Prezident İlham Əliyev: "İnsan sağlamlığı sosial məsələlər arasında ən birinci yerdədir və bu gün Azərbaycanda bu sahədə gözəl nəticələr var"
Azərbaycanda əhalinin sağlamlığı dövlət siyasətinin mərkəzində dayanan məsələlərdən biridir. Səhiyyə sistemində aparılan uğurlu islahatlar nəticəsində tibb müəssisələrinin maddi-texniki bazası və kadr potensialı gücləndirilib, bütövlükdə səhiyyə sahəsində böyük nailiyyətlər əldə edilib. Müxtəlif səhiyyə müəssisələrinin, o cümlədən xəstəxanaların, müalicə-diaqnostika, reabilitasiya mərkəzlərinin, poliklinikaların inşası həyata keçirilib, səhiyyə ocaqları əsaslı təmir olunub və lazımi avadanlıqla təmin edilib. Bu gün Azərbaycanda səhiyyənin inkişafı istər yeni tibb ocaqlarının inşasında, istər mövcud xəstəxana və tibb mərkəzlərinin bərpasında, istərsə də tibb müəssisələrinin ən müasir avadanlıqla təchiz edilməsində özünü daha qabarıq büruzu verir. Bütün bunlar sübut edir ki, Azərbaycan vətəndaşlarının hərtərəfli tibbi xidmətlə təmin edilməsi istiqamətində icra olunan layihələri Azərbaycan Prezidenti İlham Əliyev daim nəzarətdə saxlayır. Bu layihələr, eyni zamanda, vətəndaşlarımızın məhz ölkəmizdə yüksək səviyyəli tibbi xidmətlərdən yararlanması ilə bağlı görülən mühüm işlərin davamlı olduğunu göstərir.
GENEFONDUMUZUN QORUNMASINA YÖNƏLƏN LAYİHƏLƏR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci Xanım Mehriban Əliyeva Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsində 2 nömrəli doğum evində aparılmış əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olmaları dövlətimizin ölkəmizdə səhiyyə sisteminin inkişafına, maddi-texniki bazasının gücləndirilməsinə və infrastrukturun yenilənməsinə ayrılan diqqətin bariz nümunəsidir. 2 nömrəli doğum evi 1987-ci ildə istifadəyə verilib və uzunmüddətli istismar nəticəsində bu tibb müəssisəsində əsaslı təmirə ehtiyac yarandığından dövlətimizin başçısının 2019-cu il 3 aprel tarixli Sərəncamı ilə 2 nömrəli doğum evinin əsaslı təmiri üçün Prezidentin ehtiyat fondundan 2 milyon manat vəsait ayrılıb. Əsaslı şəkildə təmir edilən 120 çarpayılıq bu səhiyyə müəssisəsində ən müasir tələblərə uyğun tibbi avadanlıqlar quraşdırılıb. Burada vətəndaşlara həm ambulator, həm də stasionar xidmət göstəriləcək. Əlbəttə ki, Azərbaycanda yeni tikilən səhiyyə ocaqları, ölkəmizə gətirilən müasir tibbi avadanlıqlar əhalinin sağlamlığının qorunmasına yönəldilib. Bu prosesdə Heydər Əliyev Fondunun da misilsiz xidmətləri var. Bütövlükdə əhalinin, xüsusən də, ana və uşaqların sağlamlığının qorunması Fondun fəaliyyətinin prioritet istiqamətlərindən biridir. Fondun prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın birbaşa təşəbbüsü ilə həyata keçirilən tədbirlər genefondumuzun qorunmasına, bu sahədə mövcud problemlərin əsaslı surətdə həllinə yönəlib. Bu doğum evinin əsaslı şəkildə yenidən qurulması da ölkəmizdə ana və uşaqların sağlamlığının qorunması istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlərin daha bir əyani təsdiqidir. "Ana və uşaqların sağlamlığının qorunması üzrə Dövlət Proqramı" çərçivəsində mütəmadi olaraq ana və uşaqlara xidmət göstərən tibb müəssisələrinin, xüsusən neonatoloji reanimasion şöbələrin maddi-texniki bazası ilbəil gücləndirilib, dərman preparatları və tibbi texnika ilə təminatı yaxşılaşdırılıb. Prezident İlham Əliyevin çıxışlarının birində vurğuladığı kimi, "İnsanların sağlamlığı ən vacib məsələdir. Bu gün statistikaya, Dünya Səhiyyə Təşkilatının hesablamalarında Azərbaycanın artan reytinqinə baxdıqda görürük ki, bu sahədə çox yaxşı nəticələr var. Azərbaycanda insanların ömrünün uzunluğu artır, körpə-ana ölümü azalır".
Ölkənin dinamik iqtisadi inkişafı demoqrafik və tibbi statistik göstəricilərinin yaxşılaşmasına səbəb olmuşdur. Son illərin ölüm göstəricisi azalmış, doğum və bununla bərabər təbii artım göstəricisi yüksəlmişdir. Bu göstəricilərə görə Azərbaycan Avropa ölkələri sırasında öndə gedir.
AZƏRBAYCAN SƏHİYYƏSİ QLOBAL DƏYİŞİKLİKLƏRƏ CAVAB VERƏN SAHƏYƏ ÇEVRİLİB
Azərbaycanda həyata keçirilən sosial siyasət nəticəsində müşahidə olunan uğurlu inkişaf həyatımızın hər bir sahəsini əhatə etdiyi kimi, bu inkişaf əhalinin sağlamlığının qorunması kimi vacib bir sahədən də yan keçməyib. Səhiyyəyə diqqət və qayğının artırılması Azərbaycanın səhiyyə sistemini dövrlə ayaqlaşan, qlobal dəyişikliklərə cavab verən və tərəqqi edən bir sahəyə çevirməkdədir. Ölkədə səhiyyənin prioritet sahələri üzrə qəbul olunmuş 10-dan artıq dövlət proqramının uğurlu icrasına nail olunub və bu davam etməkdədir. "Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərə qarşı mübarizəyə dair 2015-2020-ci illər üzrə Strategiya"sı "2016-2020-ci illər üçün şəkərli diabet üzrə Dövlət Proqramı", "Ana və uşaqların sağlamlığının qorunması üzrə Dövlət Proqramı", "Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı" və s. insan həyatı və sağlamlığına zərbə vura biləcək halların qarşısının alınmasında əhəmiyyət kəsb edib. Bütün bunlar Azərbaycan səhiyyəsinin müasir dövrümüzdə bütün xüsusiyyətlərinə görə, özünün yeni inkişaf mərhələsini yaşamasının, ölkəmizin iqtisadi gücünün, siyasi sabitliyinin təzahürüdür.
Məlum olduğu kimi, ölkəmizdə açıq ürək, böyrəkköçürmə əməliyyatlarının keçirilməsi səhiyyəmizin uğurlu inkişafını şərtləndirən amillərdir. Əlbəttə ki, bu əməliyyatların ölkə daxilində aparılması, səhiyyəmizin inkişafına söykənir. Ölkəmizdə talassemiyalı və hemofiliyalı xəstələrin müalicəsində müsbət nəticələr əldə edilmişdir. Hazırda tibb müəssisələrinin və xəstələrin donor qanına olan ehtiyacı tam ödənilir.
İCBARİ TİBBİ SIĞORTANIN TƏTBİQİ NEQATİV HALLARI ARADAN QALDIRILDI
Səhiyyə sahəsində aparılan islahatların davamı olaraq icbari tibbi sığortanın tətbiqi hökumətin səhiyyə sahəsində apardığı islahatların tərkib hissəsidir. İcbari tibbi sığortaya keçid ölkə vətəndaşlarının tibbi xidmətlərə əlçatanlığını artırıb. İcbari tibbi sığorta müasir və keyfiyyətli tibbi xidməti təmin edən səhiyyənin maliyyələşdirilməsinin yeni formasıdır. Bu layihənin məqsədi səhiyyənin maliyyələşdirilməsini təkmilləşdirmək, habelə əhaliyə etibarlı, keyfiyyətli, səmərəli tibbi xidmətlərin göstərilməsinə zəmanət verəcək universal və dayanıqlı tibbi sığortanı təmin etməkdir.
İcbari tibbi sığortanın baza zərfinə daxil edilən həyati vacib, dəyəri yüksək tibbi xidmətlər müəyyənləşdirilərkən ölüm səbəbləri arasında öndə gedən xəstəliklər nəzərə alınıb. Belə ki, qapalı və açıq ürək əməliyyatları, o cümlədən stend qoyulması, damar əməliyyatları sığorta paketinə daxil edilib, çünki ürək-damar xəstəlikləri ölüm səbəbləri arasında yüksək yer tutur. Ödənişsiz tibbi xidmətlərlə təmin edilmiş əhalinin səhiyyə xərcləri ilə bağlı maliyyə yükü xeyli azaldılıb və baza zərfi çərçivəsində əhali tərəfindən birbaşa çəkilən xərclər 100 faiz həcmində aradan qaldırılıb.
İcbari sığortanın tətbiq edilməsi səhiyyənin maliyyələşdirmə bazasını dəyişməklə bu sahədəki neqativ halların aradan qaldırılmasına səbəb olub. Bu, vətəndaşların səhiyyə xərclərinin azalması səbəbindən pullarına qənaət etməsinə və o cümlədən az təminatlı və ya işsiz statusu olan insanların səhiyyə xidmətindən yararlanmasına imkan yaradıb. Əlbəttə ki, icbari tibbi sığorta xəstəliklərin erkən mərhələdə aşkar edilməsində, daha ağır mərhələyə keçidinin qarşısının alınmasında, ən ucqar kəndlərdə belə yaşayan əhalinin keyfiyyətli tibbi xidmətlərlə təmin olunmasında əhəmiyyətli rol oynayır.
Azərbaycan Prezidenti İlham Əliyevin sonsuz qayğısı və diqqətinin məntiqi nəticəsi olaraq iqtisadiyyatın inkişafı səhiyyədə də görülən işlərin daha böyük vüsətlə davam etdirilməsinə imkan yaratmışdır. Ölkənin maliyyə imkanlarının çoxalması və həyata keçirilən siyasi kurs dövlət büdcəsindən səhiyyəyə ayrılan maliyyə vəsaitinin artmasına imkan verir və Azərbaycan səhiyyəsində bir sıra işlərin keyfiyyətlə həyata keçirilməsinə şərait yaradır. Bütün bunlar gələcəyin təminatı olan insan faktorunun daim diqqətdə olduğunu, onların fiziki cəhətdən sağlam və gümrahlığının diqqətdə saxlanıldığını göstərir. "İnsan sağlamlığı sosial məsələlər arasında ən birinci yerdədir və bu gün Azərbaycanda bu sahədə gözəl nəticələr var", - deyən Azərbaycan Prezidenti Cənab İlham Əliyevin fərman və sərəncamları ilə Azərbaycan səhiyyəsi müasir dövrümüzdə bütün xüsusiyyətlərinə görə, özünün yeni inkişaf mərhələsini yaşayır.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB