Dövlət başçısının Sərəncamı ilə Nizami rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsinə 3,0 (üç) milyon manat ayrılıb
Bəşəriyyət daim inkişaf edir, texnologiyalar təkmilləşir, görülən işlərin hər biri insanların rahat, firavan, sağlam həyat sürməsinə yönəldilib. Azərbaycanda yol infrastrukturuna ayrılan diqqət ölkəmizə müasir görkəm verməklə yanaşı, üzləşdiyimiz nəqliyyat axınında sıxlığın azaldılmasında da mühüm rol oynayır. Beynəlxalq tələblər səviyyəsində qurulan yollar, inşa olunan yeni körpülər, tunellər əlbəttə ki, piyadaların və sürücülərin rahat hərəkətində önəmli faktordur. Bu gün avtomobil yollarının tikintisi və yenidən qurulması işlərinin həcmi ilbəil artır. Yol infrastrukturunun müasir tələblər səviyyəsində qurulması prioritet vəzifələrdəndir. Son illərdə regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurla icrası nəticəsində ölkəmizdə magistral, respublika və yerli əhəmiyyətli avtomobil yolları əsaslı şəkildə yenidən qurulub.
Azərbaycan Prezidentinin çıxışlarının birində bildirdiyi kimi, "Mən dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, siyasətimizin təməlində Azərbaycan vətəndaşının maraqları dayanır. Eyni zamanda, bizim əsas strateji məqsədimiz, hədəfimiz ölkəmizi daha da gücləndirməkdir, Azərbaycan dövlətinin qüdrətini artırmaqdır, müstəqilliyimizi möhkəmləndirməkdir".
Azərbaycan bütün dünyada olduğu kimi, pandemiya ilə mübarizə aparmasına, eləcə də 44 günlük Vətən müharibəsi yaşamasına baxmayaraq, sosial layihələri davamlı olaraq həyata keçirir. Qarşıya qoyulan vəzifələrin uğurlu icrası sayəsində respublikamızın bütün bölgələrinin siması tamamilə dəyişmiş, rayonların ucqar kəndləri belə qazlaşdırılıb, yaşayış məntəqələri içməli su ilə təmin olunub və demək olar ki, şəhərlə kənd arasındakı fərq aradan qaldırılıb.
Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlar ölkədə yol infrastrukturunun təzələnməsini daha da sürətləndirir. Həmin yollar hesabına təbii ki, regionların iqtisadi potensialı da yüksəlir.
Son günlər yol infrastrukturu ilə bağlı Cənab Prezidentin imzaladığı sərəncamlar diqqət çəkəndir. Azərbaycan Prezidenti İlham Əliyev "Ağstafa rayonunun Ağstafa - Poylu - Gürcüstanla dövlət sərhədi (11 km) – Qıraq Kəsəmən avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalamışdır. Sərəncama əsasən, dörd min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Ağstafa – Poylu –Gürcüstanla dövlət sərhədi (11 km)–Qıraq Kəsəmən avtomobil yolunun tikintisi məqsədilə dövlət büdcəsindən 2,1 milyon (iki milyon bir yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb. Dövlət başçısının digər Sərəncamı ilə dörd min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Məmmədabad – Genişkənd avtomobil yolunun tikintisi məqsədilə dövlət büdcəsindən 1,0 (bir) milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrıldı. Daha sonra dövlət başçısının "Bakı şəhərinin Pirallahı rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Sərəncamına əsasən, Bakı şəhərinin Pirallahı rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə dövlət büdcəsindən 1,0 (bir) milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrıldı. Görülən işlərin davamı olaraq Azərbaycan Prezidenti İlham Əliyev "Abşeron rayonunun Bakı – Şamaxı – Yevlax (18 km) – Aşağı Güzdək avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında" Sərəncam imzaladı. Sərəncama əsasən, Bakı – Şamaxı – Yevlax (18 km) – Aşağı Güzdək avtomobil yolunun tikintisi məqsədilə "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.26.18-ci yarımbəndində göstərilmiş məbləğin 1,4 milyon (bir milyon dörd yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Bu günlərdə isə Bakı şəhərinin Sabunçu rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı bu sahəyə ayrılan diqqətin nümunəsidir. Sərəncama əsasən, Bakı şəhəri Sabunçu rayonunun Bakıxanov, Kürdəxanı, Maştağa, Ramana və Sabunçu qəsəbələri ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.26.18-ci yarımbəndində göstərilmiş məbləğin 7,5 milyon (yeddi milyon beş yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Qeyd olunan Sərəncamdan bir gün sonra isə dövlət başçısı iyulun 28-də avtomobil yollarının yenidən qurulması ilə bağlı daha bir Sərəncam imzalayıb. Sərəncama əsasən, Bakı şəhərinin Nizami rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.26.18-ci yarımbəndində göstərilmiş məbləğin 3,0 (üç) milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb. Göründüyü kimi, ölkəmizdə magistral, respublika və yerli əhəmiyyətli avtomobil yolları əsaslı şəkildə yenidən qurulur ki, bu da ölkəmizin getdikcə artan iqtisadi gücünün göstəricisidir.
Zümrüd BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB