“Düşmən 44 günlük müharibənin nəticələrini unutmamalıdır” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Düşmən 44 günlük müharibənin nəticələrini unutmamalıdır” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Azərbaycan Ordusunun həyata keçirdiyi “Qisas” əməliyyatı antiterror əməliyyatıdır və regionda sülhün yaradılmasına xidmət edir. Hər bir Azərbaycan əsgəri dəyərlidir və əsla heç bir əsgərimizin qanı yerdə qalmayacaq. Erməni terrorçuları dəqiq bilməlidirlər ki, Azərbaycan ərazisini tərk etmək istəməyən hər bir silahlı quldur eyni aqibəti yaşayacaq. Məsələnin hüquqi tərəfinə gəldikdə isə Azərbaycanı 3 avqust əməliyyatına təşviq edən erməni təxribatı olub”. Bu sözləri SİA-ya açıqlamasında deputat Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, terrorçu Ermənistan dövləti bu günə qədər də 10 noyabr üçtərəfli bəyannaməsində üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyib: “Üstəlik bəyannamənin 4-cü və 6-cı bəndlərini manipulyasiya etməyə çalışb. Ermənistanın təhlükəsizlik şurasının katibi Armen Qriqoryanın Laçınla bağlı son açıqlaması da bunun sübutudur. Bu, özlüyündə siyasi-diplomatik təxribatdır. Bəyannamədə Rusiya süllhməramlılarının daxil olmasına paralel olaraq bütün erməni terrorçu birləşmələri Azərbaycan ərazisini tərk etməli idi. Ancaq bu günə qədər hələ də suveren ərazilərimizdə erməni silahlı quldurları var. Üstəlik sülhməramlıların arxasında gizlənərək şanlı Azərbaycan əsgərini şəhid ediblər. Azərbaycanın beynəlxalq hüquqla və Milli Konstitusiyası ilə tam haqqı var ki, öz ərazisinin suveren hüquqlarını təmin etsin. Elə 3 avqustda həyata keçirilən “Qisas” əməliyyatı da buna xidmət edirdi.

Bizim qarşımızda dəqiq məqsəd və vəzifələr var. Onlardan biri də münaqişəyə qədər Xankəndində, Xocalıda, Ağdərədə, Əskəranda yaşayan azərbaycanlıların öz evlərinə qayıtmasıdır. Bu məsələ də üçtərəfli bəyannamədə öz əksini tapıb. Üçtərəfli bəyannamənin bütün tələbləri qeyd-şərtsiz yerinə yetirilməlidir. Ermənistan kapitulyasiya aktı ilə üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməyənə qədər bu cür antiterror əməliyyatları həyata keçiriləcək. Vaxt demək olar ki , yoxdur. Azərbaycan öz ərazisində bütün hüquqlarını tətbiq edib başa çatdıracaq. Buna qarşı gələnləri isə yeni antiterror əməliyyatları gözləyir. Ermənistan bilməlidir ki, nə dünya 30 il əvvəlki dünyadır, nə də Azərbaycan 30 il əvvəlki Azərbaycandır. Düşmən 44 günlük müharibənin dərslərini unutmamalıdır. Əks təqdirdə yeni faciələrə hazır olmalıdır”.

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə