İnformasiya özbaşınalığı – qarşısı necə alınmalı? ANALİTİK+AKTUAL

İnformasiya özbaşınalığı – qarşısı necə alınmalı? ANALİTİK+AKTUAL

Sosial şəbəkələrin, habelə sayt və internet “TV”lərin müsbət halda verə biləcəkləri fəaliyyət prinsipləri qalır bir kənarda, mənfi siqnallar məhz qorxu, yalan, böhtan, şər üzərindən qurularaq piramidalaşır, auditoriyanın şüuraltı hiss nöqtələrinə sızdırılır

Son dövrlər, xüsusilə 44 günlük İkinci Qarabağ müharibəsindən sonra istər bəzi ölkə KİV-lərində, istərsə də sosial mediada ardıcıl olaraq ictimai rəyi çaşqınlığa doğru sürükləyən dezinformasiya xarakterli məlumatların tirajlanması faktları artmağa başlayıb. Bu arzuolunmaz fakt həm də onu göstərir ki, yalnız media sahəsi deyil, həm də internet məkanında mövcud olan yüz minlərlə istifadəçilər bu və ya digər şəkildə istədikləri, yaxud sifariş aldıqları tərzdə qeyri-ciddi, bəzən isə təhlükəli informasiyalarını izləyici auditoriyalarına sırıyırlar. Hətta istənilən şəxsin sayt açması qalsın bir yana, hər bir fərd ayrıca olaraq özünə internet resurslarında onlara rahat imkan yaradan şəkildə “TV”-lər açıb, dırnaqrarası fəaliyyətlərini cəmiyyətin şüur altına sızdırırlar. Yalan, böhtan, şantaj, qisas və s. tipli amillərin isə bütövlükdə dövlətin informasiya məkanına nə qədər ciddi təhlükələr yaratması faktlarına isə demək olar ki, çoxları vara bilmirlər. Üstəlik, cəzasızlıq mühiti bu kimi məsələlərin yağışdan sonra çıxan göbələklər kimi artmasına şəraitlər yaradır. Məsələn, götürək Facebook sosial şəbəkəsini – bu istiqamətdə baş verən özbaşınalıq halları məhz cəzasızlıq reallığından irəli gəlməkdədir. Ölkədəki ictimai-siyasi sabitliyi pozmağa yönəlmiş qanunsuz çağırışlardan tutmuş milli-mənəvi dəyərlərimizin ayaq altına atılaraq tapdanmasına qədər baş verən yüzlərlə dəlillər də deyilənləri kifayət qədər isbatlamaqdadır.

Beləliklə, Azərbaycanda azad söz, azad ifadə amili dezinformasiya xaosu ilə dəyişik salınır və eyni zamanda, sağlam düşüncəli cəmiyyətin beyni yuyularaq onun yerinə sanki aqressiya xarakteristikası yazılır

Müvafiq hüquq-mühafizə qurumları misal üçün, qanunsuz küçə yürüşünə səslənişini Facebook sosial şəbəkəsi üzərindən edən şəxsi qanuna riayət etməyə dəvət edərkən həmin şəxs və əlbəttə ki, onun ölkədaxili-ölkəxarici sifarişçiləri dərhal haraya qaldırılar ki, sən demə, “Azərbaycanda söz azadlığı boğulurmuş” (?!) Məhz bu kimi incə məqamların araşdırılması zamanı digər nüanslar da üzə çıxır və bəri başdan qeyd edək ki, bununla bağlı olan çoxsaylı qanunların işlək vəziyyətə gətirilməsi üçün qətiyyətli addımlar atmağın, qərarlar qəbul etməyin tam zamanıdır. Çünki hər şeyə rəğmən, bu haqda qanunlarımız mövcuddur, sadəcə onların tətbiqi nədənsə gecikdirilir, ya da ümumiyyətlə istifadə olunmur...

Məsələ yalnız Facebook-la da başa çatmır. Daha bir paralelliyi Tik-Tok sosial şəbəkəsi təşkil edir. Etiraf edək ki, nədənsə bu şəbəkədə intellektualıq prinsipi daha qaba, daha kobud mənbələrə söykənir. Bu şəbəkədə olan insanların əksər çoxluğu (ölkəmizdəki istifadəçilər nəzərdə tutulur-R.R.) heç bir müsbət cəhəti qəbul etməyərək açıq-aşkar milli intellekt dəyərlərini deqradasiyaya uğradırlar.

YouTube kanalları vasitəsi ilə də milli istifadəçilərimiz daha çox qeyri-ciddi informasiyalara meyillənir, həmçinin bu şəbəkə üzərindən də yayılan dezinformasiyalar birbaşa insan beyinlərinin yuyulmasına hesablanır.

Bir sözlə, təqdim olunan sosial şəbəkələrin, habelə sayt və internet “TV”lərin müsbət halda verə biləcəkləri fəaliyyət prinsipləri qalır bir kənarda, mənfi siqnallar məhz qorxu, yalan, böhtan, şər üzərindən qurularaq piramidalaşır, auditoriyanın şüuraltı hiss nöqtələrinə sızdırılır

Artıq tam qənaətə gələ bilərik ki, çoxsaylı saytlarla yanaşı, sosial media Azərbaycan cəmiyyətinin ümumi mədəniyyət prizmasının təməllərini dağıtmağa başlayıb. Bu problemlərin mövcudluğu isə yuxarıda da qeyd olunduğu kimi, CİDDİ TƏHLÜKƏDİR!

Bütün bunlardan nəticə hasil edərək onu da deyə bilərik ki, Azərbaycanda fəaliyyət göstərən müvafiq güc və hüquq-mühafizə strukturlarının, habelə rabitə, informasiya və yüksək texnologiyaları ilə məşğul olan dövlət qurumlarının daha qətiyyətli addımlar atmaları üçün tələblər artmağa başlayıb. Biz ən azından qardaş Türkiyənin metod və vasitələrindən istifadə etməklə qarşıya çıxan problemləri həll edə bilərik. Belə ki, Türkiyədə mövcud olan problemlər necə deyərlər, 2+2 xarakterində həll edilir – qanunları pozanların akkauntları dərhal bağlanır!

Sual yaranır: Bəs mübarizə üsullarını daha hansı istiqamətdə yönəltmək olar?

Təbii ki, mübarizə vasitələrini kor-koranə də aparmaq olmaz. Məlumdur ki, əgər hər hansı dezinformasiya şəbəkəyə daxil olursa, artıq onun həmin şəbəkədən çıxması qeyri-mümkünlüyə çevrilir, yəni sürətli paylaşım işə salınır. Özü də bir şəbəkədən digər fərqli şəbəkəyə paylaşmaq da hazırkı dövrdə çox asan bir məsələdir. Lakin bildiyimiz kimi, müvafiq strukturlarımız da hazırkı dövrə qədər boş dayanmayıblar və dəfələrlə informasiya təhlükəsizliyinə rəvac olan tərəfləri ifşa ediblər, amma bu mübarizə üsulu bu da bəs etmir. Məsələn, deyə bilərik ki, sosial media KİV-ləri üstələməyə başlayıb və hətta KİV-lər əsas informasiyalarını sosial medialardan götürürlər bu isə həqiqətən ciddi təhlükə siqnalıdır. KİV haqqında yeni qanun da mövcuddur, amma bu qanunun tam sürətlə işə salınması artıq bir tələbdir!

Zərurətdən doğan qəti təkliflər...

Bu günlərdə bir sıra sayt və sosial media rəhbərlərinin Baş Prokurorluğa dəvət edilmələri, onlara müəyyən izahların verilməsi, üstəlik bir neçə nəfərin qanunun verdiyi imkanlar qarşılığında həbs olunması, artıq belə düşünməyə imkan verir ki, dövlət baş verən özbaşınalıqların qarşısını almaq üçün daha ciddi işə başlayıb. Beləliklə, qanunlarımız var, qalır onları icra etməyə və bu işdə də vətəndaş nəzarəti, ictimai nəzarət prinsipləri işə salınmalıdır. Dövlət, milli-əxlaqi və mənəvi dəyərlərə xələl vurula biləcək istənilən informasiya barədə müvafiq strukturlara məlumatlar verilməli və onu istehsal edən, yayan şəxslər qanunun qarşısına çıxarılmalıdırlar!

Hətta təklif etmək olar ki, informasiya siyasətinə də yeni səhifə açılsın və bu siyasətə yenidən baxılsın. Misal üçün, Baş Prokurorluğa, məhkəmələrə mövcud xaosla mübarizə aparmaq üçün daha geniş məkanlar verilsin. Bunu isə etmək çox asan bir məsələdir.

Biz unutmamalıyıq ki, ölkə Prezidenti İlham Əliyev ölkəmizə olan xarici təhdidlərlə bağlı son çıxışlarının birində xüsusilə vurğulamışdı ki, artıq hüquq və güc dövrü gəlib və mövcud problemlərin aradan qaldırılması, gələcək təhlükələrin məhv edilməsi, yuvasındaca boğulması üçün həmin reallıqdan çıxış etmək zərurəti göz önündədir!

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə