Mən bir şəhid atası olaraq 2022-ci il iyulun 25-də Azərbaycan Prezidenti İlham Əliyevin 3 rayona yeni icra başçısı təyin edərkən dediyi sözlərdən həm kövrəldim, həm də qürur hissləri yaşadım. Prezident onların görməli işləri barədə tövsiyə və tapşırıqlarını verməklə bərabər, şəhid ailələrinə və qazilərə xüsusi diqqət göstərilməli olduğu barədə də tapşırıq verdi. Dövlət başçısı dövlət tərəfindən bu kateqoriyadan olan insanlara hər cür diqqətin daim göstərildiyini, İkinci Qarabağ müharibəsindən əvvəl və İkinci Qarabağ müharibəsindən sonra şəhid ailələrinin daim diqqət mərkəzində olduğunu, onların problemlərinin dövlət xətti ilə həll olunduğunu, 12 min 500-dən çox şəhid ailəsinə mənzil və fərdi evlər verildiyini, Prezidentin özünün şəhid ailələri, müharibə əlilləri ilə çoxsaylı görüşləri olduğunu, onlara minlərlə minik maşınları verildiyini, bu prosesin bu gün də davam etdirildiyini, Bakı, Sumqayıt və Abşeron rayonlarında şəhid ailələrinin evlə təminatı məsələləri artıq yekunlaşmaq üzrə olduğunu, digər rayonlarda da dövlət xətti ilə bu iş görüləcəyini, onların işlə təmin olunması üçün çoxsaylı tədbirlər həyata keçirildiyini, yəni, dövlətin öz üzərinə düşən vəzifəni icra etdiyini bildirdi. Ölkə başcısı “Əsas odur ki, yerlərdə də bu kateqoriyadan olan insanlara diqqət göstərilsin. Rayon icra orqanlarının nümayəndələri onlara biganə qalmasınlar, əksinə, daim onların yaşayışı ilə maraqlansınlar, onların məşğulluğu ilə maraqlansınlar”, - deyərək növbəti tapşırığını verdi. Prezident yeni icra başçılarına deməklə bütün dövlət məmurlarına eşitdirdi ki, “Biz bu Qələbəni onlara - şəhidlərimizə, müharibə əlillərinə, müharibə iştirakçılarına borcluyuq”.
Bunun səbəbini isə Prezident belə izah etdi: “Əlbəttə, dövlət qətiyyət göstərdi, biz öz iradəmizi ortaya qoyduq, heç nəyə baxmadan, heç kimdən çəkinmədən, “öldü var, döndü yoxdur” deyərək torpaqlarımızı azad etdik. Bu, dövlət siyasətidir və dövlətin gücüdür, vətəndaşlarımızın həmrəyliyidir. Amma onu da heç kəs unutmamalıdır ki, azad edilmiş torpaqlarımıza bayrağımızı sancan bizim qəhrəman əsgər və zabitlərimiz olub. Onlar öz canlarını fəda edib, onlar sağlamlığını itirib, onlar heç nəyə baxmadan, heç nədən qorxmadan ölümə gedərək Vətənimizi işğalçılardan xilas ediblər”. Daha sonra isə Prezident “hər bir kəs, o cümlədən də dövlət məmurları gərək onlara arxa, dayaq olsun, ona görə ki, bu, hər bir dövlət məmurunun, nəinki dövlət məmurunun, hər bir insanın borcudur. Mən Prezident kimi daim onların problemləri ilə maraqlanıram, bu problemləri həll edirəm, daim onlarla bir yerdəyəm. Hər bir dövlət məmuru da, bax, eyni hərəkətlər etməlidir”, - deyə bu məsələdə qətiyyətli mövqe ortaya qoydu.
VİDADİ TEYYUBLU
Qaradağ rayonunun Qızıldaş qəsəbəsi, şəhid Teyyublu Çərkəzin atası
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB