Repetitorluqla bağlı təbilin çalınma zamanıdır? TƏHLİL

Repetitorluqla bağlı təbilin çalınma zamanıdır? TƏHLİL

Azərbaycanda dövlət təhsilin inkişafına xüsusi önəm verir. Məhz bu diqqət və qayğının fonunda təhsilin keyfiyyətinin artırılması, həmçinin, bu yöndə müxtəlif dövlət və beynəlxalq əhəmiyyətli layihələrin həyata keçirilməsi birbaşa cəmiyyətimizin elmi səviyyəsinin və təfəkkürünün inkişafına xidmət edir. Ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlar nəticəsində, ölkənin imkanları artdıqca, dövlət əldə olunan gəlirləri milli-intellektual potensialı reallaşdırmağa yönəldir. Azərbaycan Prezidenti Cənab İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövr ərzində, təhsilin inkişafı ilə bağlı qarşıya qoyulmuş hədəflər uğurla yerinə yetirilib. Qəbul olunmuş dövlət proqramları, layihələr, aparılan islahatlar təhsil müəssisələrinin maddi-texniki və tədris bazasının möhkəmləndirilməsində mühüm rol oynayıb. Belə ki, məktəblərdə əsaslı təmir-tikinti işlərinin aparılması, müasir tipli yeni təhsil ocaqlarının tikilib istifadəyə verilməsi regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarında öz əksini tapıb. Eyni zamanda, "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin avadanlıqlarla təmin olunmasına dair İnkişaf Proqramı" bu sahədə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini təmin edib. Respublikanın şəhər və rayonlarında 3200-dən çox məktəbdə tikinti, əsaslı təmir-bərpa və yenidənqurma işləri uğurla aparılıb. Bunun nəticəsində təxminən 1 milyondan artıq şagirdin təhsil şəraiti yaxşılaşıb, birnövbəli tədris sisteminin tətbiq edildiyi məktəblərin sayı əhəmiyyətli dərəcədə artıb. Dövlət başçısının yüksək diqqəti əsasında atılan addımlar, icra edilən dövlət proqramları təhsil sistemində keyfiyyətcə yeni inkişaf meyillərinin əldə edilməsinə və yüksək nəticələrin qazanılmasına xidmət edir. Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan təhsilinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər gənclərimizin savadlı, rəqabətəqabil, həm də əsl vətəndaş kimi yetişməsinə yönəldilib. Əlbəttə ki, müasir dövrdə ölkələrin inkişaf konsepsiyasını təhsil müəyyənləşdirir. Bu baxımdan, müasir təhsil sisteminin yeni çağırışlara cavab verməsi əsas amildir.

VƏTƏNDAŞLARIN SAVAD ALMALARI ÜÇÜN BƏRABƏR İMKANLAR YARADILIB

Təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi xeyli dərəcədə genişlənib. Hazırda təhsilin maddi-texniki bazasının təkmilləşdirilməsi, müasir standartlara cavab verən yeni məktəblərin tikilməsi davam etməkdədir.
Məktəblərdə şagirdlər 1-ci sinifdən 11-ci sinif də daxil olmaqla pulsuz olaraq dərs vəsaitləri ilə təmin olunurlar. Bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin təşəbbüsü ilə ilk dəfə olaraq ucqar kəndlərdə az şagird kontingentli qəzalı məktəblərin yeni binalarla əvəz edilməsi çərçivəsində modul tipli məktəblər də quraşdırılıb. Ölkəmizdə təhsilin inkişafına göstərilən diqqət və qayğı təsdiqləyir ki, bu mühüm amil dövlət siyasətinin əsas prinsiplərini təşkil edir. Bütün bu və ya digər amillər şagirdlərin yüksək təhsilə yiyələnməsinə istiqamətlənib və nəticə etibari ilə Azərbaycanda savadlılıq səviyyəsi 100 faizə yaxındır. Demək, insanların savad almaları üçün bərabər imkanlar yaradılıb və hər kəs ölkəmizdə pulsuz təhsil almaq hüququna malikdir.

MƏKTƏBLƏRDƏ VƏZİYYƏT: REPETİTORSUZ KEÇİNMƏK MÜŞKÜLƏ ÇEVRİLİB

Belə olduğu halda görəsən, şagirdlərin əlavə olaraq pullu təhsil almalarına ehtiyac duyulurmu? Belə ki, müasir dünyamızda repetitorlara nə dərəcədə ehtiyac var? Əvvəlcə diqqəti elə sözün leksik mənası üzərinə çəkək. Şagirdə verilmiş ev tapşırığını yerinə yetirməyə kömək edən müəllim, yaxud şagird və ya tələbəni imtahana hazırlaşdıran şəxs. Bəzi mənbələrdə isə göstərilir ki, "repetitor" latın sözü olub "təkrar edən şəxs", "ev müəllimi" deməkdir. Tarixilik baxımından Azərbaycanda repetitorluq ənənəsinin XIX əsrə təsadüf etdiyi göstərilir. Həmin zamanda yüksək mənsəb sahibləri öz uşaqlarına əsasən, xaricdə təhsil almış, bir neçə əcnəbi dili bilən, pedaqoji təcrübəsi olan mürəbbiyələr tuturdular. Onlar uşaqlara yazıb oxumaqla yanaşı, musiqi, rəqs, xarici dil, davranış qaydaları, süfrə mədəniyyəti və s. etik normaları öyrədirdilər.
Bəs bu günün repetitorları kimlərdir? Əsasən, orta ümumtəhsil məktəblərində dərs verən müəllimlər. O müəllimlər ki, parta arxasında oturan şagirdlərə 45 dəqiqə ərzində nəzərdə tutulmuş dərs proqramı əsasında dərs verir. Nədənsə, valideynlər bunu qənaətbəxş hesab etmir və sinifdən kənar övladına əlavə olaraq müəllim tutur. Günümüzün reallığı elə bir mənzərə yaradıb ki, repetitorsuz keçinmək müşkülə çevrilib. Əksər valideynlər demək olar ki, övladı 7-ci sinfə çatar-çatmaz repetitor axtarmağa başlayır.(Hətta ibtidai siniflərdən belə başlayaraq) Nə baş verir? Ümumtəhsil məktəbdə dərs alan şagird məktəbdən yayınır və nəticə etibarı ilə yeniyetmə məktəbdə müxtəlif fənlər ətrafında ümumi biliklərə yiyələnmək əvəzinə, fərdi qaydada bir neçə fənni (gələcəkdə imtahan verəcək) mükəmməl öyrənməyə başlayır. Onu da qeyd edək ki, bəzi hallarda valideynlər sinifdə müəllimin yaxşı dərs keçmədiyini qeyd edirlər. Əgər müəllim sinifdə o biliyi verə bilmirsə, repetitor kimi necə verir? Onda belə bir sual ortaya çıxır. Bəlkə, müəllim qəsdən elə bir mühit formalaşdırır ki, şagird əlavə olaraq pul ödəyib repetitor (elə onun özünün) yanına getsin. O zaman burada müəllimin marağı faktoru dayanır.

İDRAKI FƏALLIĞIN VƏ MƏNTİQİ TƏFƏKKÜRÜN FORMALAŞDIĞI MƏKANDAN UZAQ DÜŞMÜŞÜK

Bildiyimiz kimi, Azərbaycanda ümumi orta məktəb təhsili üç pillədən - ibtidai, ümumi orta və tam orta təhsildən ibarətdir. İbtidai təhsilin məqsədi uşaqlarda oxumaq, yazmaq və hesablama qabiliyyəti yaratmaq, onlarda insan, cəmiyyət və təbiət haqqında ilkin həyati biliklər, məntiqi təfəkkür elementləri, estetik, bədii zövq və digər xüsusiyyətləri formalaşdırmaqdan ibarətdir. Ümumi orta təhsilin məqsədi şagirdlərdə şifahi nitq və yazı mədəniyyətinin, ünsiyyət bacarığının, idrakı fəallığın və məntiqi təfəkkürün formalaşmasını, təhsil proqramına (kurikulumuna) daxil olan fənlər üzrə və eləcə də dünya sivilizasiyasının inkişafı haqqında müvafiq bilik və təsəvvürlərin yaradılmasını, müasir informasiya-kommunikasiya vasitələrindən istifadə etmək qabiliyyətini, hadisələri qiymətləndirmək və öz gələcək fəaliyyət istiqamətini müəyyənləşdirmək bacarığını və s. təmin edir. Tam orta təhsil pilləsində isə şagirdlərin istedad və qabiliyyətinin reallaşdırılması, onların müstəqil həyata və peşəseçməyə hazırlanması, fəal vətəndaş mövqeyinin formalaşdırılması, milli və ümumbəşəri dəyərlərə, insan hüquq və azadlıqlarına hörmətlə yanaşması və tolerantlığı, xarici dillərdən birində, yaxud bir neçəsində ünsiyyət saxlaması və s. təmin olunur. Demək, tam orta təhsil ümumi orta məktəb təhsilinin hər üç pilləsini əhatə edən təhsil proqramlarının tam mənimsənilməsi məntiqə söykənir. Əgər biz cəmiyyətə yetkin, savadlı gənclər ordusunu yetişdiririksə, onda məktəbli 1-ci sinifdən 11-ci sinif daxil olmaqla tədris olunan materialları mənimsəməlidir. Əks halda, bütün elm sahələrinə açılan yolu, qoyulacaq təməlin məktəb partası arxasında başlandığını unutmamalıyıq. Unutmamalıyıq ki, fərdi təhsil arxasınca qaçan şagird digər fənnlərə qarşı biganəlik göstərər və nəticə etibarilə digər elm sahələrində xəbərsiz olaraq həyata vəsiqə alır.

ÜMUMİ ORTA TƏHSİL, YOXSA FƏRDİ TƏHSİL?

Əlbəttə ki, əlavə təhsil şagirdlərə əlavə yük və valideynə əlavə xərc deməkdir. Tutaq ki, bir valideyn övladını bir fənn üzrə repetitorun yanına qoyursa, aylıq ən azı 80 manat ödəməlidir. 3 və ya daha artıq repetitora ehtiyac duyularsa, onda 240-320 manat arasında pul ödəməlidir. Burada sual yaranır: təhsilimiz pulsuzdurmu? Etiraf edək ki, sovet təhsil sistemi dağıdıldan sonra repetitor xidmətindən istifadə olunmağa başlanıldı. Düzdür, sovet dövründə də bəzi şagirdlər repetitorlara yönəldilirdi. Amma demək olar ki, sinifdə olan 30-35 şagirddən yalnız biri repetitora müraciət edə bilərdi, yaxud heç təsadüf olunmazdı. Amma ali təhsil müəssisələrinə daxil olan abituriyentlər əyani şöbəyə hər fənn üzrə "5" bal almaqla, yəni dörd "5" qiyməti almaqla qəbul ounurdu. Təbii ki, attestat balı da nəzərə alınırdı və bu da "5" yaxud "4,5" olmalıydı. Demək, hər il müxtəlif fakültələrə əyani təhsil üzrə imtahan verən abituriyentlər ümumilikdə 25-24 bal toplamaqla tələbə adını qazanırdılar. Etiraf edək ki, bəzi istisnalar da var idi. Məsələn, ixtisas üzrə çox stajlılıq, yaxud əsgəri xidmət kimi müəyyən güzəştlər istisna deyildi. Hətta attestat balı "3", "3,5" olanların sənədləri belə qəbul olunmurdu. İndi gəlin görək bu günün məzunlarından ölkə üzrə nə qədər abuturiyet yüksək nəticə torplıyır? 25 bal toplamaq bizim indiki sistemlə 700 bal toplamaq deməkdir. Hər ixtisas üzrə onlarla məzun 25 bal toplayırdı. Bu günün reallığı isə tamamilə başqa bir mənzərə yaradır. Tutaq ki, 7-ci sinifdən hazırlığa gedən şagird sonda qəbul imtahanlarında bəzi hallarda 150-200 bal toplayır. Bu da başqa bir mövzudur. Belə bir balla ali məktəb tələbəsi adını qazanmaq nə dərəcədə düzgündür. Tutaq ki, 600-700 bal toplayanla 150-200 bal toplayan tələbə bir auditoriyada təhsil alır. Bu da məsələnin digər tərəfidir.
Qayıdaq yenə də repetitorluq məsələsinə. Evdə uşaqların təhsili ilə məşğul ola bilməyən valideynlər övladlarına aşağı sinifdən repetitor tuturlar. Əgər məktəblər pulsuz təhsil verirsə və təhsilalan üçün istənilən şərait yaradılıbsa, niyə repetitor? Təbii ki, hər bir valideynin bu gün arzusu övladını ali təhsilli görməkdir. Bu istək də repetitor məsələsini gündəmə gətirən amillərdəndir. Əgər sinifdə dərs verə bilməyən öyrədən, kənarda - evdə böyük istedada sahib olur? Valideynlərə övladını əlavə saatda öyrənməyə ehtiyac duyduğunu bildirən müəllimlər niyə siniflərdə uşaqlara yaxşı dərs vermirlər. Təhsilə ayrılan xərc gələcəyə qoyulan vəsaitdir. Dövlətimiz tərəfindən də bu vəsait lazımı qədər ayrılıb. Bəlkə, şagirdlərin dərsi lazımı səviyyədə mənimsəməsi dərs yükünün ağırlığı ilə bağlıdır. Yaxud, imtahan suallarının dərs proqramından əlavə olmasıdır? Sual doğuran məqamlar çoxdur.

MƏKTƏBLƏ SALINAN KÖRPÜDƏ UÇURUM

Gəlin repetitor yanına gedən məktəblinin durumuna nəzər salaq. Şagird artıq yavaş-yavaş məktəbdən soyuyur. Dərslərdən yayınır və belə desək, daha məktəb qapısını belə açmır və deyir ki, onsuz da məktəb mənə nə verir ki? Həm də vaxt məhdudiyyəti yaranır. Onu da qınamayaq, bəzi hallarda şagird vaxt bölgüsünü belə düzgün bölüşdürə bilmir. Zehni və fiziki yorğunluğa tab gətirmək də çətindir. Bununla da yeniyetmə ümumi fənlərdən kənarda qalır, düşüncə tərzi daralır. Bəzi şagirdlər əlavə olaraq həm də idmanla məşğul olur, xarici dil və kompüter kurslarına da gedirlər. Belə olan halda vəziyyət daha da gərginləşir.
Artıq demək olar ki, cəmiyyətimizdə bütün ailələrdə repetitorlara müraciət var. Ekspertlərin də fikrincə repetitor yanına getmək həm sağlamlıq, həm sosiallaşma, həm də ən əsası ailələrin büdcəsinə ziyanlıdır. Həm də o da vurğulanır ki, repetitorluq bir çox dünya ölkələrində olsa da, daha çox postsovet ölkələrini əhatə edir.
Əlbəttə ki, bütövlükdə cəmiyyətimiz özü bir qənaətə gəlməlidir. Əgər valideynin övladı məktəbdə günün 5-7 saatını dərs alırsa, əlavə niyə onu yükləməli və büdcəsindən pul ayırmalıdır. Belə bir qənaətə gəlmək olar ki, bu bəlanın – repetitorluğun qarşısının alınması istiqamətində həm dövlət, həm də ictimaiyyət tərəfindən ciddi işlər görülməlidir. Qeyd etdiyimiz kimi, məktəblinin məktəblə arasında olan körpüsünü dağıdır. Şagirdin hətta psixoloji gərginliyinə gətirib çıxarır: Ağır dərs yükü; İstirahətinin məhdudlaşdırılması; Şagirdlərin sosiallaşmasının qarşısının alınması və s.
Artıq repetitorluqla bağlı bir təbil çalınmalıdır. Ümumi təhsil, yoxsa fərdi qaydada təhsil?

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə