"Biz dövlət başçısının atdığı bu addımları dəstəkləyirik" - HƏRBİ EKSPERT DANIŞDI

"Biz dövlət başçısının atdığı bu addımları dəstəkləyirik" - HƏRBİ EKSPERT DANIŞDI

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 23 dekabr 2021-ci ildə xüsusi fərman imzalamışdır. Bu fərmana əsasən 1-ci dərəcə əlilliyi olan şəxslərə 8 800 manat, 2-ci dərəcə əlilliyi olan şəxslərə 6 600 manat, 3-cü dərəcə əlilliyi olan insanları isə 4 400 manat birdəfəlik məvacib nəzərdə tutulmuşdur”. Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının rəhbəri Cəlil Xəlilov bildirib.

Onun sözlərinə görə, bu qanun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda hərbi xidmət vəzifələrini yerinə yetirərkən və həqiqi hərbi xidmət dövründə xəsarət alan müharibə iştirakçılarına təqdim olunacaq: “Həmin dövrdən bir müddət sonra Nazirlər Kabinetinin yeni təsdiq etdiyi Qaydaya uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələrin verilməsinə başlanılıb. Bu birdəfəlik ödəmə 11 min şəxsə şamil edilir. Bu gündən ödəmələr artıq başlanılıb. Təbii ki, bu da veteranlarımıza, müharibə iştirakçılarımıza dövlətimizin göstərdiyi diqqətin, qayğının təzahürüdür.

Ölkə başçısı İlham Əliyev şəhid ailələrinə və müharibə iştirakçılarına diqqəti dövlətin əsas prioritet məsələsinə çevirib. Hər zaman sosial sahədə islahatlar keçirərək xalqın rifahını yaxşılaşdırmağa çalışır. Qazilərin və şəhid ailələrinin həyat şəraitinin yaxşılaşdırılması üçün sərəncamlar, fərmanlar imzalanmışdır. Biz dövlət başçısının atdığı bu addımları dəstəkləyirik. Cənab Prezident İlham Əliyevin sosial sahədə atdığı bu addımlar xalqın rifahının yüksəldilməsinə xidmət edir. Dövlət başçısı hər zaman şəhid ailələrinə və müharibə iştirakçılarına xüsusi diqqət ayırıb. Onların problemlərinin həll olunması üçün bir çox göstərişlər verib. Şəhid ailələrinə və qazilərə diqqət, qayğı bundan sonrakı dövrlərdə də dövlətimizin əsas istiqamətlərindən olacaq”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə