Dmitri Verxoturov: “Ermənistandakı isteriyanın səbəbkarı Qərbdir” - MÜSAHİBƏ

Dmitri Verxoturov: “Ermənistandakı isteriyanın səbəbkarı Qərbdir” - MÜSAHİBƏ

Rusiyalı siyasi ekspert, publisist və ictimai xadim Dmitri Verxoturov “Caliber” analitik mərkəzinə müsahibəsində regionumuzda gedən proseslər haqda maraqlı fikirlər səsləndirib. Müsahibədən bir hissəni oxucularımıza təqdim edirik.

- Türkiyə və Rusiya aktual məsələləri həll edərkən Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsi yenidən aktivləşib. Yenidən vüsət alan bu isteriyanın məqsədi nədir?

- Ermənistanda həmişə anti-Rusiya əhval-ruhiyyəsi olub, onlar ya güclənir, ya da səngiyir, bu fakt ənənəvi xarakter daşıyır. Təbii ki, həm Ermənistanın özündə, həm də ondan kənarda belə hisslərlə maraqlananlar var. Ermənistanda Rusiya əleyhinə demarşların qızışdırılmasında Avropa və ABŞ da öz töhfəsini verir. Bunu 2020-ci ildə Qarabağda ikinci müharibə ilə bağlı məlum hadisələrə görə Rusiyaya heç də rəğbətlə yanaşmayan keçmiş Qarabağ yaraqlıları da edir. Beləliklə, Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsi siyasi mənzərənin bir hissəsidir və bununla bağlı heç nə etmək olmaz. Başqa bir məsələ odur ki, belə təxribatların heç bir perspektivi yoxdur, çətin ki, ciddi nəsə ilə nəticələnsin. Ümumiyyətlə, hesab etmirəm ki, onlara xüsusi önəm verilməlidir.

- Son zamanlar ABŞ və Avropanın Cənubi Qafqaza marağı xüsusilə artıb və bunu Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Börnsun Ermənistana bu yaxınlarda etdiyi səfər də təsdiqləyib. Bu barədə nə düşünürsünüz?

- Cənubi Qafqaz Xəzər regionu və Mərkəzi Asiya ilə bağlı həmişə ABŞ-ın marağında olub. Amerikalıların Çini strateji cəhətdən məğlub etməsi üçün onlara Mərkəzi Asiyaya sərbəst çıxış lazımdır. O zaman onlar ÇXR-ə hər tərəfdən- həm dənizdən, həm də qurudan blokada tətbiq edə bilərlər. Amma fakt budur ki, Mərkəzi Asiyaya daxil olmaq kifayət qədər çətindir və Cənubi Qafqaz amerikalıların lazım gəldikdə istifadə edəcəyini gözlədikləri marşrutlardan sadəcə biridir. Bu arada, mənim fikrimcə, bu, ən az əlverişli marşrutdur, çünki coğrafi baxımdan kifayət qədər dar dəhlizdir və hərbi nəqliyyat məqsədləri üçün uyğun deyil. Yəni bir tərəfdən ABŞ-a düşmən olan İran, digər tərəfdən isə Ermənistan və Cənubi Osetiyanın köməyi ilə bu marşruta nəzarət edən Rusiya burada yerləşir. Buna baxmayaraq, amerikalılar daha yaxşı dəhliz olmadığı üçün hələ də bu dəhliz üzərində nəzarət yaratmağa çalışırlar, çünki bütün digər marşrutlar artıq bağlanıb.

- Ermənistan-Türkiyə sərhədinin nə vaxt açılacağını proqnozlaşdırırsınız?

- Ermənistan-Türkiyə sərhədinin nə vaxt açılacağını söyləmək çətindir, çünki hələlik bunun üçün xüsusi ilkin şərtlər və xüsusi ehtiyac yoxdur. İndiki mərhələdə bu, ikinci dərəcəli məsələdir.

- Rusiya-Türkiyə münasibətlərinin açıq-aşkar yaxınlaşması uzunmüddətli perspektivə hesablanıbmı?

- Rusiya-Türkiyə münasibətləri kifayət qədər maraqlı, mürəkkəb və özünəməxsus sahədir, çünki əslində söhbət opponentlər arasındakı münasibətlərdən gedir. Türkiyə formal olaraq NATO-nun üzvüdür, lakin görünür Ankaranın Rusiya ilə əməkdaşlıq etmək üçün ciddi səbəbləri var ki, bu da siyasi motivlər və ya daxili proseslərlə bağlı ola bilər. Aydındır ki, Türkiyə Rusiya ilə daha çox dostluq münasibətləri qurmaq istəyir və Kreml bir sıra mövcud ziddiyyətlərə baxmayaraq, Ankaraya çox rəğbət bəsləyir.

- Bəs Ankara-Moskva-İran və Bakı-Moskva-Ankara formatlarının siyasi və iqtisadi məqsədəuyğunluğunu necə qiymətləndirirsiniz?

- İran öz siyasətini yalnız öz maraqları əsasında quracaq və çətin ki, ona böyük fayda verməyən hər hansı ittifaqlara qoşulsun. İndi vəziyyət kəskin şəkildə Tehranın xeyrinə dəyişib, ona görə də İran tərəfi bundan maksimum yararlanacaq. Görünür, Rusiya-Türkiyə danışıqlarında İran faktoru da var.

Moskva-Bakı-Ankara üçbucağına gəlincə, bu cür formatlar mövcud ola bilər, lakin indiki çətin geosiyasi vəziyyətdə onlar çox güman ki, bəzi təxirəsalınmaz situasiya məsələlərinin həllinə yönələcək. Dünyada vəziyyət o qədər gözlənilməz olub ki, gələcəkdə uzunmüddətli siyasət aparan təşkilatlara çevrilə biləcək güclü ittifaqların mövcudluğunu proqnozlaşdırmaq çətindir.

Tərcümə - Elçin Bayramlı

Bütün xəbərlər Facebook səhifəmizdə