"Azərbaycan xalqı öz tarixinin saxtalaşdırılmasına icazə verməyəcək" - DEPUTAT ŞƏRH ETDİ
“Azərbaycan xalqı ötən 2 əsr ərzində çox çətin və mürəkkəb bir tarix yaşamışdır. Onun dövlət müstəqilliyi əlindən alınmış, onun tarixi torpaqlarına erməni toplumu köçürülmüş, bu torpaqlarda ermənilərə üstünlük verilmişdir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib.
Onun sözlərinə görə, 1918-ci ildə Qərbi Azərbaycan adlandırılan ərazimizdə Ermənistan dövləti yaradılıb və xaricdəki ermənipərəst dairələr bu dövlətin yaşaması üçün bütün cəhdləri göstərib: “Sovet hakimiyyəti qurulduqdan sonra erməni milləti Moskvadan dəstək alaraq yaşamışlar. Azərbaycan torpaqları zaman-zaman Ermənistana verilib. Qərbi Azərbaycanda yaşayan azərbaycanlılar kütləvi şəkildə oradan köçürülmüşdür. 1948-1953-cü illərdə isə çox sayda azərbaycanlılar Stanilinin imzası ilə Ermənistandan Azərbaycana köçürülüb. Müstəqilliyimizin bərpa edildiyi dövrlərdə artıq Ermənistanda bir nəfər belə azərbaycanlı qalmamışdır. Xarici himayədarlarının hesabına Ermənistan torpaqlarımızın 20 faizini işğal etdi. Azərbaycan xalqı əsrlərlə yaşadığı torpaqlardan çıxardılaraq öz tarixi-mədəni məskənlərindən ayrı qalmışdır. Qərbi Azərbaycanda tarixi, coğrafi yerlərin adları dəyişdirilmiş, tarix saxtalaşdırılmışdır. Ermənistan cəmiyyəti həmin torpaqlardakı Azərbaycanın mədəni irsinə sahib çıxmağa çalışmışdır. Bu hadisələri gizlətmək qeyri-mümkündür. Bu istiqamətdə Azərbaycan dövləti çox böyük işlər görür. Elmi dairələrdə Qərbi Azərbaycanın tarixinin öyrənilməsi ilə bağlı işlər davam etdirilir. Orta və ali məktəblərimizdə Azərbaycan tarixi fənnində gələcək nəsillərə ötürülür, xarici dillərdə aparılan araşdırmalar beynəlxalq dövlətlərə çatdırılır. Xarici qonaqlar, turistlər Azərbaycanın tarixi ilə məlumatlandırılır. Düşünürəm ki, daha geniş işlər görülməlidir. Elmi tədqiqat institutları həmin ərazinin tarixi, mədəni irsini öyrənməli, kütləvi köçürülməsinin səbəbi araşdırılmalıdır, bunlar beynəlxalq konfranslara təqdim edilməli və xarici ölkələrdə yayımlanmalıdır. Eyni zamanda, sosial şəbəkələrdə bununla bağlı məlumatlar verilməlidir. Dünya Azərbaycan xalqının necə çətin bir tarixə malik olmasını anlamalıdır. Bununla bağlı abidələr qoyulmalıdır. Hər bir azərbaycanlı məlumatlı olmalıdır. Bu məsələdə ölkə başçısı İlham Əliyevin siyasəti hər kəsə nümunədir. İşğaldan azad olunmuş ərazilərə dövlət başçısının səfəri, Qərbi Azərbaycanla bağlı xəritələrə iradını bildirməsi və bu məsələyə ciddi tapşırıqların verilməsi hər birimiz üçün nümunədir. Azərbaycan xalqı öz tarixinin saxtalaşdırılmasına heç vaxt icazə verməyəcək. Azərbaycan tarixi zəngin irsə malikdir və bu irsi yaşatmaq bizim borcumuzdur”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB