoltuğuna sığınaraq Azərbaycana qarşı qaragüruhçuluq edənlər də radikallar tərəfindən təlimatlandırılır. Amma Azərbaycanın qdrəti, gücü getdikcə artır, heç bir qüvvə xalqın iradəsi əlehinə addımlar ata bilməz. Xalq-iqtidar birliyi bu gün daha möhkəmdir”.

Bütün xəbərlər Facebook səhifəmizdə