Ermənistan tərəfi nə zaman təxribatlara son verəcək? - POLİTOLOQ ŞƏRH ETDİ

Ermənistan tərəfi nə zaman təxribatlara son verəcək? - POLİTOLOQ ŞƏRH ETDİ

“Ermənistan Azərbaycanla danışıqlar prosesində üzərinə götürdüyü öhdəliklərə əməl etmir. Təəssüflər olsun ki, 2020-ci ilin 10 noyabrında imzalanan bəyanatın üzərindən iki ilə yaxın bir müddət keçsə də, bu günə qədər Ermənistan tərəfindən öhdəliklərin yerinə yetirilməməsi prosesi baş verir”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov bildirib.

Politoloqun fikirlərinə görə, Ermənistan tərəfi üzərinə düşən öhdəliklərin icrasında ağır və ləng hərəkət edir: “Azərbaycan qalib və regionda şərtləri diqtə edən tərəf kimi Ermənistana daim sülh və etimad naminə iş birliyi məsələlərini təklif etsə də, bu günə qədər heç bir nəticə ortada yoxdur. Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın üzərinə götürdüyü öhdəliklər, həmçinin Laçına alternativ yolun tikintisi ilə bağlı Azərbaycan daha sürətli və çevik planlar həyata keçirsə də, Ermənistan tərəfi hələ avqust ayında Laçına alternativ yolun çəkilməsi ilə bağlı tikintiyə başlayacağını vurğulayıb. Bütün məsələrdə biz görürük ki, Ermənistan çox vektorlu bir şəkildə prosesin uzanmağında maraqlı görünür. Təbii ki, prosesin belə davam etməsi Ermənistan tərəfindən təxribatların uzanması ilə nəticələnir.

Son günlərdə cəbhə xəttində atəşkəsin pozulması, Ermənistanın Azərbaycanla münasibətlərin normallaşması prosesinə nə qədər sadiq və dürüst yanaşdığını ortaya qoyur. Məhz bu səbəbdən mən hesab edirəm ki, Ermənistanın üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi ilə bağlı həm Rusiya, həm də Avrop İttifaqı Şurası tərəfindən daha kəskin mövqe ortaya qoyulmalıdır. Məncə, kəskin mövqe olmasa Ermənistan tərəfindən bu təxribatlar sonlanmayacaq və davamlı xarakter alacaq. Azərbaycan da bu təxribatlar davam edəcəyi təqdirdə öz dəmir yumruğunu növbəti dəfə işə salmış olacaq”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə