Heç kəs qanundan üstün deyil... - ŞƏRH

Heç kəs qanundan üstün deyil... - ŞƏRH

Qanunun aliliyinin qarantı Azərbaycan Prezidentidir

Hər bir ölkənin inkişafında idarəçilik sistemində təkmilləşmə əhəmiyyətli rol oynayır. Bu fikir beynəlxalq səviyyədə də qeyd edilir ki, yoxsul deyil, yaxşı idarə olunmayan ölkələr var. Azərbaycanın bu sahədə təcrübəsi nümunə göstərilir. Daim yeniliyə, təkmilləşməyə meyilli olan və bunu atdığı addımları ilə təsdiqləyən ölkəmizin zamanın tələbi ilə idarəetmədə apardığı islahatlar davamlılığı ilə diqqət çəkir. Reallıq budur ki, ölkə iqtisadiyyatının inkişafında, sosial islahatların həyata keçirilməsində kadr islahatlarının rolu böyükdür. Bu baxımdan respublikada dövlət idarəçiliyi sistemi xalqın və dövlətin maraqları, milli mənafelər nəzərə alınmaqla təkmilləşdirilir, hədəflərə, müasir dövrün çağırışlarına uyğun addımlar atılır. Son dövrlərdə ölkənin dövlət idarəetmə sistemində həyata keçirilən struktur islahatları çərçivəsində gənc kadrlara xüsusi etimad göstərilməsi təqdirəlayiq hal, gələcəyimizə təminatdır. Ölkəmizdə gənclər siyasətinin əsas prinsiplərindən olan yeni nəslin nümayəndələrinin dövlət idarəçiliyində irəli çəkilməsi ənənəsi hazırda daha intensiv, bütün sahələr üzrə davam etdirilir. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan, Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasətin nəticəsidir ki, ölkəmizdə bütün sahələrdə gənclərdən ibarət peşəkar kadr potensialı formalaşıb. Təcrübə göstərir ki, yeni nəslə etimadın artması ölkə gəncliyinin stimullaşdırılması baxımından da vacibdir. Gənclərin rəhbər vəzifələrə, idarəetmə strukturlarında irəli çəkilməsi köhnə stereotiplərdən uzaqlaşmaq, zamanın tələblərinə yeni yanaşma baxımından da əhəmiyyətlidir. Bu cür inkişaf isə əlbəttə ki, ümumilikdə ölkənin, cəmiyyətin xeyrinədir. Bu, bir reallıqdır ki, texnologiyalar əsri adlandırılan, elmin tərəqqi etdiyi müasir dövrümüzdə gənclər insanları möcüzələri ilə heyrətləndirən yeni texnologiyaları daha çox və tez mənimsəyirlər. Bu baxımdan yaşlı nəslin təcrübəsi ilə gəncliyin enerjisinin birlikdə tətbiqi idarəçilik sistemində daha çox səmərə verir. Buna görə də son illərdə aparılan kadr islahatlarının tərkib hissəsi olan gənclərin idarəetmə strukturunda, hökumət işlərində irəli çəkilməsi ənənəsi özünü doğruldur və davam etdirilir.

"HƏR BİR DÖVLƏT MƏMURU ÖZ VƏZİFƏSİNİ ŞƏRƏFLƏ, VİCDANLA, LƏYAQƏTLƏ YERİNƏ YETİRMƏYƏ BORCLUDUR"

Ölkəmizdə baş verən uğurlu nailiyyətlər onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin iqtisadi və siyasi islahatları 2003-cü ildə Prezident seçiləndə başlayıb. Bəli, Cənab Prezident hər dəfə əbəs yerə demir ki, xalqın birinci xidmətçisi mənəm və bütün dövlət məmurları belə işləməlidirlər. Bu artıq idarəetmənin fəlsəfəsi deməkdir, bu artıq lider-xalq münasibətinə yeni baxışdır. Göründüyü kimi, elə bu tezislə Prezident İlham Əliyev ilk öncə iqtisadi islahatlara start verdi, qeyri-neft sektorunda ciddi irəliləyiş yarandı, ənənəvi aqrar sahələri, pambıqçılığı, üzümçülüyü, çayçılığı inkişaf etdirdi. Məqsəd iqtisadi bazanı yaratmaq idi, çünki iqtisadi baza olmadan digər sferalarda islahatlar nəticə vermir. Və bu gün Möhtərəm Prezidentimizin aydın zəkası, zəngin bilik və təcrübəsi, çoxsahəli fəaliyyəti və zəhməti hesabına Azərbaycanda müasir tələblərə cavab verən dövlət idarəçilik sistemi yaradılmışdır. Yeniləşən dünyanın tələblərinə cavab verən gənc kadrların vəzifələrə gətirilməsi ölkəmizin bu günü və gələcəyi üçün mühüm əhəmiyyət daşıdığı hər kəsə məlumdur. Məhz buna görə də bütün sahələrdə yeni düşüncəli, savadlı, işgüzar, bacarıqlı, saf mənəviyyatlı, yüksək təşkilatçılıq qabiliyyətinə malik olan gənc kadrlar mühüm dövlət vəzifələrinə irəli çəkilir. Kadrların seçilməsində onların iş qabiliyyəti, dövlətçiliyə, dövlətə sədaqətləri, vətənpərvərliyi əsas götürülür. Və cari il iyul ayının 25-də ölkə başçısı Masallı, Lerik və Göygöl Rayon İcra Hakimiyyətlərinin yeni başçılarını vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbulu zamanı çıxışında çox vacib və mühüm məqamlara toxundu. Qeyd etdi ki, siz daim insanlarla təmasda olmalı, insanların qayğıları ilə yaşamalı, onları narahat edən problemləri dinləməli və imkan daxilində bu problemləri həll etməlisiniz. Əgər bir kəndin problemi həll olunursa, demək olar ki, ölkədə insanları narahat edən ciddi problem qalmayacaq.

"Əfsuslar olsun ki, belə hallar çoxdur. Bu gün bir daha demək istəyirəm ki, bu hallara qarşı çox ciddi mübarizə aparılır. Çünki idarəetmədə çox ciddi islahatlar aparılır, çox böyük təmizləmə işləri aparılır", deyən dövlət başçısı bir daha məmurlara xəbərdarlıq etdi: "Bu işlərə rəvac verən və bəzi dövlət məmurlarını, yerli icra orqanlarını bu qanunsuz işlərə təhrik edən insanlar hakimiyyətdən uzaqlaşdırıldı. Hakimiyyət təmizlənir və insanlar da bunu görürlər. Ona görə siz dövlət məmurları kimi bu hallara çox ciddi fikir verməlisiniz. Bunu mən sizə deyirəm və bütün dövlət orqanlarının nümayəndələrinə deyirəm, eyni zamanda, qanunsuz işlərlə məşğul olmaq istəyən insanlara deyirəm: Əl çəkin bundan! Cəzalandırılacaqsınız və cəzalandırılırlar".

Prezident İlham Əliyev bir daha bildirdi ki, heç kim qanundan üstün ola bilməz: "Heç kim qanundan üstün ola bilməz. Mən bütün icra başçılarını vəzifəyə təyin edərkən göstərişlərimdən biri o idi ki, korrupsiyaya, rüşvətxorluğa qarşı biz amansız mübarizə aparmalıyıq və icra başçıları burada nümunə olmalıdırlar. Əfsuslar olsun ki, bəziləri əyri yolla gediblər və bu gün bunun acısını çəkirlər. Bu, hər bir dövlət məmuru üçün dərs olmalıdır".

Bəli, bu gün ölkə başçısı, Prezident İlham Əliyevin yeni təyin olunmuş icra başçılarını qəbul etməsi, onlara müvafiq tapşırıqlarını və tövsiyyələrini verməsi, Azərbaycan prezidentinin apardığı siyasətin mərkəzində vətəndaş məmnunluğunun dayanmasının bariz sübutudur. Eyni zamanda bu amil bir daha göstərir ki, heç bir kəs qanundan üstün deyil və hər bir dövlət məmurunun fəaliyyəti xüsusi nəzarətdədir. Cənab Prezident İlham Əliyev hər zaman bütün dövlət məmurlarına xalqın arasında olmağı, onların problemlərinin öyrənilməsi və həmin problemlərin aradan qaldırılması istiqamətində lazımi işlərin görülməsi, vətəndaş məmnunluğunun təmin edilməsi kimi məsələləri ali vəzifə olaraq qarşıya qoymuşdur. Eyni zamanda Azərbaycan Prezidenti cənab İlham Əliyev öz fəaliyyəti ilə də bütün dövlət məmurlarına əsl nümunədir.

Ən əsası isə, ölkə başçısı cənab İlham Əliyevin əsas tələblərindən və Azərbaycan dövlətinin sosial siyasətinin prioritet hədəflərindən biri də şəhid ailələrinə, qazilərə və müharibə veteranlarına xüsusi qayğının göstərilməsidir. Bu gün şəhid ailələri, qazilər və müharibə veteranları ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövlətinin diqqət mərkəzindədir və dövlətimizin hərtərəfli qayğısı ilə əhatə olunublar. Və bu gün hər bir dövlət məmuru ölkə başçısı cənab İlham Əliyevin səsləndirdiyi iradlar hamı üçün dərs olmaqla, həm də dövlət başçısının tövsiyyələrinə əməl etməli, qarşıya qoyduğu ali vəzifələri məsuliyətlə icra etməli, ona olan etimadı və etibarı doğrultmalıdır.

ZƏRİFƏ QULİYEVA,
"Modern ailə və inkişaf" İctimai Birliyinin sədri

Bütün xəbərlər Facebook səhifəmizdə