Bu gün ölkəmizdə COVİD-19 pandemiyasına yoluxanların sayında ciddi bir şəkildə artım müşahidə olunursa, bu, o deməkdir ki, virusdan yoluxma halı sürətlə yüksəlir. Çağrılmamış qonaqdan xilas olacağımıza sevinirdiksə, bu günün statistik rəqəmləri koronavirus pandemiyası ilə bizi hələ də birgə yaşamağa sövq edir. Qısa müddətdə dünyamızı bürüyən, milyonlarla insanın ağır virusa yoluxmasına, insanın acı ölümünə səbəb olan COVİD-19 pandemiyasından ölkəmizdə ölənlərin sayının 9 min 748 nəfər olması bir ölkə üçün kifayət qədər insan itkisi deməkdir. Əgər Vətən müharibəsini yaşamış bir xalq olaraq 44 günlük savaşda 3 minə qədər şəhid verdiksə, demək pandemiya ilə mübarizədə üç o qədər itkiyə məruz qalmışıq. Demək, bu virus müharibədən də təhlükəlidir. Hələ də insanların qatili olaraq davam edir. Nəinki Azərbaycan eləcə də bütün dövlətləri bu virusla mübarizəni davam etdirə-etdirə öz vətəndaşlarını itirirlər. Bu bəladan dünyanın bütün dövlətləri həm maddi, həm də mənəvi böyük xəsarətlər almaqda davam edirlər. Dünyanın iqtisadi, siyasi və hərbi gücünə görə seçilən dövlətləri belə bu virusun qarşısında gücsüzdürlər.
AZƏRBAYCANDA VURULAN VAKSİN DOZALARININ ÜMUMİ SAYI 13 MİLYON 818 MİNİ ÖTÜB
Əlbəttə ki, bir çağırış olaraq virusun qarşısının alınmasında vaksinasiya olunmağın rolu danılmazdır. Öz həyatını, yaxınlarını təhlükədən xilas etmək üçün hər bir vətəndaş vaksinasiya olunmalıdır. Vaksinasiya başlanılan ilk günlərdə tərəddüd edənlər sonralar artıq bunun nə qədər vacib olduğunu anlamış oldular. Bir daha əvvəlki günlərimizə qayıtmaq üçün məsuliyyətli olmalı, düşmənə qalib gəlməli "Biz birlikdə güclüyük" deməliyik. Bildiyimiz kimi, vaksinasiyaya start verən Avropa İttifaqından bir ay sonra Azərbaycanda bu prosesə başlanılıb. Azərbaycan peyvəndləmə səviyyəsi baxımından MDB ölkələri arasında lider mövqelərdədir. Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 818 min 11, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 366 min 777, ikinci mərhələ üzrə 4 milyon 857 min 890, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 338 min 788, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 254 min 556-dır.
DÜNYADA KORONAVİRUSA YOLUXMA HALLARININ SAYI VƏ ÖLÜM HALLARI GÖSTƏRİCİLƏRİ ARTIR
Ümumdünya Səhiyyə Təşkilatı "COVID-19"-la bağlı milli və beynəlxalq səviyyədə göstərdiyi ciddi səylərə görə, Azərbaycan hökumətinə dərin minnətdarlığını bildirməsi də təbii ki, ölkəmizdə reallaşan tədbirlərin təzahürüdür. Əlbəttə ki, bu gün də ölkəmizdə vəziyyət daim nəzarətdədir.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Qebreyesusun bildirdiyinə gərə, "Omikron"un BA.4 və BA.5 yüksək dərəcədə yoluxucu alt tiplərinin yayılması ilə əlaqədar olaraq bütün dünyada koronavirusa yoluxma hallarının sayı, həmçinin xəstəxanaya yerləşdirilmə və ölüm halları göstəriciləri artır. Onun sözlərinə görə, bütün dünyada SARS-CoV-2 viruslarının genetik analizi və testlərin sayı kəskin şəkildə azaldığından virusu izləmək əvvəlkindən daha çətin olub. Doktor Tedros xatırladıb ki, vaksinlər milyonlarla insanın həyatını xilas etməyə kömək edib. Bu gün hökumətlər bütün risk altında olan insanların əlavə gücləndirici dozalar ala bilməsini təmin etməyə diqqət etməlidirlər. O, həmçinin qızılca və pnevmoniya da daxil olmaqla, əhalinin digər ölümcül xəstəliklərə qarşı peyvənd edilməsinin vacibliyini də qeyd edib.
ÇİÇƏK XƏSTƏLİYİNƏ QARŞI PEYVƏND EDİLMƏYƏN İNSANLAR MEYMUNÇİÇƏYİ XƏSTƏLİYİNƏ HƏSSASDIRLAR
Bu virus insanlarda və heyvanlarda meymunçiçəyi xəstəliyinə səbəb olan ikiqat zəncirli DNT virusudur. İlk dəfə meymunda aşkar edilib və 1970-ci ildən bəri 10 Afrika ölkəsində qeydə alınıb. Afrikadan kənarda xəstəliyin ilk yayılması halı 2003-cü ildə ABŞ-da olub. Avropada ilk təsdiqlənmiş yoluxma halı 2022-ci ilin may ayında qeydə alınıb. Mütəxəssislərin qənaətinə əsasən, təbii çiçək xəstəliyinə qarşı peyvənd edilmiş insanların meymunçiçəyi virusuna yoluxma ehtimalı müəyyən qədər azdır. Lakin dünya üzrə təbii çiçək xəstəliyinə qarşı peyvəndlənmənin 40 ildən artıqdır ki, dayandırılması bu yaşdan cavan olan insanların meymunçiçəyi xəstəliyinə həssas olmalarını əsaslandırır. Azərbaycanda hələ ki, meymunçiçəyi xəstəliyinə yoluxma halı müşahidə olunmayıb. Buna baxmayaraq, hər bir insan məsuliyyətli olmalı, gigiyena qaydalarına əməl olunmalı, sosial məsafə gözlənilməlidir.
Ölkələr təsirə məruz qalan insanların milliyyətindən, dərisinin rəngindən və ya dinindən asılı olmayaraq meymunçiçəyi xəstəliyinin sürətlə yayılmasının qarşısını almaq üçün əməkdaşlığı genişləndirməlidir. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı xəbərdarlıq edib. ÜST onu da qeyd edib ki, bir neçə il Afrikada meymunçiçəyi problemi üzərində işləyib, lakin bu heç kimi maraqlandırmayıb. İyulun 23-də Ümumdünya Səhiyyə Təşkilatı virusun yayılmasını, beynəlxalq əhəmiyyət kəsb edən, ictimai səhiyyə sahəsində fövqəladə vəziyyət elan edib. Qeyd edək ki, bu, səhiyyə sistemində ən yüksək təhlükə səviyyəsidir.
DÜNYA DÖVLƏTLƏRİ YENİDƏN SINAĞA ÇƏKİLİR
Mayın əvvəlində Böyük Britaniyada xəstəliklə əlaqədar bir neçə hal barədə yayılan xəbərlər xəstəliyin Avropaya ayaq açdığı barədə bir siqnal idi. ÜST-ün məlumatında o da qeyd olunur ki, meymunçiçəyi xəstəliyi sahəsində tədqiqat proqramını sürətləndirmək çox vacibdir və biz artıq bunu edirik ki, ən çox zərər çəkmiş Afrika ölkələri bu xəstəliyin profilaktikası və onunla mübarizə aparmaq üçün resurslara malik olsunlar.
Xatırladaq ki, 2019-cu ilin dekabrında Çində başlayan Covid-19 pandemiyası tezliklə bütün dünyaya yayıldı və dünya dövlətlərini sınağa çəkdi. Pandemiya başlayana qədər dünyanada etalon sayılan, qabaqcıl səhiyyə sisteminə malik Almaniya, İtaliya, Fransa kimi ölkələr pandemiya qarşısında çətin durumda qaldı, tibbi ləvazimat, xəstəxanalarda yer çatışmazlığı, xəstələr arasında çoxsaylı ölüm halları humanitar fəlakət həddinə çatdı.
Bu gün hər bir Azərbaycan vətəndaşı virusun qarşısını almaq üçün əllərin tez-tez və düzgün yumalı, sosial məsafəni saxlamalı, otaqların tez-tez havalandırılmasına və s. ciddi əməl etməlidir. Hər bir Azərbaycan vətəndaşı, real vəziyyəti düzgün qiymətləndirməlidir. Həyati təhlükə olan virusa yoluxmamaq üçün verilən tövsiyələrə düzgün riayət olunmalıdır.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB