El məsəlidir, deyir, "ilanın ağına da lənət, qarasına da". Bir də bizim kənddə ermənilərdən, onların yaxşı, yaxud pis olmalarından söz düşəndə ağsaqqallar deyirdilər, erməni yaxşı ola bilməz, yalnız bir erməni o birindən yaxşı ola bilər. Əslində rəhmətliklərin sözündə danılmaz bir həqiqət var, ermənidən kimsəyə dost olmaz, xüsusən də bizə. Onların içində bir kibr, insanlığa qarşı nifrət, eqo, bir fobiya var. Bunu ermənilərlə bir şəhərdə, bir kənddə, bir məhəllədə yaşayanlar daha yaxşı bilər...
Sözümüzün canı var. Bu gün bəzi ermənilər, daha dəqiq desək Ermənistanın keçmiş və indiki rəhbərləri barədə cəmiyyətimizdə yanlış fikirlər var. Nədir bu yanlışlıq? Bəziləri deyər ki, Ermənistann birinci prezidenti Levon Ter-Petrosyan II və III prezidentlər Robert və Serjlə müqayisədə “yaxşı adam” təsiri bağışlayırdı. Yaxud indiki baş nazir Paşinyanın atdığı addımlar bölgədə status-kvo-nu kökündən dəyişdi və beləliklə, Nikola az qala hykəl qoymaq gərəkdir. Əslində, ilk baxışdan belə görünür ki, ya zəlzələdən, ya vəlvələdən bütün baş verənlər Paşinyanın hakimiyyətə gəlməsi ilə başlandı. Şuşada yallı, “Qarabağ Ermənistandır” kimi absurd fikir, eyni zamanda təmas xəttində baş verən təxribatlar Azərbaycanın başlayacağı təmizləmə, işğaldan azaedetmə əməliyyatını tezləşdirdi.
Levon ter-Petrosyan Nikolun hakimiyyətə gəlişindən sonra onun əvvəlki prezidentlərin Qarabağla münaqişəsinin həlli ilə bağlı yürütdükləri siyasətin əlehinə addımlar atmasını ört-basdır edərək bunu belə izah edirdi ki, əslində Qarabağın müstəqilliyinin hələ 90-cı illərdə mümkünsüz olduğunu bildiyi üçün xalqa dəfələrlə müraciət etmişdi, parlamentdəki çıxışlarında da bunu daim təkrar edirdi. Amma ermənilər bunu anlamaq istəmirdilər. Eynilə Paşinyan da hakimiyyətə gələndən sonra “Qarabağ Ermənistan üçün ərazi məsələsi deyil, hüquqi məsələdir”. Əslində isə Qarabağ münaqişəsini yaradan, şiddətləndirən, alovlandıran, Azərbaycanın ayrılmaz əraziləri olan daha 7 rayonu işğal edənlərin başında duran elə Petrosyanın özü idi. Onun tülkü siyasəti nəticəsində bütün baş verən cinayətlərdə - nə Xocalı soyqırımında, nə Ağdaban faciəsində, nə Cəmillidə, nə Malıbəylidə, nə də Ermənistanın özündə azərbaycanlılara qarşı törədilmiş qətliamlarda Petrosyanın adı keçmir. Sanki bir mələk kimi təqdim olunur. Halbuki, bütün cinayətlərdən birbaşa onun adı çıxır. Ermənistan parlamentində baş verən qırğında da Petrosyanın birbaşa əli var.
Onun şagirdi, şəyirdi, öyrəncisi olan Paşinyan da oxşar cığırla gedir. İlk baxışdan güya obyektiv addımlar atır, Qarabağ reallığını müdafiə edir, hərdən də Qarabağın Azərbaycana aid olduğunu dolayısı ilə təsdiq edib bəzi sadəlövhləri sevindirir də. Amma hadisələrin gedişi onu göstərir ki, Paşinyan da sələfi, müəllimi, ustadı Petrosyandan heç də geri qalmır, onun yolunu gedir, addımlarını təkrarlayır, vaxtı uzadır, hərdən də dişlərini göstərir.

Avqust ayının 1-dən etibarən Qarabağda erməni separatçılarının təxribat əməlləri sayəsində bir əsgərimiz aldığı güllə yarasında dünyasını dəyişdi, şəhidlik zirvəsinə yüksəldi. Hadisə Laçın rayonu ərazisində baş verdi. Bəs baş verənlərə səbəb nə idi? Məlumunuz olsun ki, Azərbaycan tərəfi üçtərəfli Bəyanatın 4-cü bəndinə uyğun olaraq Laçın dəhlizinə alternativ yolun inşasını yaxın vaxtlarda bitirəcəyini və sülhməramlıların tezliklə yeni yolda öz missiyalarını davam edəcəklərini elan edəndən sonra ermənilər öz xislətlərinə uyğun olaraq destruktiv addımlarını intensivləşdirməyə başladılar. Bu barədə erməni seqmentlərinin yazdıqlarına diqqət edək və Ermənistan rəhbərliyinin nə qədər ikiüzlü, sözündən qaçan, imzasına hörmət qoymayan biriləri olduqları göstərək. Paşinyan Laçın dəhlizinin artıq qapanmaqda olduğunu qətiləşdirəndən, vəziyyətin gərginləşəcəyini biləndən sonra manipulyasiyalar etməyə, guya Ermənistanın Bəyanatın bütün şərtlərini yerinə yetirdiyini həyasızcasına təkrarlamağa başlayıb. El məsəlidir, zor şəriətlə yarıdır. Dəmir yumruqdan sonra Paşinyana dəyə sərt sillə deyəsən onu ağıllandırıb. Düzdür, hələ də hətərən-pətərən vurur, amma düşünürük ki, kəkələyə-kəkələyə özünə gələcək, səhv etdiyini anlayacaq.

Ermənistan hökumətinin başçısı hökumətin iclasında qeyd edib ki, “Azərbaycan Ermənistanın verdiyi imkanlardan istifadə etmir(?!). Ermənistan bu gün də Naxçıvanla Azərbaycan arasında rabitəni təmin etməyə hazırdır”. Onun sözlərinə görə, Bakı bəyan edir ki, Ermənistan Naxçıvanla Azərbaycanın qərb rayonları arasında əlaqəni təmin etməyi öhdəsinə götürüb. “Biz istənilən vaxt bu əlaqəni təmin etməyə hazırıq, lakin Azərbaycan bizim verdiyimiz imkandan istifadə etmir. Bu gün də biz onlara deyirik ki, Ermənistan qanunvericiliyi çərçivəsində onlar sərhədlərimizi keçib Naxçıvana gedə bilərlər. Elə bu gün”, - Paşinyan bildirib.
Yəqin ki, Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevin çıxışını unudub. İlham Əliyev qeyd edib ki, əgər Laçın dəhlizi varsa, Zəngəzur dəhlizi də olmalıdır. Əks təqdirdə Azərbaycan oxşar addım atmaq məcburiyyətində qalar, Laçın dəhlizini bağlaya bilər.
Paşinyan çıxışında xatırladıb ki, ötən ildən Ermənistan gömrük xidmətinin və sərhəd mühafizəsinin məntəqələri bir neçə məntəqədə fəaliyyət göstərir. Azərbaycan vətəndaşları bu keçidlər vasitəsilə sərhədi keçərək Naxçıvana daha da gedə bilərlər. Onun sözlərinə görə, Qazax-Berd, Qazax-İcevan, Basarkeçər (Vardenis), Sisian, Arazdəyən, Gorus və digər ərazilərə avtomobillə getmək olar. Yeni yolların tikintisinə gəlincə, üçtərəfli bəyanatda deyilir ki, bu, tərəflərin razılığı ilə baş verməlidir, “marşrutun müzakirəsini ikinci dərəcəli məsələ hesab edirik. Bu, hüquqi mexanizmlər hazırlandıqdan və işə salındıqdan sonra nəzərdən keçirilməlidir”.
Paşinyan əlavə edib ki, Ermənistan qanunvericiliyə uyğun olaraq rusiyalı həmkarlarının köməyi ilə yol hərəkətinin təhlükəsizliyinə zəmanət verməyə hazırdır. Guya indiki eskalasiya üçün Azərbaycan Laçın dəhlizinin yeni marşrutu məsələsini bəhanə edir. Belə çıxır ki, həm Laçın dəhlizi, həm də Zəngəzur dəhlizi Ermənistanın və Rusiyanın nəzarəti altında fəaliyyət göstərəcək. Azərbaycan isə kənarda dayanıb məğlub Ermənistanın diqtəsinə əməl etməlidir, eləmi? Nikol Paşinyan bu gün hökumətin iclasında bildirib ki, Azərbaycanın bu cür ifadələri və bəyanatları həm də 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın pozulmasıdır. Bəyanatın 6-cı bəndində deyilir: “Tərəflərin razılığı ilə Azərbaycan ərazisində yeni nəqliyyat yolunun tikintisi planı Yaxın üç ildə Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi müəyyən ediləcək, sonradan bu marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingenti yenidən yerləşdiriləcək”. Tutaq ki, orada yazılanlar erməni baş nazirin anladığı, qandığı kimidir. Marşrut kiminlə və nə üçün razılaşdırmalıdır? Əsas söhbət Laçın şəhərindən yan keçən yeni yoldan gedir. Bunu da Azərbaycan öz vəsaiti hesabına qısa müddətdə həyata keçirib. Bəhanə, qarın ağrısı nəyə lazımdır? Bəs Ermənistan bu yolu haradan çəkbək istəyirdi? Bəlkə, fqürsət düşmüşkən, bəhanən bitmişkən Tərtər-Goranboy-Gəncə-Qazax-Berd marşrutunu təklif edəsən? Bir məsəl də var, deyil itin kəlləsini xonçaya qoydular, diyirlənib yerə düşdü. Ermənilərə nə qədər güzəştə getdikcə qudururlar, yeni tələblər irəli sürürlər, təzə gəlin kimi naz edirlər. Onlara bu imkanı yaratmaq lazım deyil. Harada tutdunsa...
Nikol xüsusən daxili auditoriyaya ünvanlanmış çıxışında deyib ki, hazırda Rusiya, Ermənistan və Azərbaycan tərəfindən üçtərəfli formatda təsdiq edilmiş bir dənə də olsun plan yoxdur və biz bir neçə dəfə təklif etmişik, indi də bunu etməyi, yəni planı üçtərəfli formatda təsdiq etməyi təklif edirik: “Bəyanat təkcə yeni yolun tikintisi ilə bağlı deyil, çox mürəkkəb və üçtərəfli proses olan sülhməramlı qoşunların yerdəyişməsi planı haqqındadır. Hazırda heç bir planla razılaşmamışıq, çünki bizə belə bir planın layihəsi belə təklif olunmayıb”.
Nikolun çıxışından belə görünür ki, Azərbaycanın yeni yolu təkbaşına inşa etməsindən yaman ruhlanıblar, iştahlarına yeni dad, iy gəlib. Yeni yolda qaz və internet xəttinin olmamasından gileylənirlər. Yəni, Azərbaycan, bu xətləri də çək. Azərbaycan yoldan başqa digər kommunikasiya xətlərinin çəkilişinə heç vaxt razı olmayacaq və belə bir planı da yoxdur. Çünki, 3 ildən sonra Azərbaycanın razılıq vermədiyi səbəbindən Rusiya sülhməramlıları Qarabağı, o cümlədən Laçın dəhlizini tərk etmək zorunda qalacaq. Eyni zamanda sülhməramlıların indi müvəqqəti yerləşdikləri ərazilər Azərbaycanın hüquqi idarəçiliyinə keçəcək. Belə bir mənzərədə Laçın dəhlizi ilə internet və qaz xəttinin çəkilməsinə nə ehtiyac var, ay Nikol?


Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan isə deyib ki, artıq Laçın dəhlizinin yeni marşrut xəttinin tikintisinə başlanılıb: “Alternativ yolun tikintisi yaza qədər yekunlaşacaq. Texnika işləyir - yol çəkilir. Biz tikintini üç hissəyə bölmüşük və fəal işləyirik”. Bundan əvvəl isə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bəyan edib ki, Azərbaycanın Laçın dəhlizinin başqa marşrutla əvəzlənməsi tələbi qeyri-legitimdir. Ermənistan Xarici İşlər Nazirliyi də Azərbaycanın 9 noyabr tarixli bəyanatına əsasən yaradılmış Laçın dəhlizində rejimin dəyişdirilməsi ilə bağlı bəyanatlarını qəbuledilməz adlandırıb.
İndi ermənilərin hansına inanasan, kiminlə o Bəyanatın müddəalarını müzakirə edəsən? Yaxud bu məsələ Ermənistanla müzakirə edilməlidirmi? Ermənistanın və Paşinyanın yalan maşını nə vaxta qədər işlək olacaq? Birdəfəlik anlamaq, qanmaq və başa düşmək lazımdır ki, Qarabağ və sərhədləri daxilində inşa edilən və ediləcək istənilən yol infrastrukturu Azərbaycanın daxili layihəsidir. Onun necə və neçəyə inşa edilməsi də bizim məsələmizdir. Ermənilər “bildirçinin bəyliyi darı sovulana qədərdir”, məsəlini də unutmamalıdırlar. Ruslar da, okeanın o tayından gələnlər də müvəqqətidir, qonşumuz olmaq, sakit oturmaq istəyirsinizsə elə olduğunuz yerdə qalın. Başqalarının təhriki ilə isti yerinizi soyuq etməyin, artıq nə zaman, nə də Azərbaycan əvvəlki deyil...
V.VƏLİYEV
P.S. Qarabağda - Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə sözügedən kontingentlə bağlı daha bir qalmaqallı informasiya yayılıb. Belə ki, ötən gün Azərbaycan Ordusunun “Qisas” əməliyyatından sonra Rusiya sülhməramlıları qanunsuz erməni hərbi birləşmələrinin daha çox qeydinə qalmağa başlayıblar. Məlumata görə, sülhməramlılar bəzi postlarda erməni terrorçularla birgə “keşik çəkməyə” qərar verib. Bu cür “tədbirlər”in bölgədə “gərginliyi azaltmağa” xidmət etdiyi vurğulanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB