Bu, məğlubiyyəti ilə hələ də barışa bilməyən düşmən erməninin gizlətdiyi xəritələr ortaya çıxanadək davam edəcək
Müharibə... Bu səkkiz hərfdən ibarət sadə bir söz böyük bədbəxtlikləri, ölümləri, dağıntıları, xarabalıqları, acıları özündə ehtiva edir. Müharibə həsrət, hicran, göz yaşıdır. İnsan övladının hər zaman ondan uzaq olmasını istədiyi hadisədir. Lakin çox təəssüf ki, bəzən istəməyərəkdən həyatımıza müharibələr daxil olur. Biz o müharibələrin acılarını yaşayanlara çevrilirik.
Azərbaycan xalqı da əsrlər boyu müharibələrə məruz qalıb. Yadelli işğalçıların hücumları, torpaq, ərazi, sərvət iddiaları tarixin bütün əsrlərindən bizə məlumdur. Bu müharibələr xalqımıza nə acılar yaşadıb, bilirik. Parçalanmışıq, ikiyə bölünmüşük, ərazilərimiz xarabalıqlara çevrilib, itkilərimiz bağrımızın dağı olub. Lakin sanki alın yazımız olub müharibələr, nə bitib, nə tükənib. Ötən əsrdən bu yana şahidi olduğumuz Birinci və İkinci Vətən müharibələri isə qonşuluqdan kənar acgöz qonşumuzun torpaqlarımıza əsassız iddialarının nəticəsi olub.
1990-cı illərdə Birinci Vətən Müharibəsində itirdiyimiz torpaqlarımızı 30 il sonra İkinci Vətən Müharibəsində düşməndən geri alıb Zəfər qazandıq. Müharibə bitdi. Xislətsiz ermənilər məğlubiyyətlərindən iki ilə yaxın müddət keçməsinə baxmayaraq hələ də minalanmış ərazilərin xəritələrinin olmadığını iddia edərək onları gizlədirlər. Nəticə isə budur ki, müharibə bitib, lakin onun bəlaları bitməyib. Qarabağda hazırda mina müharibəsi davam edir. Müharibədən sonra həm ərazilərimizin minalardan təmizlənməsində çalışanlar, həm xidməti vəzifəsini yerinə yetirmək üçün, həm də digər səbəblərdən orada olanlar arasında minaya düşüb həyatını itirənlər yüzlərlədir.
Dünya susduqca...
Birinci Vətən Müharibəsindən İkinci Vətən müharibəsinədək olan 30 illik zaman kəsiyində dünyanın bütün beynəlxalq təşkilatları susdu. Bizin dünya ilə bir olan səsimizi eşitmədilər. Haqq səsimizə səs vermədilər. Torpaqlarımızın işğalı, minlərlə soydaşımızın ev-eşiyindən didərgin düşməsi, insan hüquqlarının vəhşicəsinə pozulması ilə barışdılar. Susdular. Sanki erməni adlı nankor torpaqlarımızı işğal etməkdə, minlərlə azərbaycanlını qətlə yetirməkdə, insanları evlərindən zorla çıxarmaqda, onların mal-mülkünü talan etməkdə, şəhadətə yetən soydaşlarımızın meyitlərinə işgəncə verməkdə haqlı imiş. Əzəli dədə-baba torpaqlarımızda daşı daş üstə qoymamaqda, mədəni-tarixi abidələrimizi dağıtmaqda, məscidlərimizi təhqir etməkdə, sərvətlərimizi talayıb dünya bazarlarına çıxarmaqda sanki haqlı imiş.
Dövlətimizin başçısı fəaliyyəti dövrünün 17 ilini bütün dünyanı Qarabağın haqq səsinə səs verməyə çağırsa da, beynəlxalq təşkilatlar qarşısında bu məsələnin həllini qoysa da, yüksək ali tribunalardan bu torpaqların Azərbaycan xalqına məxsus olduğunu tarixi faktlarla əsaslandırsa da, Birinci Vətən Müharibəsində şəhid olmuş soydaşlarımızın faciələrindən danışsa da, dünya susdu. Bu tarixi ədalətin həlli üçün heç bir iş görmədi. Biz sülhsevər xalq olduğumuz üçün problemin sülh yolu ilə həll olunmasını istədik. Lakin bu istəyimizi dəstəkləyən olmadı.
Belə olduqda çarə müharibə yolu ilə torpaqlarımızın geri alınması oldu. Çünki bu xalq üçün torpaq müqəddəsdir. Torpağının hər qarışı üçün bu xalq əsrlərlə mübarizə aparıb. Erməninin havadarları gücünə və o dövrdə bizim hakimiyyətdə olan səriştəsiz rəhbərlərin satqınlığı ilə işğal etdiyi torpaqlarımız onlarda qala bilməzdi. Biz müharibə üçün özümüzə güc toplayırdıq. Bu gücü hiss edəndə, müharibəyə hazır olanda ayağa qalxıb torpaqlarımızı geri alacaqdıq. Bu, belə də oldu. Ölkəmizin iqtisadi inkişafı nəticəsində milli ordumuzu gücləndirməklə bu müharibəyə hazır olduq. 2020-ci ilin 27 sentyabrından 10 noyabrınadək 44 gün ərzində düşmənə ağır zərbələr endirməklə onlara hədlərini göstərdik, qarşımızda diz çökməyə məcbur etdik.
Dünya sussa da, haqq səsimizə səs verməsə də, biz tarixi ədalətin bərpasına nail ola bildik. Böyük Zəfər qazanaraq həmin susanlara kimliyimizi isbatladıq.
Ermənilərin Azərbaycana qarşı terror siyasəti davam edir
Çünki dünya yenə də susmağa davam edir. 44 günlük Vətən müharibəsində ermənilərin dinc əhalinin yaşadığı əraziləri nəhəng artilleriyalardan atəşə tutmasına, evləri-həyətləri dağıtmasına, insanların ömrünü sonlandırmasına, Gəncəyə atdıqları raketlə neçə-neçə uşağın ölməsinə, valideynlərini itirməsinə, dağıntılara səbəb olmasına susduqları kimi, artıq iki ilə yaxındır düşmənin minalanmış ərazilərin xəritəsini verməli olduğu halda verməməsinə də susurlar. Bu isə müharibədən ötən dövr ərzində dəfələrlə insanların minaya düşərək həyatlarını itirmələrinə səbəb olub. Bu hadisələrin növbətisi avqustun 2-də baş verdi. Minatəmizləmə işləri ilə məşğul olan şirkətin 3 əməkdaşının Füzuli rayonunun Qaraxanbəyli kəndi ərazisində piyada əleyhinə minaya düşərək müxtəlif bədən xəsarəti alması ermənilərin Azərbaycana qarşı terror siyasətinin davamıdır.
Bu və bundan əvvəl bir neçə dəfə soydaşlarımızın minaya düşərək həyatlarını itirməsi və ya ağır bədən xəsarəti alması Ermənistanın minalanmış ərazilərin xəritəsini təcili şəkildə təhvil verməli olduğunun daha bir nümunəsidir. Lakin onlar bunu etmir, dünya da bu qədər insan ölümünə susur, susur...
Ötən il iyun ayının 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində hərəkət olan yolda çəkiliş qrupunun üzvlərini aparan nəqliyyat vasitəsinin tank əleyhinə minaya düşməsi nəticəsində azərbaycanlı jurnalistlərin ölüm xəbərindən təəssüfləndiyini bildirən ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza demişdi: “Azərbaycan hökuməti minaları zərərsizləşdirmək üçün mümkün olan hər şeyi edir. Amma Ermənistanın bu xəritələri təhvil verməsi beynəlxalq humanitar hüququn tələbidir. Buna heç bir bəraət qazandırmaq olmaz. Bu, beynəlxalq humanitar hüququn pozulması deməkdir. Ümid edirəm ki, ATƏT-in Minsk qrupu və həmsədrlər, eləcə də Avropa İttifaqı Ermənistanı həmin xəritələri təhvil verməyə çağıracaq”.
Həmin çağırışdan bir ildən artıq vaxt keçsə də, lakin hələ də Minsk qrupu, Avropa İttifaqı bu insan itkilərinə reaksiyasız şəkildə öz fəaliyyətlərini davam etdirirlər. Elə bu səbəbdən də artıq Azərbaycan işğala son qoyub, Azərbaycan öz ərazi bütövlüyünü hərbi və siyasi yolla təmin edib. Belə olduğu halda artıq Minsk qrupuna ehtiyac yoxdur, biz Minsk qrupu ilə vidalaşmışıq, onlarla sağollaşmışıq, deyən dövlətimizin başçısı fikrini belə tamamlamışdır: “Lakin təəssüflər olsun ki, Ermənistan tərəfi və digərləri bu qrupu canlandırmaq istəyirlər. Bildirmək istəyirəm ki, bu, qeyri-mümkündür. Artıq o qrup ölüdür, cansızdır. Biz işğaldan xeyli əziyyət çəkmişik və bunu açıq-aydın şəkildə bildiririk. Düşünürəm ki, ATƏT-in Minsk qrupu ilə bağlı hər hansı spekulyasiya nəinki qeyri-məhsuldardır, eyni zamanda dağıdıcıdır, regionda sülhün bərqərar olması üçün dağıdıcı təsirə malikdir”.
Ermənistan regionda sülh, təhlükəsizlik və əməkdaşlığın reallaşdırılmasına əngəldir
Cenevrə Konvensiyasına və beynəlxalq protokollara görə tərəflər minalanmış ərazilərin xəritələrini müharibə başa çatdıqdan sonra bir-birinə təqdim etməlidirlər. Ermənistan isə beynəlxalq sənədlərə, dövlətinin rəsmisinin imzaladığı kapitulyasiya aktına zidd olaraq xəritələri hələ də Azərbaycana təqdim etmək fikrində deyil. Hələ üstəlik həyasızcasına bu xəritələrin, ümumiyyətlə, olmadığını da iddia edirlər. Lakin bu, onların növbəti yalanı, məğlubiyyətlərinin acısından gizlətdikləri, əslində isə var olan xəritələrdir.
Birinci Vətən Müharibəsindən sonra 2000 nəfərdən çox soydaşımız mina qurbanı olmuşdur. Bu gün azad etdiyiniz torpaqlarımızın isə təqribən 13 kvadratkilometri minalarla əhatə olunmuşdur. Bu ərazilərdə dəfələrlə bədbəxt hadisələrin baş verməsi minalanmış ərazilərin xəritəsinin olmaması səbəbindəndir. Odur ki, mina qurbanı olan soydaşlarımızın sayı 3000-ə yaxınlaşır.
Azərbaycan Respublikasının Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin ötən ilin 4 iyununda Kəlbəcərdə baş verən hadisə ilə bağlı verdikləri birgə məlumatda bildirilirdi ki, bu ərazidəki minalar Ermənistan tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatlarından sonra məcburi geri çəkilmə mərhələsində məqsədli şəkildə yerləşdirilib. Məqsəd isə Azərbaycan tərəfinə mümkün qədər ziyan vurmaq və evlərinə qayıdacaq mülki əhaliyə əlavə maneələr yaratmaqdır.
Məlumatda qeyd olunurdu ki, bir müddət öncə Kəlbəcər istiqamətində Azərbaycan ərazilərinə daxil olaraq, ərazidə yolların minalanmasına yönəlmiş təxribat törədərkən Ermənistan silahlı qüvvələrinin bir qrupu saxlanılıb. Bu da bir daha onu göstərir ki, Ermənistan tərəfi həm hərbi, həm də mülki şəxslərin həyatı və təhlükəsizliyinə ciddi təhlükə yaratmaqda davam edir, beləliklə də bölgədə vəziyyətin gərginləşməsinə xidmət edir. Ermənistanın bu davranışı regionda sülh, təhlükəsizlik və əməkdaşlığın reallaşdırılmasına başlıca əngəl olmaqda davam edir.
Onu da qeyd edək ki, müharibədən sonra imzalanan bəyanata əsasən düşmənə Kəlbəcər, Laçın və Ağdam rayonlarından çıxmaq üçün vaxt veriləndə onlar bu vaxtdan da istifadə edib həmin ərazilərə minalar basdırıblar. İnsanların öz vəzifə borclarını yerinə yetirərkən mina qurbanına çevrilməsinin bütün məsuliyyəti Ermənistanın üzərinə düşür. Deməli, ermənilər hüquq qarşısında cavab verməli, yüzlərlə insanın həyatını itirməsinin səbəbkarı kimi cinayətə cəlb olunmalıdırlar. Həmçinin də beynəlxalq ictimaiyyət Ermənistanın beynəlxalq öhdəlikləri pozmasına, o cümlədən məqsədli şəkildə minalar yerləşdirmək siyasətinə göz yummamalıdır. Çünki onların bu hərəkəti tək azərbaycanlılara deyil, dünya ictimaiyyətinə, insan amilinə qarşı törədilən cinayətdir. Bu vəhşilik qarşısında dünyanın hələ də susması isə maraq doğurur. Belə nəticə hasil olur ki, bəzi dairələr regionda sülhün bərqərar olmamasında maraqlıdırlar.
Düşmən bu şansı itirərsə...
2020-ci ilin 10 noyabrında Rusiya, Azərbaycan və Ermənistanın dövlət rəsmilərinin imzaladıqları bəyanatla bitən müharibədən sonra ermənilər həmin bəyanatda nəzərdə tutulan öhdəlikləri ardıcıl şəkildə yerinə yetirməyə başladılar. Bunun səbəblərini cənab İlham Əliyev çıxışlarının birində açıqlayır: “Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanan 9 bənddən ibarət bəyanatdan ümumiyyətlə razıyam. Çünki oradakı əsas məsələlər həll olunub. Bu bəyannaməni imzalayaraq Ermənistan öhdəliklər götürdü. Ermənistan bu öhdəlikləri məcburi şəkildə yerinə yetirdi. Bu öhdəliklərin yerinə yetirilməsi müharibədən dərhal sonra baş verdi...
Həmin vaxt erməni qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılması orada açıq şəkildə bildirilmişdi. Müharibə bitdikdən sonra Ağdam, Kəlbəcər və Laçın bölgələri 20 gün ərzində bizə geri qaytarıldı. O zaman Ermənistan bu məsələyə çox məsuliyyətlə yanaşırdı. Niyə? Çünki qorxurdular. Ermənistan bilirdi ki, noyabrın 10-da bu bəyannaməni imzalamasaydı, onların vəziyyəti daha da pis olacaqdı. Yəni bizi dayandırmağa heç bir güc yox idi. Müharibə zamanı dəfələrlə Azərbaycan xalqına müraciət edərək dedim ki, Ermənistan bizə bir tarix verməlidir ki, nə zaman bizim torpaqlarımızdan çıxacaq. Biz onda dərhal müharibəni dayandırmağa hazır idik. Bu tarix bizə noyabrın 9-da verildi. Ermənistan kapitulyasiya aktını imzaladı və noyabrın 10-da müharibə dayandı. Beləliklə, həmin vacib məsələlərin həlli Ermənistanın qorxu içərisində olmasından qaynaqlanır”.
Bundan sonra sülhməramlıların gəlişindən danışan dövlətimizin başçısı deyir: “Müharibə bitdikdən 15-20 gün sonra sülhməramlıların məsuliyyətində olan bölgədən, Laçın dəhlizindən azad edilmiş torpaqlara Ermənistandan təxribat qrupu göndərildi. 62 nəfərlik qrup. Bu, 10 Noyabr Bəyannaməsinə tamamilə ziddir. Azərbaycan ordusu onları zərərsizləşdirdi və həbs elədi. İndi onlara hərbi əsirlər deyirlər. Ancaq beynəlxalq konvensiyalara baxın. Hərbi əsirlər kimlərə deyilir? Onlar hərbi əsirlər deyillər. Müharibə bitdi, 10 Noyabr Bəyannaməsi imzalandı. Bundan sonra göndərilən hər hansı bir əsgərin təxribat qrupunun üzvü olduğu müəyyən edilməlidir. Bu məsələ həll olunmayıb. Bu çox vacib bir məsələdir və həll olunmasında israr edirik. Tam həlli tapılmalıdır. Hazırda bu məsələ qismən həll edilib...
Digər məsələ dəhlizlərin açılmasıdır. Noyabrın 9-dan 10-na keçən gecə imzalanan bəyannamədə Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə arasında əlaqə yaradılmalı olduğu açıq şəkildə göstərilir. Bu əlaqə yaradıldımı? Yox. Bu əlaqəni qurmaq üçün çox zamana ehtiyac yoxdur. Buradakı yol məsafəsi ümumilikdə 40 kilometrdir. Biz müharibədən sonra bir ildə min kilometrdən çox yol tikmişik, həm torpaq yollar, həm də asfalt yollar. İndi orada 40 kilometrlik yolun açılması böyük bir problem deyil. Amma buna baxmayaraq, hətta Ermənistan da buna razı deyil. Danışıqlar nəticəsiz qalır. Ermənistan 10 Noyabr Bəyannaməsinin şərtlərini kobud şəkildə pozur. Hələlik səbr edirik. Amma səbrimizin də həddi var. İkinci Qarabağ müharibəsi səbrimiz tükənəndə nələrin baş verdiyini göstərdi. Buna görə də Ermənistan rəhbərliyinə 10 Noyabr Bəyannaməsinin bütün şərtlərini yerinə yetirməsi və məsuliyyətlə davranması üçün bir şans veririk”.
Qonşu düşmən bəyannamənin bütün şərtlərini yerinə yetirməməkdə şansını itirir. Bu şansın itməsi isə ona heç də ucuz başa gəlməyəcək.
Müharibə bitib, erməni xisləti bitmir...
Müharibə elə dəhşətli bir hadisədir ki, başlayır, bitir, lakin onun bəlaları bitmir ki, bitmir. Bu, tək bizdə deyil, dünya ölkələrinin bir-biriləri arasında apardıqları müharibələrdə də eynidir. Müharibə bitir, onun bəlaları isə illərlə bitmir. İnsanlar uzun illər bu bəlaların acısını yaşamaq məcburiyyətində qalırlar. Uzun illər itirdikləri övladlarının, gözü önündə bir ömürlük şikəst qalan balalarının acısını çəkirlər. Daha sonra dağılıb viranə olanlar bərpa edilir. Həmin ərazilərə həyat gəlincə insan övladı bir neçə nəsil dəyişir. Ömürlər bitir, lakin müharibənin vurduğu zərərlər çox gec aradan qaldırılır.
Hər dəfə şəhidlərimizi xatırlayanda, qazilərimizi görəndə, onlarla söhbət edəndə, soydaşlarımızın öz doğma torpaqlarımızda minaların qurbanı olduğunu eşidəndə müharibənin nə qədər böyük fəlakətlər gətirdiyi, bitəndən sonra da bəlalarının bitmədiyi fikirləri düşüncələrimizdə yenilənir. Budur, artıq iki ilə yaxındır ki, ölkəmizdə müharibə başa çatıb. Bu gün azad olunmuş torpaqlarımızda qızğın bərpa işləri həyata keçirilir. Ona görə ki, 30 il köçkün, qaçqın, didərgin kimi yaşayan insanlar öz doğma ev-eşiklərinə qayıda bilsinlər. Azad torpaqlarımız işıqlandırılır. Elektrik enerjisi stansiyaları qurulur, yollar çəkilir, körpülər salınır, su anbarları tikilir. Ən maraqlısı isə budur ki, bu torpaqlarda üç hava limanı tikilir. Elə düşməni də narahat edən görülən bu işlərdir. Onlar xəritələri verməməklə bizim üçün çətinliklər yaratmaq, insanların köçməsini ləngitmək xülyasındadırlar. Lakin azad torpaqlarda müharibə bitəndən dərhal başlanan işlər elə o torpaqların sakinlərinin evlərinə tez qayıtmasına xidmət edir. Düşmən nə edir etsin, bu qayıdışı ləngidə bilməyəcək.
Bu terrorçu dövlətin xislətinə biz qonşu olaraq illərdir ki, bələdik. Yalançı, ikiüzlü, verdiyi sözün arxasında dayana bilməyən bu varlıqlar zamanın bütün dönəmlərində bu xalqı narahat etməyə, isti aşına su çiləməyə çalışıblar. Lakin biz də onları zaman-zaman tanımışıq. Hansı xislətdə olduqlarına bələd olmuşuq. Bütün bunlara görə də onlarla özlərinə layiq şəkildə davranmaqdan başqa çarə yoxdur.
Bu gün torpaqlarımızın azad olunması ilə region dövlətlərin hər biri üçün yeni qapılar aşılır. Düşmən hər vəchlə o qapıları bağlamaq, birgə əməkdaşlığa, dostluq münasibətlərinə kölgə salmaq istəyir. Hansı ki, bu çirkin hərəkətləri ilə özü də onun üçün açılan geniş imkanlardan kənarda qalır. Lakin onun istəklərindən asılı olmayaraq Azərbaycan istədiyinə nail olur və olacaq. Çünki bu torpaqlar bizim əzəli torpaqlarımızdır, onlardan necə istifadə etmək isə öz məsləhətimizdir. Gizlədib ortaya çıxarmadıqları xəritələrsiz də bu torpaqlar minadan təmizlənəcək, Qarabağda yeni həyat başlayacaq. Lakin dünyanın onların bu xislətinə qarşı susması hələ də maraq doğuran məsələlərdəndir.
Mətanət MƏMMƏDOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB