"Şəhid ailələrinə və qazilərə yardım çərçivəsində tədbirlər görüldü" - DEPUTAT ŞƏRH ETDİ
“Qarabağ müharibəsi şəhidləri, qaziləri, veteranları, onlar cəmiyyətimizin ən hörmətli üzvləridir və onlara qayğı və diqqət həm dövlətimiz tərəfindən, həm də cəmiyyətimiz tərəfindən yüksək səviyyədə göstərilir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Musa Quliyev bildirib.
Onun sözlərinə görə, Azərbaycanın qanunvericiliyi ilə bu qəbildən olan insanlara bir sıra güzəşt və imtiyazlar müəyyən olunmuşdur: "Eyni zamanda, ölkə başçısının fərman və sərəncamları ilə onların pensiya təminatı, müavinət və təqaüd təminatı yüksək səviyyədə həyata keçirilir. Qarabağ qaziləri və şəhid ailələri ən yüksək təqaüdlə təmin olunmuşlar. Bu qəbildən olan insanlara bir sıra aktiv və passiv sosial müdafiə tədbirləri nəzərdə tutulub və ardıcıl olaraq həyata keçirilir. Bu tədbirlərdən biri də dövlət başçısının sərəncamı ilə həyata keçiriliməyə başlayan 1-ci Qarabağ müharibəsi qazilərinin sosial sığorta haqlarının ödənilməsi ilə bağlıdır. Məlumdur ki, 1-ci Qarabağ müharibəsi bitəndən sonra şəhid olanlar üçün 11 min manat sığorta haqları ödənilmişdir. 2-ci Qarabağ müharibəsindən sonra da şəhid ailələrinə və qazilərə yardım çərçivəsində tədbirlər görüldü. Bununla bağlı büdcə yükü yaransa da 1-ci Qarabağ müharibəsində qazi olan, əlillik dərəcəsi alan insanlara da dövlətin qayğısı olaraq 1-ci qrupa 8800, 2-ci qrupa 6600, 3-cü qrupa isə 4400 manat olmaqla sığorta ödənişinin həyata keçirilməsi başlamışdır. Bu da Azərbyacan Prezidentinin bu qəbildən olan insanlara diqqətinin göstəricisidir. Demək olar ki, Qarabağ qazilərinin və şəhid ailələrinin mənzil təminatı yüksək şəkildə həyata keçirilir.
2014-cü ilə qədər növbədə duran şəhid ailələri və qazilərin hamısı mənzillə təmin olunub, 2-ci Qarabağ müharibəsinin şəhid ailələri mənzillərlə təmin olunubdur. 1-ci Qarabağ müharibəsi qazilərinin isə 2024-cü ilə qədər mənzillə təmin olunması istiqamətində Prezident göstəriş verib. İndiyədək 7500 Qarabağ qazisinə minik avtomobili verilib. Protezlərlə təmin olunması, övladlarının təhsil haqlarının qarşılanması, güzəştli ipoteka kreditlərinin verilməsi istiqamətində bir çox tədbirlər həyata keçirilib. Bu, ölkə başçısı İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu qəbildən olan insanlara xüsusi diqqət və qayğısının göstəricisidir. Bu şəxslər bizim torpaqlarımızın işğaldan azad olunmasında, vətənimizin qorunmasında həyatlarını və sağlamlığını itirib. Gələcəkdə də bu qəbildən olan insanların həyat məişət şəraitinin yaxşılaşdırılması istiqamətində işlər görüləcəkdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB