"Ermənistan “Qisas” əməliyyatından nəticə çıxarmalıdır" - MÜSAHİBƏ

SİA YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Elşad Mirbəşiroğlunun yap.org.az-a verdiyi müsahibəni tədim edir:

- Elşad müəllim, Ermənistan nəinki öhdəliklərini yerinə yetirmir, hətta yeni hərbi-siyasi sabotajlara yol verir, terror-təxribat cəhdləri ilə çıxış edir. Bunun nəticəsidir ki, Azərbaycan Ordusu "Qisas" əməliyyatı keçirərək qanunsuz erməni silahlı ünsürlərini cəzalandırdı. Hadisə və proseslərin mahiyyəti haqqında nə deyə bilərsiniz?

- Reallıq ondan ibarətdir ki, Ermənistan heç vaxt mahiyyətini dəyişməyəcək. 2020-ci ilin yayında artıq dövlət sərhəddi boyunca intensiv hərbi təxribatlar törədən Ermənistan aydın nümayiş etdirdi ki, münaqişənin dinc vasitələrlə tənzimlənməsində maraqlı deyil, əksinə, işğalçılıq siyasətini davam etdirməkdə israrlıdır. Azərbaycan tərəfi münaqişənin dinc yollarla aradan qaldırılması üçün səylər göstərməklə yanaşı bəyan edirdi ki, nəticəsiz danışıqları sonsuzluğa qədər davam etdirməyəcək. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər zaman səsləndirirdi ki, danışıqlar nəticə verməsə, biz hərbi yolla torpaqlarımızı işğaldan azad edəcəyik. Ermənilər öz təxribatları ilə nümayiş etdirdilər ki, danışıqlar sadəcə görüntü xarakterlidir. Belə olan halda, 2020-ci ilin sentyabrında Ermənistanın növbəti təxribatlarının qarşısını almaqla yanaşı, ölkəmiz əks-hücum əməliyyatlarına başlayaraq qısa zamanda torpaqlarımızı işğaldan azad etdi və Ermənistanı kapitulyasiya sənədini imzalamağa məcbur etdi. Bununla biz həm siyasi, həm də hərbi müstəvidə inamlı qələbə qazanmış olduq.

Vətən müharibəsindən sonra da proseslər başqa formatda, sanki, təkrarlanmaqda idi. Belə ki, 2020-ci il 10 noyabr tarixində imzalanmış birgə bəyanatın dördüncü maddəsinə uyğun olaraq, erməni silahlı birləşmələri Azərbaycan ərazilərindən çıxmalı idi. Bəyanatın digər maddələrinə münasibətdə olduğu kimi, Ermənistan tərəfi bu maddəyə laqeyd yanaşdı. Daha doğrusu, Ermənistan növbəti nümayiş etdirdi ki, o, öz imzasına hörmət etmir. Bu da aydın göstərirdi ki, Ermənistan yekun sülh sazişinin imzalanmasından hər vasitə ilə yayınacaq. Onun bu günə qədər davranışları da məhz bunu sübut etdi. Birgə bəyanatın şərtlərinə əməl etməyən Ermənistan bütövlükdə regional sülhə və təhlükəsizliyə real təhdid yaratmaqda davam edir. Azərbaycan Prezidenti Ermənistana dəfələrlə sərt xəbərdarlıq edərək, qanunsuz silahlı dəstəsinin Azərbaycanın ərazisindən çıxarılmasını tələb edib. Prezident sonuncu dəfə bildirdi ki, birgə bəyanatın da tələbinə uyğun olaraq, qanunsuz erməni silahlı dəstələri Azərbaycan ərazilərindən çıxarılmazsa və təxribatlar davam edərsə, onda Azərbaycan müvafiq formada öz təhlükəsizliyini təmin etmək üçün addımlar atacaq.

Azərbaycan beynəlxalq vasitəçilərin iştirakı ilə Ermənistanla münasibətlərin normalaşdırılması, sülh sazişinin imzalanması istiqamətində praktiki addımlar atdıq, təşəbbüslər irəli sürdük. Lakin Ermənistan əvvəlki təcavüzkar, təxribatçı və işğalçılıq mövqeyində qaldı.

Son dövrlərdə Azərbaycanın Qarabağ ərazisindəki qanunsuz erməni silahlı dəstələri intensiv olaraq Azərbaycan Ordusunun hərbi hissələrinə qarşı təxribatlar, terrorlar törədirdilər. Avqustun 3-də Laçın rayonu istiqamətində Azərbaycan Ordu bölmələrinin mövqelərinin erməni separatçıları tərəfindən intensiv atəşə tutulması nəticəsində müddətli hərbi xidmətdə olan əsgər Anar Kazımov şəhid oldu. Təbii ki, erməni separatçıları Azərbaycan tərəfinə sərt antiterror tədbirlərini həyata keçirməkdən başqa yol qoymadılar. “Qisas” əməliyyatı çərçivəsində düşmən sözün əsl mənasında növbəti ölümcül zərbə aldı. Bu ölümcül zərbə həm siyasi, həm də hərbi xarakterlidir. Belə ki, antiterror əməliyyatı nəticəsində Laçın və Kəlbəcər istiqamətində strateji yüksəklik - Sarıbaba Ordumuzun nəzarəti altına keçdi. Bundan başqa, Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ istiqamətində davamında mühüm yüksəklikdə - Qırxqızda mövqelərimiz təmin edildi.

- Ermənistan bu hadisələrdən dərs çıxaracaqmı?

- Bundan sonrakı mərhələdə, sözsüz ki, erməni separatçılarının təxribatlar törətmək imkanları və həvəsləri əhəmiyyətli dərəcədə məhdudlaşmış olacaq. Nəzərə almaq lazımdır ki, Ermənistan tərəfi digər məsələlərdə də imitasiyalarla məşğul idilər. Belə ki, Laçın dəhlizinə alternativ yolun yaradılması məsələsi də birgə bəyanatda ifadəsini tapmışdı. Azərbaycan tərəfi bu istiqamətdə özünə aid olan bütün işləri yerinə yetirsə də, Ermənistan tərəfi süni şəkildə prosesi əngəlləməklə məşğul idi. Bildiyimiz kimi, yeni yolun açılması Laçın şəhərinə tam çıxışımızı təmin edəcək. Yəni şəhərdə və ətraf kəndlərdə nəzarəti Azərbaycan tərəfi həyata keçirəcək. Ermənistanın yeni dəhlizin açılmasını əngəlləməkdə məqsədi məhz bunun qarşısını almaqdan ibarət idi. Düşünürəm ki, Azərbaycanın həyata keçirdiyi “Qisas” əməliyyatından sonra Ermənistanda reallıq hissələri güclənəcək. Yəni Ermənistan imza atdığı sənəddəki müddəalara uyğun davranmalıdır. Artıq bunun əlamətləri görünməkdədir. Məlumatlara əsasən, Laçın dəhlizinə alternativ yolun açılması istiqamətində Ermənistan tərəfi artıq addımlar atmağa başlayıb.

- Bəs Zəngəzur dəhlizinin reallaşması ilə əlaqədar hansı addımların atılacağı gözlənilir?

- Ermənistan Zəngəzur dəhlizinin açılması məsələsi üzərindən müxtəlif manipulyasiyalar etməyə çalışırdı. Birgə bəyanatda aydın ifadə olunduğu halda, Zəngəzur dəhlizi ilə bağlı hər hansı bir razılaşmanın olmadığını bildirirdi. Halbuki birgə bəyanatın 9-cu maddəsində Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirəcək Zəngəzur dəhlizinin açılması məsələsi tam aydın ifadə olunub. Yenə də Azərbaycan tərəfi öz ərazisində bu dəhlizin açılması üçün bütün infrastruktur elementlərini yaradıb. Ermənistan tərəfi isə, digər məsələlərdə olduğu kimi, bu məsələdə də yalnızca manipulyasiyalarla məşğul idi. “Qisas” əməliyyatı, hesab edirəm ki, bu məsələdə də Ermənistanı realist davranmağa məcbur edəcək. Artıq bunun da baş verdiyini görməkdəyik. Belə ki, avqustun 4-də Ermənistan baş naziri Nikol Paşinyan bildirdi ki, ölkəsi Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında əlaqəni təmin etməyə hazırdır. Əslində, baş verənlər Azərbaycan tərəfindən reallaşdırılan “düşməni sülhə məcburetmə strategiyası” adlandırıla bilər. Azərbaycan Prezidenti İlham Əliyev növbəti dəfə nümayiş etdirdi ki, səsləndirdiyi fikirlərdə, atdığı addımlarda tam əmindir. Belə ki, Azərbaycan vaxt itirmədən lazım olan bütün işləri həyata keçirmişdi. Yəni Azərbaycan Prezidenti əmin idi ki, Ermənistanı da analoji addımlar atmağa məcbur edəcək. Bu mənada, hesab edirəm ki, “Qisas” əməliyyatı taktiki baxımdan da olduqca təsirli oldu. Bütün bunlarla, yanaşı, təbii ki, Azərbaycan tərəfi Ermənistana və ərazimizdəki erməni separatçılarına sərt əyani dərs verdi və xəbardarlıq etdi. Azərbaycan əsgərinin qanına bais olan çox sərt cəzalandırılır. Düşünürəm, məhz bu məqam da ermənilərin altşüurunda özünə möhkəm yer edəcək. Fikirlərimizi ümumiləşdirərək, qeyd edə bilərik ki, “Qisas” əməliyyatı bütün ərazilərimiz boyunca suverenliyimizin etibarlı və dönməz şəkildə təmin olunmasını şərtləndirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...