Ermənilərin SÜNİ GƏRGİNLİK PLANININ PƏRDƏARXASI MƏQAMLARI - TƏHLİL
Sərhəddə və Qarabağ ərazisində gərginliyin olduğu barədə erməni mediasının və separatçı-terrorçuların öz iddialarını tirajlamağa başlaması heç də təsadüfi və düşünülməmiş şəkildə deyil. Azərbaycan ordusunun öz suveren ərazisində hansısa mövqe dəyişikliyi etməsi barədə fakt yoxdur, amma ermənilər yenə də hay-küy salıb hansısa mənfur niyyətlərini gerçəkləşdirməyi planlayırlar. Şübhəsiz ki, separatçıların erməni əhalisini guya təşvişə düşməməyə çağırması da əbəs yerə deyil. Yenə də hansısa çirkin niyyətlərə əl atmaqla rəsmi Bakının razılaşmaların icrası tələbindən vaz keçməsinə çalışıldıqları göz önündədir, amma bütün bunların əsassız, mənasız olduğu və nəticəsiz qalacağı heç kimdə şübhə doğurmur.
ABŞ dövlət katibinin köməkçisi Karen Donfridin Bakı və İrəvana zəng etməsindən bəlli olur ki, ermənilərin dırnaqarası qondarma “gərginlik” barədə səs-küy salmaları, haray-həşirləri məhz hansısa tərəfin məsələlərə müdaxilə etməsi üçün imiş. Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın da elə ermənilər tərəfindən uydurulan qondarma gərginlikdən narahat olmasını ifadə etməsi deyilənləri təsdiq edir və tam şəkildə aydın olur ki, ermənilər, eləcə də separatçı-terrorçular üçüncü tərəfin müdaxilə etməsinə çalışırlar. Bəlkə də onlar sonuncu dəfə Xankəndinin qazı kəsiləndə belə bir niyyətlərinə, yəni kənar müdaxilələrin olması barədə arzularına çatacaqları iddialarından şövqə gələrək yenə də belə bir istəyə düşüblər, amma bərk yanıldıqlarının fərqində deyillər. Fərqində deyillər ki, Azərbaycan ərazisində, bizim torpaqlarımızda etdiklərinə, törətdikləri təxribatlara görə özləri cavab verməli olacaqlar və rəsmi Bakı heç bir qanuni tələbindən geri çəkilən deyil.
Sözsüz ki, 44 günlük müharibədə üzləşdikləri rüsvayçı məğlubiyyətləri, kapitulyasiya sənədinə imza atmaları fonunda rəsmi Bakının öz tələblərindən vaz keçəcəyinə ermənilərin özləri də inana bilməzlər. Bunun əksini söyləmək belə gülünc səslənir, çünki qalib tərəf olan Azərbaycan öz haqq və hüquqlarını tələb edir, imzalanan bəyanatdan irəli gələn tələbləri qarşıya qoyur. Burada həm qeyri-adi heç nə görünmür, həm də Azərbaycan tərəfinin hansısa məcburiyyət qarşısında qalacağı mümkün deyil, əksinə, qalib ölkə öz tələblərini irəli sürmək imkanına sahibdir. Bir sözlə, ermənilər, separatçı-terrorçular nəyə isə ümid edə, hansısa xülyada ola da bilməzlər. Elə isə, onların bu hərəkətlərinin mənası nədir və nəyə nail olmaq istəyirlər? Həqiqətən maraqlı məqam, maraqlı sualdır və sözün həqiqi mənasında düşündürücüdür.
Bir halda ki, ermənilər, separatçı-terrorçular rəsmi Bakının öz tələblərindən vaz keçəcəyinə özləri də inanmırlarsa, deməli, burada başqa məqsədlərin olduğu ortaya çıxır. Məqsəd başqa nə ola bilər, deyə düşündükdə ilk öncə ağıla gələn yeganə varian ortaya çıxır və burada tələblərin icrasını uzatmaqdan başqa variantın olmadığı bəlli olur. Həqiqətən də, bu məqamda Azərbaycan tərəfinin tələblərinin yerinə yetirilməməsi mümkünsüz sayılırsa, deməli, yeganə istəklərinin həmin tələblərin icrasının uzadılmasından başqa niyyətin ola bilməməsi öz təsdiqini tapır. Hər bir halda tələblər icra olunmalıdır və bu tələblərin icrasını uzatmaqla nəyə isə nail olmaq istəyənlər öz acizliklərini ortaya qoymuş olurlar.
Diqqət çəkən ən maraqlı məqam isə odur ki, üçtərəfli razılaşmaların, daha dəqiq desək, 10 noyabr, 11 yanvar və 26 noyabr razılamalarının icrasının praktiki tərəflərini Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti cənab İlham Əliyevlə deyil, Ermənistanın baş naziri Paşinyanla müzakirə etdi. Bu isə ondan xəbər verir ki, rəsmi Moskva Azərbaycan tərəfinin gündəliyindən xəbərdardır və öz tələblərindən geri çəkilməyəcəyini də bilir, hətta buna əmindir də. Bu fakt həm də onu deməyə əsas verir ki, mümkün ola biləcək gərginlikdə sorumlu tərəf Ermənistan hesab olunur. Ən azından Rusiya tərəfinin belə bir qənaətdə olduğu hadisələrin gedişatından bəlli olur və öz təsdiqini tapır. Təkcə Rüsiyanın deyil, bütün dünyanın belə artıq ermənilərin, separatçı-terrorçuların niyyətindən xəbərdar olduğu halda, nəyə isə ümid etmələri ağılsızlıq, axmaqlıqdır.
Doğrudur, separatçılar daha əlverişsiz hesab etdikləri yeni marşrutdan istifadə etmək niyyətində deyillər. Onlar heç Laçın şəhəri, Zabux və Sus kəndlərində qalan ermənilərin çıxarılmasını da istəmirlər. İstəmədikləri üçün əllərindən gələni edəcəklərinə də şübhə ola bilməz, amma ata biləcəkləri istənilən addım heç nəyi dəyişməyəcəyi də təkzibedilməz reallıqdır. Elə isə, belə süni gərginliklər yaratmaqda başqa niyyətləri nə ola bilər? Hər halda süni gərginlik yaradılması səbəbsiz ola bilməz və bu məsələnin kökündə digər məqamlar da gizlənir.
Gizli deyil ki, Ermənistan müxalifəti bu ölkənin mövcud hakimiyyətini hədəfə alıb və 44 günlük müharibədə üzləşdikləri məğlubiyyətlərində Paşinyan hakimiyyətini günahlandırır. Eyni zamanda, müharibədə rüsvayçı məğlubiyyətlərinin ardınca sənədlərin imzalanmasında, diplomatik danışıqlarda Ermənistan hakimiyyətinin uduzduğunu erməni cəmiyyətinə çatdırmaq üçün bu ölkənin müxalifəti əldən-ayaqdan gedir. Bütün bunlar erməni cəmiyyətində hakimiyyətə qarşı mənfi rəyin formalaşdırılması məqsədi daşıyır və Ermənistanın hazırkı hakimiyyəti buna görə çox narahatdır. İndi də marşrutun dəyişdirilməsi, Laçının, eləcə də hazırkı dəhliz üzərindəki ərazilərin təhvil verilməsinin yaradacağı dalğadan ehtiyatlananlar daxili ictimai rəyin onların əleyhinə dəyişməsinin qarşını almağa çalışdıqları ortaya çıxır. Heç şübhəsiz ki, süni gərginlik yaratmaqla, əvvəla diqqəti yayındırmaq istəyirlər. Digər tərəfdən də, bunun hər zaman olduğu kimi, daxili auditoriyaya hesablanmış addım olduğu da görünür.
Məsəl burasındadır ki, ermənilərin nə istəməsi, hansı məqsəd güdməsi, yaxud süni gərginlik yaratmaq niyyətlərinin hansısa bir dəyişikliyə səbəb olacağı inandırıcı deyil. Hər zaman olduğu kimi, erməni məkrinin yenə də ortaya çıxacağı əvvəlcədən bəlli idi və indi hansısa oyunlara əl atmaları təəccüblü görünmür və Azərbaycan tərəfi bütün bunlara hazırlıqlıdır. Çoxdandır bizim üçün tanış olan erməni xislətinin fonunda hansısa məkrli niyyətlərin olmayacağına kimsə zəmanət verə bilməz. Ələlxüsus, son günlər ermənilərin, separatçı-terrorçuların süni gərginlik yaratmaq istəyi, niyyəti onların məkrli niyyətlərindən xəbər verir və bunun pərdəarxası məqamlarında hələ daha nələrin olması ən yaxın zamanda üzə çıxacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB