Ölkə iqtisadiyyatının dayanıqlı və dinamik inkişafı təmin edilib ŞƏRH
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən kompleks islahatlar, geniş quruculuq işləri və yaradılan güclü iqtisadiyyat Azərbaycanın əsas inkişaf göstəriciləridir. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının qəbulu və qarşıya qoyulan vəzifələrin uğurlu icrası nəticəsində ölkə iqtisadiyyatının dayanıqlı və dinamik inkişafı təmin edilib. Regionlarda yeni iş yerlərinin açılması və qeyri-neft sektorunun inkişafı, daha çox valyuta gətirən strateji əhəmiyyətli kənd təsərrüfatı məhsullarının istehsalının artırılması üçün bütün imkanlardan istifadə edilməsi əhalinin məşğulluğunu daha da artırmışdır. Cari ilin iyul ayının 25-də Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Masallı, Lerik və Goranboyun icra başçılarını qəbul edərkən son illərdə bütün rayonlarda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası nəticəsində geniş abadlıq-quruculuq işlərinin görüldüyünü diqqətə çatdıraraq, böyük infrastruktur layihələrin icra edildiyini və uzun illər ərzində insanları narahat edən problemlərin böyük hissəsinin aradan qalxdığın diqqətə çatdırıb: "Elektrik enerjisi ilə təchizat, qazlaşdırma, yol infrastrukturu, suvarma, içməli su layihələri, sosial infrastruktur layihələri icra olundu, hər rayonda müasir xəstəxana, tibb ocaqları, bir çox məktəblər inşa edildi", - deyən Prezident rayonların sosial-iqtisadi inkişafına bunun çox böyük töhfəsi olduğunu qeyd edib. Bu gün Azərbaycan həm sosial, həm siyasi, həm də iqtisadi sahədə dünyaya inkişafın yeni modelini nümayiş etdirir. Azərbaycanda son illər baş vermiş həm siyasi, həm də sosial-iqtisadi dəyişikliklər demoqrafik inkişafa ciddi təsirini göstərib. Demoqrafiya sahəsindəki siyasət dövlətimizin sosial siyasətinin mühüm və başlıca tərkib hissəsi olmaqla, onun əsasını təşkil edir. Ölkəmizdə ölüm səviyyəsinin azaldılması, əhalinin sağlamlığının və həyatının yaxşılaşdırılması hesabına uzunömürlülük, nikah və boşanma proseslərinin, bütünlükdə, cəmiyyətin və ayrılıqda hər bir ailənin mənafeyinə uyğun tərzdə nizamlanması, ictimai tərəqqinin yaxın və uzaq gələcəyə perspektivlərinin nəzərə alınması və digər amillər ölkəmizdə demoqrafiyanın inkişafına təsirsiz ötüşməyib. Əhalisinin sayı hər il sabit şəkildə artaraq 10 milyonu ötən ölkəmizdə dayanıqlı sosial-iqtisadi tərəqqi, sosial siyasət davamlı xarakter almaqla demoqrafik inkişafa təkan verir. Dövlət başçısının vurğuladığı kimi, "Azərbaycan müstəqilliyə qovuşanda əhalimiz 7 milyondan bir qədər çox idisə, bu gün 10 milyondan çoxdur. Bu, təbii olaraq tələb edir ki, iş yerlərinin açılması prosesi daimi xarakter alsın. Eyni zamanda, biz işsizliklə bağlı mübarizədə də ciddi addımlar atırıq, ödənişli sosial işlərin yaradılması da geniş vüsət almışdır. Hər rayon üzrə kvota var". Cənab İlham Əliyev bəzi iradlarını da diqqətə çatdırıb: "Əfsuslar olsun ki, bəzi rayonlarda bu işlərə cəlb ediləcək insanlar işlərə cəlb olunmamış, əksinə, onlara çatacaq vəsait rayon icra başçıları və digər məsul şəxslər tərəfindən mənimsənilmişdir. "Dövlət başçısı bir neçə keçmiş icra başçısı cinayət məsuliyyətinə cəlb edildiyini və "heç kim qanundan üstün ola bilməz" - deyə bildirib: "Mən bütün icra başçılarını vəzifəyə təyin edərkən göstərişlərimdən biri o idi ki, korrupsiyaya, rüşvətxorluğa qarşı biz amansız mübarizə aparmalıyıq və icra başçıları burada nümunə olmalıdırlar. Əfsuslar olsun ki, bəziləri əyri yolla gediblər və bu gün bunun acısını çəkirlər. Bu, hər bir dövlət məmuru üçün dərs olmalıdır". Əlbəttə ki, vətəndaşlara xidmət ən məsuliyyətli işdir. Cənab Prezident İlham Əliyev dövlət məmurlarının xalqa xidmətini, korrupsiya və rüşvətxorluğa qarşı bundan sonra da kəskin mübarizə aparılacağını diqqətə çəkib. "Hər bir rayonda, hər bir yerdə müasir idarəetmə qaydaları tətbiq olunarsa, bir çox problemlər aradan qaldırılacaq" - deyən Prezident dövlətin siyasətinin bundan ibarət olduğunu bildirib: "Mən hər zaman Azərbaycan dövlətinin siyasətini birmənalı şəkildə ifadə edirdim, bunu ictimaiyyətə təqdim edirdim. Mənim bir çox çıxışlarım ictimaiyyət qarşısında hesabat xarakterli çıxışlardır və eyni zamanda, bütün dövlət məmurlarına, o cümlədən sahibkarlara dediyim sözlər hesab edirəm ki, əsas olmalıdır". Bu, onu göstərir ki, yerli icra orqanları məhz xalqın yanında olmalı, onların problemlərinin həllində lazımi köməkliyi etməli, dəstək olmalıdırlar. Dövlət başçısının çıxışında yeni təyin olunmuş rayon icra başçılarına tapşırıq və göstərişləri hər kəs üçün nümunədir.
Azər Süleymanov
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB