Son illər Azərbaycanda aparılan uğurlu islahatlar, quruculuq işləri, iqtisadiyyatda baş verən irəliləyişlər, qeyri-neft sektorunun inkişafı müsbət nəticələrə gətirib çıxarıb. Regionların sosial-iqtisadi inkişafı, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilib. Dövlət siyasətinin əsas istiqamətlərindən biri də elm və təhsil sahəsinə göstərilən qayğının ardıcıl davam etdirilməsidir. Belə ki, elmi-texniki potensialın qorunub saxlanılması, elm və təhsil sahəsində yüksəkixtisaslı kadrların hazırlanması, onlara qayğı göstərilməsi, cəmiyyətdə elmi işçilərin nüfuzunun artırılması sahəsində bir sıra mühüm qərarlar bu sahədə görülən işlərin davamlığına dəlalət edir. Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Elm və Təhsil Nazirliyinin yaradılması bu sahədə yeni bir mərhələdir. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Fərmanına əsasən, elm və təhsilin qarşılıqlı əlaqəsinin möhkəmləndirilməsi və bu sahələrdə idarəetmənin təkmilləşdirilməsi məqsədilə Təhsil Nazirliyinin adı dəyişdirilərək Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi adlandırılıb. Elm sahəsində dövlət siyasətinin və tənzimlənmənin həyata keçirilməsi, elmi müəssisə və təşkilatların elmi fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi ilə bağlı səlahiyyətlər nazirliyə həvalə edilib. Azərbaycan Milli Elmlər Akademiyasının bir sıra elmi müəssisə və təşkilatları yeni yaradılan Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib. Belə ki, Azərbaycan Milli Elmlər Akademiyasının büdcədən maliyyələşdirilən Fizika İnstitutu, Riyaziyyat və Mexanika İnstitutu, İdarəetmə Sistemləri İnstitutu, Radiasiya Problemləri İnstitutu, İnformasiya Texnologiyaları İnstitutu və digər elmi müəssisələri nazirliyin tabeliyinə verilib. Nazirliyin yanında iki yeni agentlik yaradılıb - Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi. Bu agentliklərin yaradılması elm və təhsilin idarəedilməsinin optimallaşdırılmasına xidmət edir. Onu da qeyd edək ki, Fərmana əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyi, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi və Hüseyn Cavidin Ev Muzeyi əmlakları ilə birlikdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin tabeliyinə verilib. AMEA bir sıra humanitar yönümlü elmi müəssisələri ilə öz fəaliyyətini yeni inkişaf prioritetləri ilə davam etdirəcək. Müasir dövrün çağırışlarına uyğun olaraq, elm və təhsilin səmərəliliyinin daha da artırılması, ölkənin digər elm müəssisələrində və ali məktəblərində aparılan fundamental və tətbiqi araşdırmaların əlaqələndirilməsi, onların nəticələrinin sosial-iqtisadi və digər sahələrdə tətbiqi önəmli məsələlərdəndir. Dövrün tələbinə uyğun olaraq həyata keçirilən tədbirlər, dövlət başçısı tərəfindən imzalanan sərəncam və fərmanlar elmin və təhsilin inkişafında müstəsnadır.
Əlbəttə ki, elm sahəsində dövlət siyasətinin həyata keçirilməsi, elmi müəssisə və təşkilatların fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi ilə bağlı səlahiyyətlərin Elm və Təhsil Nazirliyinə həvalə edilməsi müasir tələblərə uyğun inkişaf strategiyasının və təşkilati strukturunun formalaşdırılmasını tələb edir.
Sözügedən Fərman Azərbaycanda elm və təhsilin inteqrasiyasına, intellektual potensialın daha da artırılmasına öz töhfəsini verəcəkdir.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB