Birinci Qarabağ müharibəsi əlillərinə sosial dəstək TƏHLİL

Birinci Qarabağ müharibəsi əlillərinə sosial dəstək TƏHLİL

Ölkəmizin ərazi bütövlüyü, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şücaət göstərən qazilərə, şəhid ailələrinə də dövlətimiz tərəfindən sosial qayğılarının həll edilməsi üçün ardıcıl olaraq zəruri tədbirlər görülür. Onların həyat şəraitinin yaxşılaşmasına, ictimai hüquqlarının bərpa olunmasına şərait yaradılıb. Bu, dövlət başçısının siyasətinin əsasında ölkənin hər bir vətəndaşına münasibətdə ədalət və humanizm prinsipləri dayandığını bir daha təsdiqləyir. Ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda döyüşlərdə şəhid olmuş insanların ailələrinin, bu döyüşlərdə əlil olmuş şəxslərin həyat şəraitlərinin yaxşılaşdırılması istiqamətində aparılan işlər davam edir. Şəhid ailələrinə və müharibə əlillərinə ayrılan diqqətin nəticəsidir ki, bu gün onların sosial təminatı istiqamətində kifayət qədər tədbirlər reallaşıb.

HUMANİZM PRİNSİPLƏRƏ ƏSASLANAN YENİ DƏSTƏK PROQRAMI

Görülən işlərini davamı olaraq yeni sosial dəstək proqramı həyata keçirilir. Bu, Prezident İlham Əliyevin müharibə əlillərinə xüsusi qayğısının növbəti təzahürüdür. 1997-ci il avqustun 2-dək olan xidmət dövründə aldığı xəsarət, habelə hərbi xidmət vəzifələrini yerinə yetirərkən xəsarət və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərlə yanaşı, proqram həmin şəxslərdən vəfat edənlərin vərəsələrini də əhatə edir. Həmçinin xidmətlə əlaqədar əlilliyi olmuş, lakin sonradan reabilitasiya olunmuş şəxslərin, eləcə də əvvəllər hazırkı məbləğdən az sığorta ödənişi almış şəxslərin də ödənişlə təmin olunması nəzərdə tutulub. Bu da proqramın humanist prinsiplərə əsaslandığını və əhatə dairəsinin daha geniş olduğunu göstərir. Artıq 11 minədək şəxsə e-sistem üzərindən proaktiv qaydada birdəfəlik ödəmə təyin olunub və ödənişlər həmin şəxslərin bank hesablarına köçürülüb. Birdəfəlik ödəmə ilə təminat proqramının icrası üçün ötən dövrdə elektron sistem yaradılıb və müvafiq e-məlumat bazası formalaşdırılıb.

HƏRBİ YÖNÜMLÜ QHT RƏHBƏRLƏRİ PREZİDENT İLHAM ƏLİYEVƏ MİNNƏTDARLIQLARINI BİLDİRİBLƏR

Birdəfəlik ödəmə təkcə hazırda müharibə əlili statusunda olanlara deyil, həm də vaxtilə Birinci Qarabağ müharibəsi ilə bağlı əlilliyi olmuş, lakin sonradan sağalmış, yəni reabilitasiya olunduğundan əlillik dərəcəsi hazırda olmayan şəxslərə də verilir. Eyni zamanda, Birinci Qarabağ müharibəsi əlili vəfat etdiyi halda, onların vərəsələrinə də bu vəsaitin verilməsi nəzərdə tutulub. Həmçinin, əvvəllər hazırkı məbləğdən az ödəniş almış şəxslərə də ödəniş olacaq. Əlbəttə ki, humanist addım bu kateqoriyadan olanlar, eləcə də hər bir ölkə vətəndaşı tərəfindən məmnunluqla qarşılanır. Hərbi yönümlü qeyri-hökumət təşkilatlarının rəhbərləri də şəhid ailələrinə, müharibə əlillərinə və iştirakçılarına göstərilən həssas, qayğıkeş münasibətə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Vurğulayaq ki, 2019-2020-ci illərdə mühüm sosial proqram - 1997-ci il avqustun 2-dək olan dövrdə şəhid olmuş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələri birdəfəlik ödəmə ilə təmin edilib. Bu da müharibə əlillərinin sosial müdafiəsinin daim dövlət başçısının diqqət mərkəzində olduğunu, ölkəmizin ərazi bütövlüyünün müdafiəsi zamanı sağlamlıqlarını itirən qəhrəmanlarımızın dövlətin qayğısı ilə əhatə olunduqlarını bir daha təsdiq edir.

ŞƏHİD AİLƏLƏRİ VƏ QAZİLƏRİMİZƏ DÖVLƏTİN QAYĞISI VƏ HƏSSAS YANAŞMASININ GÖSTƏRİCİLƏRİ
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm tarixi Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonra da şəhid ailələri, müharibə əlilləri və iştirakçıları ilə bağlı icra olunan genişmiqyaslı sosial dəstək proqramları həyata keçirilib. Ötən dövrdə 12500-dən çox mənzil və fərdi ev, 7450 nəfər müharibə əlilinə minik avtomobili təqdim olunub. Təkcə son 4 ildə şəhid ailələri və müharibə əlillərinə yönələn ödənişlərdə orta hesabla 2,5 dəfə artım olub. Bütün bunlarla yanaşı, şəhid ailələri və müharibə iştirakçıları aktiv məşğulluq proqramları, reabilitasiya xidmətləri ilə əhatə olunublar. Həmçinin həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinin Görmə qabiliyyəti məhdudluğu olan şəxslər üçün sosial reabilitasiya və bərpa şöbəsində qazilər tibbi, pedaqoji, idman, mədəniyyət və incəsənət, psixoloji, eləcə də digər sosial reabilitasiya xidmətlərinə cəlb ediliblər. Qazilərin keyfiyyətli reabilitasiya xidmətləri ilə təminatında son illərdə müasir tələblərə uyğun qurularaq təchiz olunmuş 12 reabilitasiya müəssisəsi bu sahədə mühüm potensial rolunu oynayır. Mərkəzlərdə postmüharibə dövründə 2500 qaziyə səmərəli reabilitasiya və sosial-psixoloji xidmətlər göstərilib.
Şəhid ailələri və qazilərə özünüməşğulluq proqramı çərçivəsində müvafiq dəstək tədbirlərinin göstərilməsi də davam edir. Son bir həftə ərzində bu kateqoriyadan olan 100-ə yaxın şəxsə aktivlər təqdim edilib. Verilmiş aktivlər hesabına onlar üçün kiçik təsərrüfatlar yaradılıb. Ümumilikdə bu ilin ötən dövrü ərzində 1000-dən çox şəhid ailəsi, qazinin özünüməşğulluq proqramına cəlb olunması və proqram çərçivəsində onlar üçün kiçik təsərrüfatların yaradılması təmin edilib. Onu da vurğulayaq ki, proqrama cəlb olunan şəxslərə istehsal, xidmət və kənd təsərrüfatı üzrə biznes zərflər təklif olunur.
Qeyd edək ki, şəhid ailələrinə diqqət və qayğı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursun mühüm istiqamətlərindən biridir. Bütün görülən tədbirlər respublikamızın müstəqilliyi, ərazi bütövlüyü uğrunda mübarizədə yenilməz rəşadət və misilsiz vətənpərvərlik nümunəsi göstərən vətən oğullarımıza və onların ailələrində dövlətin qayğısı və həssas yanaşmasının göstəricisidir.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə